İşğaldan azad edilmiş ərazilərdə biznes layihələri İqtisadiyyat

İşğaldan azad edilmiş ərazilərdə biznes layihələri

İşğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın bərpası, sahibkarlığın inkişafı və investisiya mühitinin yaxşılaşması dövlət siyasətinin prioritetlərindən biridir. Bu məqsədlə Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) bölgədə fəaliyyət göstərən sahibkarları maliyyə alətləri və güzəştli maliyyə mexanizmləri ilə dəstəkləyir.

“İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində bu bölgələrdə investisiya layihələri həyata keçirən sahibkarlar üçün zəmanət-subsidiya mexanizmi var. Mexanizmə əsasən sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərin məbləğinin 90%-dək hissəsinə dövlət zəmanəti verilir. Eyni zamanda həmin kreditlər üzrə illik faiz dərəcəsinin 10 faiz bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və kreditin müddətinin yarısınadək olmaqla 36 aya qədər güzəşt müddəti tətbiq edilir.

Bu ilin dekabr ayınadək 43 layihə üzrə sahibkarların banklardan əldə etdiyi 55,9 milyon manat kreditə 47,8 milyon manat həcmində zəmanət verilib. Eyni zamanda bank krediti faizlərinin subsidiyalaşdırılması məqsədilə 14,4 milyon manat vəsaitin verilməsi təsdiqlənib. Bu mexanizmdən yararlanmış sahibkarlıq subyektləri əsasən sənaye, kənd təsərrüfatı, xidmət və turizm kimi sahələrdə fəaliyyət göstərərək, həmin ərazilərdə iqtisadiyyatın canlanmasına töhfə verirlər. Bu mexanizmə müraciətlərin operativ qəbul edilməsi məqsədilə "Elektron kredit və zəmanət” informasiya sistemi fəaliyyət göstərir. Sahibkarlar kredit təşkilatına getmədən elektron informasiya sistemi vasitəsilə müraciətlərini ünvanlaya bilər.

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində zəmanət-subsidiya mexanizmi ilə yanaşı, güzəştli kredit mexanizmi ilə də dəstək tədbirləri davam etdirilir. Fond tərəfindən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara bu ilin dekabrınadək ümumilikdə 45,6 milyon manat güzəştli kredit verilib. Təqdim edilən maliyyə alətləri bu ərazilərdə yeni təsərrüfat subyektlərinin yaranmasına şərait yaradır və mövcud bizneslərin genişlənməsi üçün əlverişli imkanlar təqdim edir.

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlığa dövlət dəstəyi bölgədə istehsal və xidmət sahələrinin yaranmasını sürətləndirir, real sektorun formalaşmasına və məşğulluğun artmasına stimul yaradır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında özəl sektor üçün dövlət tərəfindən tətbiq edilən dəstək və güzəştlər paketi bölgədə əlverişli işgüzar mühit formalaşdırıb.

Regionda fəaliyyət göstərən rezidentlərə 1 yanvar 2033-cü ilədək mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergilərdən tam azadolma tətbiq olunur. Həmçinin müvafiq iqtisadi fəaliyyət sahələri üzrə avadanlıq və xammalın idxalına görə ƏDV və gömrük rüsumları ödənilmir, habelə dividendlərdən əldə edilən gəlirlərə görə vergi tutulmur. İstehsal sahəsində fəaliyyət göstərən rezidentlər üçün kommunal xidmətlər üzrə də mühüm dəstək mövcuddur. 1 yanvar 2033-cü ilədək hər ay istehlak edilən kommunal xidmətlərə görə ödənişlərin 20%-i dövlət tərəfindən geri qaytarılır. Fiziki şəxslərin mehmanxana və hotel xidmətlərinə görə ödədiyi ƏDV-nin geri qaytarılması da stimullaşdırıcı mexanizmlərdən biridir: nağdsız ödənişlərdə 30%, nağd ödənişlərdə isə 5% geri qaytarılır.

Bölgədəki sənaye parklarının rezidentləri isə qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən tam azaddır. Eyni zamanda, idxal olunan texnika və avadanlıqlar üçün ƏDV və gömrük rüsumu tətbiq edilmir ki, bu da müəssisələrin ilkin investisiya xərclərini əhəmiyyətli dərəcədə azaldır və layihələrin daha operativ şəkildə reallaşmasına şərait yaradır.

Qeyd edilənlərlə yanaşı, işğaldan azad edilmiş ərazilərdə sosial sığorta, kommunal xidmətlər və əmək münasibətləri ilə bağlı müvafiq güzəştlər tətbiq olunur. Dövlətin təqdim etdiyi dəstək və güzəştlər Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının reallaşdırılmasına, sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə güclü stimul verir. Bunun nəticəsidir ki, işğaldan azad edilmiş ərazilərdə rezident statusu alan sahibkarlıq subyektlərinin sayı ildən-ilə artır, yeni istehsal və xidmət müəssisələri fəaliyyətə başlayır, istehsal olunmuş məhsullar artıq ixrac edilir. Bu da bölgədə real sektorun formalaşmasına və dayanıqlı iqtisadi təməllərin qurulmasına şərait yaradır.

Bu stimullar məşğulluğun artırılmasına da mühüm töhfə verir. Yeni müəssisələrin fəaliyyətə başlaması yerli əhalinin əmək bazarına reinteqrasiyasını, ixtisaslı kadrların bölgəyə cəlb olunmasını sürətləndirir. Hazırda bu ərazilərdə 70 minə yaxın insan yaşayır. Bu rəqəmin bu ilin sonunadək 120-140 minə çatacağı gözlənilir. Ümumilikdə dövlətin təqdim etdiyi bu geniş dəstək və güzəşt mexanizmləri Qarabağ və Şərqi Zəngəzurun müasir, innovativ və rəqabətqabiliyyətli iqtisadi məkan kimi formalaşmasına xidmət edir.2026-cı ildə dövlət büdcəsindən Qarabağda bərpa və yenidənqurma işlərinə 3.5 milyard manat vəsait ayrılıb. 2025-ci ildə bu rəqəm 4,856 milyard manat olub. Maliyyə Nazirliyinin məlumatına görə, il ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə dövlət xəzinədarlıq orqanlarına təqdim edilmiş xərc sifarişlərinin maliyyələşdirilməsi ilə dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulmuş 4 milyard 855,8 milyon manat vəsaitin 99,4 faizini sifarişçi təşkilatlar tərəfindən, dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin isə 98,5 faizi və yaxud 2 milyard 771,1 milyon manatı istifadə olunub.

Bu ilin əvvəlinədək işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına ümumilikdə 22 milyard manat xərclənib. Bu vəsait Ermənistan dövlət büdcəsi gəlirlərinin 2 dəfə, Gürcüstandan isə 1.4 dəfə çoxdur. Böyük qayıdış çərçivəsində 2026-cı ilin sonunadək Qarabağda xərclər təqribən 30 milyard manata qədər yaxınlaşacaq. Azərbaycan öz daxili maliyyə mənbələri hesabına işğaldan azad olunan ərazilərimizi bərpa edir.

Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqiyaslı bərpa və yenidənqurma ilə yanaşı, sürətli iqtisadi reinteqrasiya tədbirləri görülür, biznesin canlanması məqsədilə sağlam bünövrə yaradılır. Məsələn, aşağı həddə icarə haqqı tətbiq edilir, dövlət vəsaiti hesabına kommunikasiya və logistik infrastruktur qurulur. İnfrastruktur elektrik, təbii qaz, içməli və texniki su, sürətli internet, həmçinin daxili və tranzit yük daşımalarını həyata keçirməyə imkan verən avtomobil və dəmir yolu, eləcə də anbarlardan ibarətdir.

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafın və əhalinin yüksək səviyyəli həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması çərçivəsində şəhər və kəndlərin, təhsil və səhiyyə obyektlərinin, hava limanlarının bərpası və tikintisi istiqamətində işlər davam etdirilir, eyni zamanda müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılır.

Əhalinin məskunlaşması ilə yanaşı əsas hədəflərdən biri də işğaldan azad olunmuş ərazilərdə yeni iş yerlərinin yaradılmasıdır. Çünki daimi məskunlaşma üçün insanların işlə təmin olunması ən vacib sosial-iqtisadi əhəmiyyətə olan şərtlərdən biridir. Böyük Qayıdış üzrə Birinci Dövlət Proqramına əsasən, 2026-cı ilin sonuna kimi 34 min 500 ailənin işğaldan azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulur.

Hazırda Qarabağda əsas investor dövlətdir. Bütövlükdə isə regionun inkişafına dövlət tərəfindən 30-35 milyard manat yatırılması nəzərdə tutulur. Hökumət Qarabağda hazırda əsas diqqətini daha çox infrastruktur layihələrinə yönəldib. Çünki müasir infrastruktur olmadan sahibkarları regiona cəlb etmək mümkün deyil. Ən azından müasir yol olmalıdır. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqiyaslı bərpa və yenidənqurma ilə yanaşı, sürətli iqtisadi reinteqrasiya tədbirləri görülür, biznesin canlanması məqsədilə bünövrə yaradılır. Məsələn, aşağı həddə icarə haqqı tətbiq edilir, dövlət vəsaiti hesabına kommunikasiya və logistik infrastruktur qurulur. İnfrastruktur elektrik, təbii qaz, içməli və texniki su, sürətli internet, həmçinin daxili və tranzit yük daşımalarını həyata keçirməyə imkan verən avtomobil və dəmir yolu, eləcə də anbarlardan ibarətdir.

Mahir Həmzəoğlu