Yuliya Salehova: Qazaxıstan açıq bankçılıq təcrübəsini bölüşməyə hazırdır İqtisadiyyat

Yuliya Salehova: Qazaxıstan açıq bankçılıq təcrübəsini bölüşməyə hazırdır

Qazaxıstan açıq bankçılıq təcrübəsini region ölkələri ilə bölüşməyə hazırdır.

“APA-Economics” xəbər verir ki ki, bunu “Bakı Fintex Forum 2025”də çıxışı zamanı Qazaxıstan Ödəniş Təşkilatları Assosiasiyasının sədr müavini Yuliya Salehova deyib.

O, ölkəsində “açıq bankçılıq” sisteminin tətbiqi və “sandbox” təcrübəsi barədə çıxış edərək, regional əməkdaşlığın əhəmiyyətini vurğulayıb: “Ümid edirəm ki, bu təcrübəni gələcəkdə bölüşəcəyik”.

Onun sözlərinə görə, “sandbox” mühiti Qazaxıstanda yeni maliyyə texnologiyalarının və biznes modellərinin sınaqdan keçirilməsi üçün yaradılıb. Proses tənzimləyicinin ciddi nəzarəti altında məhdud sayda müştəri və əməliyyatla həyata keçirilir.

Salehova qeyd edib ki, hazırda ölkədə müəyyən açıq bankçılıq xidmətləri işə düşsə də, iri bankların sistemə qoşulmaması bu təşəbbüsün miqyaslanmasını çətinləşdirir: “Kiçik maliyyə təşkilatları üçün bu, inkişaf və yeni müştərilər qazanmaq imkanıdır. Amma böyük banklar rəqabət üstünlüyünü itirmək istəmədikləri üçün açıq sistemə maraq göstərmirlər.”

O əlavə edib ki, açıq bankçılığın inkişafı üçün əsas motivasiya müştəri yönümlü həllərin genişləndirilməsi və bazar iştirakçıları arasında inamın artırılmasıdır.