Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 8%-dən çox artıb İqtisadiyyat

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 8%-dən çox artıb

2025-ci il noyabr ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları ( bank və qeyri-bank birlikdə) 31 milyard 169.4 milyon manat təşkil edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici cari ilin əvvəli ilə müqayisədə 6.4% çoxdur.

2024-cü ilin noyabr ayının 1-i ilə müqayisədə isə iqtisadiyyata kredit qoyuluşları 8.3% və ya 2 milyard 390 milyon manat artıb.

Qeyd edək ki, bu dövrdə dövlət bankları tərəfindən kredit qoyuluşları 7 milyard 561.5 milyon manat, özəl banklar tərəfindən 21 milyard 842.4 milyon manat, qeyri-bank kredit təşkilatları tərəfindən isə 1 milyard 765.5 milyon manat təşkil edib.

Xatırladaq ki, hesabat tarixinə bankların kredit portfelinin həcmi 29 milyard 403.9 milyon manata bərabər olub ki, bunun da 15 milyard 623.4 milyon manatı biznes kreditləri, 9 milyard 232.4 milyon manatı istehlak kreditləri, 4 milyard 548 milyon manatı isə ipoteka kreditləri olub.