Nazir: Hazırda ölkədə bir təsərrüfata düşən sahə ilə fermerin ailəsini təmin etməsi mümkün deyil İqtisadiyyat

Nazir: Hazırda ölkədə bir təsərrüfata düşən sahə ilə fermerin ailəsini təmin etməsi mümkün deyil

Hazırda ölkədə bir təsərrüfata düşən sahə ilə fermerin ailəsini təmin etməsi mümkün deyil.

APA xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

Məcnun Məmmədov qeyd edib ki, son illər əsas fokus fermerlərin gəlirlərinin və effektivliyinin artırılmasına yönəlib: “Məsələn, hazırda ölkədə bir təsərrüfata düşən orta sahə 1,7 hektardır. Bu qədər sahə ilə bir fermerin ailəsini il ərzində təmin etməsi mümkün deyil. Bizim hesablamalara görə, ortalama 9 hektar sahə olmalıdır ki, fermer ailəsi üçün illik minimum gəlir əldə edə bilsin. Bölgələrdə bir ailə təxminən 4 nəfərdir, onların minimum illik gəliri 14 min manat olmalıdır. Bu məbləği əldə etmək üçün ortalama 9 hektar sahəyə ehtiyac var. Məsələn, taxılçılıqda bunun üçün 33 hektar tələb olunur. 1,7 hektarla 33 hektarın fərqini təsəvvür edin? Meyvəçilikdə bu rəqəm 3–5 hektardır. Biz bu sahələrin çox altında olduğumuz üçün kənd təsərrüfatında əsas məqsədimiz məhsuldarlığın və əlavə dəyər yaradan bitkilərin artırılmasıdır. Dənli bitkilərin əkin sahəsi azalıb, bu, dəyəri ən az olan sahədir. Amma son 5 ildə meyvəçilik sahəsində artım var. 40 min hektara qədər yeni meyvə bağları salınıb. Meyvə bağları həm gəlirlilik, həm də iş yerləri baxımından daha faydalıdır".

Nazir su şəbəkəsi məsələsinə də münasibət bildirib: "Bu problemi biz də hər yerdə qaldırırıq. Azərbaycanda su şəbəkələri getdikcə betonlaşdırılmalı və ya qapalı nəqlə keçirilməlidir".