Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi 970 mln. dolları ötüb İqtisadiyyat

Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsi 970 mln. dolları ötüb

Bu ilin ilk doqquz ayında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri 970,6 milyon ABŞ dolları təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Ötən ilin ilin eyni dövrünə nisbətdə dəyərdə 1,43% artım qeydə alınıb.

Yanvar-sentyabrda Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 5,2% payla qonşu ölkənin ticarət tərəfdaşları arasında Türkiyə, ABŞ, Rusiya, Çin və Qırğızıstandan sonra VI yeri tutub.

Gürcüstandan Azərbaycana 529,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da illik müqayisədə 2,6% azdır. Azərbaycan Gürcüstanın ixracında 10,3% payla qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Qırğızıstan, Qazaxıstan və Rusiyadan sonra IV yerdə qərarlaşıb.

Gürcüstanın Azərbaycandan idxalının həcmi isə ötən ilin eyni dövü ilə müqayisədə 6,4% artaraq 440,7 milyon ABŞ dollarına yüksəlib. Azərbaycan 3,3% payla qonşu ölkənin idxalında ABŞ, Türkiyə, Çin, Rusiya, Almaniya və Böyük Britaniyadan sonra VII əsas idxal tərəfdaşı olub.

Hesabat dövründə Gürcüstan xarici ölkələrlə 18,5 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb. Qonşu ölkənin ixracı 5,15 milyard ABŞ dolları, idxalı isə 13,3 milyard ABŞ dolları dəyərində olub.