Qeyri neft-qaz sektorunda ÜDM istehsalı 3%-ə yaxın artıb İqtisadiyyat

Qeyri neft-qaz sektorunda ÜDM istehsalı 3%-ə yaxın artıb

2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 95 milyard 229,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,9 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 2,9 faiz artmışdır.

ÜDM istehsalının 34,2 faizi sənaye, 10,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,6 faizi tikinti, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 20,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 9300,3 manata bərabər olmuşdur.