Abşeron yatağı neft və qaz hasilatında artımın əsas mənbəyi olacaq İqtisadiyyat

Abşeron yatağı neft və qaz hasilatında artımın əsas mənbəyi olacaq

Abşeron yatağı 2029-cu ildə neft və qaz hasilatında artımın əsas mənbəyi olacaq.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Beləliklə, 2029-cu ildən etibarən Azərbaycan üzrə neft və qaz hasilatında artım gözlənilir.

Artımın əsas mənbəyi Abşeron qaz-kondensat yatağının tam miqyaslı işlənməsi olacaq.

Proqnozlara görə, 2025-ci ildə ölkə üzrə neft hasilatı 28,6 milyon tondan 2026-cı ildə 27,6 milyon tona, 2027-ci ildə 27,1 milyon tona, 2028-ci ildə isə 26,6 milyon tona kimi azalacaq. Abşeron yatağının ikinci mərhələsinin istismara verilməsi isə 2029-cu ildə neft hasilatını 27,4 milyon tona yüksəldəcək. Bu isə 2028-ci illə müqayisədə 0,8 milyon ton və ya 3 faiz artım deməkdir.

Sənədə əsasən, qaz hasilatında da oxşar dinamika müşahidə olunacaq. 2025-ci ildə Azərbaycanda qaz hasilatı 38 milyard kubmetr, 2026-cı ildə 36,7 milyard kubmetr, 2027-ci ildə 36,7 milyard kubmetr, 2028-ci ildə isə 34,5 milyard kubmetr səviyyəsində gözlənilir.

Abşeron yatağının istismarı ilə 2029-cu ildə qaz hasilatın 37 milyard kubmetrə çatacağı proqnozlaşdırılır. Bu da 2028-ci illə müqayisədə 2,5 milyard kubmetr və ya 7,2 faiz artım deməkdir.