Bakı-Abşeron yarımadasında Xəzərə ekoloji cəhətdən təmiz su buraxılacaq İqtisadiyyat

Bakı-Abşeron yarımadasında Xəzərə ekoloji cəhətdən təmiz su buraxılacaq

İçməli su ilə yanaşı, əsas məqsədlərimiz kanalizasiya sistemidir. Burada da məsələ su sistemlərində olduğu kimidir, biz mənbədən başlayaraq şəbəkələrə keçirik. Burada isə tam tərsinə olaraq, ilk növbədə mənsəbləri yaradaraq, yəni suyun haraya axıdılacağını, necə təmizlənəcəyini nəzərə alaraq, ondan sonra şəbəkələrin yaradılması planlaşdırılıb.

Bu sözləri Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə deyib.

O qeyd edib ki, bununla əlaqədar Bakı və Abşeron yarımadasında 12 yeni kollektorun tikintisi nəzərdə tutulub ki, onlardan 7-də artıq işə başlanılıb.

“Burada gördüyünüz mavi xətlər kollektorlarımızdır. Qırmızı xətlərlə artıq birinci mərhələdə tikintisinə başladığımız və 2027-ci ilin sonuna qədər bitirəcəyimiz əsas kollektorlar göstərilib. Ondan sonra - ikinci mərhələdə Abşeronun şərq hissəsində olan bu bölgələrin kanalizasiya sistemlərini təmin etmək üçün əsas magistralların tikintisi nəzərdə tutulmuşdur. Ümumiyyətlə, 346 kilometr uzunluğunda magistral kollektorların tikintisi planlaşdırılıb. Bununla yanaşı, bildiyiniz kimi, şəhərin bütün çirkab və tullantı suları hazırda Hövsan tullantı təmizləyici qurğusuna gəlir. Şəhərin bu yükünü azaltmaq məqsədilə əlavə 9 yeni təmizləyici qurğunun yaradılması nəzərdə tutulmuşdur. Bunlardan biri Ələt tullantı su təmizləyici qurğusudur ki, bu, Ələt iqtisadi zonasının inkişafını nəzərdə tutur. Sahil təmizləyici qurğusunun, Lökbatan, Müşfiqabad qurğularının tikintisi hazırda davam etdirilir. Sumqayıt şəhərinin tullantı su təmizləyici qurğusunun həm təkmilləşdirilməsi, həm də həcminin artırılması layihəsi davam etdirilir. Şəhərin içində Böyükşor təmizləyici qurğusu nəzərdə tutulub ki, bu, həm Böyükşor gölünün ekoloji vəziyyətinin tənzimlənməsi, həm də oradakı bütün axıntıların və tullantı sularının şəhərin içərisinə buraxılmadan təmizlənərək təmiz suyun gölə axıdılaraq onun səviyyəsinin saxlanılması nəzərdə tutulur. Yeni Pirallahı təmizləyici qurğusu da nəzərdə tutulub. Pirşağı və Şüvəlan təmizləyici qurğularının modernləşdirilməsi, onların işə salınması və bioloji təmizləmənin də həyata keçirilməsi planlaşdırılır. Bunlar həyata keçirildikdən sonra bu bölgələrdəki şəbəkələr də artıq qoşularaq həmin magistral xətlərlə təmizləyici qurğulara yönləndiriləcək və beləliklə, Bakı-Abşeron yarımadasında Xəzərə ekoloji cəhətdən təmiz su buraxılacaq. Bir çox yerlərdə bu suyun təkrar istifadəsi də nəzərdə tutulub. Bildiyiniz kimi, həm Hövsan təmizləyici qurğularında, həm də digərlərində - Sumqayıt təmizləyici qurğularında da bu suyun texniki və ya suvarma suyu olaraq yenidən istifadəsi nəzərdə tutulub. Beləliklə, kanalizasiya sistemlərini 95 faizə çatdırmağımız nəzərdə tutulur”, - Zaur Mikayılov vurğulayıb.