Azərbaycan Böyük Britaniya ilə vergi məlumatlarının mübadiləsini müzakirə edib İqtisadiyyat

Azərbaycan Böyük Britaniya ilə vergi məlumatlarının mübadiləsini müzakirə edib

Azərbaycan və Böyük Britaniya arasında vergi məlumatlarının mübadiləsi müzakirə edilib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir.

Məlumata görə, qurumda Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyasının (HMRC) nümayəndə heyəti ilə görüş keçirilib. Səfər "Sərhədsiz Vergi Müfəttişləri" layihəsi çərçivəsində baş tutub.

DVX-nin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin təşkil etdiyi görüşdə yerli vergi orqanlarının nümayəndələri də iştirak ediblər. Tədbirdə vergi tətbiqi və nəzarəti sahəsində praktiki məsələlər, qlobal vergi siyasətinə uyğunluğun təmin olunmasına yönəlmiş strategiyalar, eləcə də vergi məlumatlarının mübadiləsi və risk əsaslı yanaşmaların təkmilləşdirilməsi məsələləri müzakirə edilib.

"Sərhədsiz Vergi Müfəttişləri" layihəsi vergi inzibatçılığı sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Layihə çərçivəsində ölkələr arasında vergi idarəçiliyi təcrübələrinin mübadiləsi, birgə təlimlərin təşkili, qabaqcıl metodologiyaların tətbiqi, vergi prosedurlarının inteqrasiyası və beynəlxalq vergi standartlarının reallaşdırılması üçün praktik fəaliyyətlər həyata keçirilir.