

Müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsi, onların quraşdırılması, idarə edilməsi və saxlanılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təmin ediləcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun layihəsi müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi, onların quraşdırılması və idarə olunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb, bu məqsədlə vahid səlahiyyətli qurumun müəyyən edilməsini nəzərdə tutur.
Qüvvədə olan qanunvericiliyə əsasən, Bakı şəhərinin inzibati ərazisində müntəzəm sərnişindaşıma xidmətlərini yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin yerlərinin müəyyənləşdirilməsi, onların quraşdırılması və idarə olunması Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin, Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, digər ərazilərdə zəruri olan infrastrukturun yaradılması işini təşkil etmək, həmçinin, sərnişin nəqliyyatı vasitələri üçün dayanacaqların yerləşdirilməsi sxemlərini təsdiq etmək və nəzarəti həyata keçirmək səlahiyyəti isə yerli icra hakimiyyəti başçılarının səlahiyyətindədir.
Qeyd edilib ki, müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsinin, onların quraşdırılmasının, idarə edilməsinin və saxlanılmasının vahid qurum tərəfindən təmin edilməsi bölgələrdə əhaliyə göstərilən sərnişindaşıma xidmətinin keyfiyyətinin artmasına, bu sahədə ölkə üzrə vahid standartların tətbiqinə xidmət edəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.