16:05
672
Naxçıvanda dəmir yolunun yenidən qurulması və modernləşdirilməsi layihəsi çərçivəsində 10 stansiyanın yenidən qurulması, 29 körpünün, 4 tunelin tikintisi planlaşdırılır.
Bunu Naxçıvan Muxtar Respublikasında həyata keçirilən dəmir yolu layihəsi barədə APA-ya açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib.
Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasında dəmir yolu xəttinin layihələndirilməsi və tikinti işlərinə 2025-ci ildən etibarən başlanılıb. Layihə regionun nəqliyyat infrastrukturunun müasir tələblərə uyğun şəkildə yenilənməsini və dəmir yolu şəbəkəsinin funksionallığının artırılmasını hədəfləyir.
Bəxtiyar Hacıyev bildirib ki, layihə çərçivəsində əsas dəmir yolu xətlərinin uzunluğu 194,1 kilometr, yan yollarla birlikdə isə 264 kilometr təşkil edir:
“Bu isə Naxçıvanın dəmir yolu xəritəsində əhəmiyyətli genişlənmə deməkdir. Tikinti işləri zamanı mövcud infrastrukturun yenilənməsi ilə yanaşı, yeni mühəndis qurğularının inşası da nəzərdə tutulur. Belə ki, layihə çərçivəsində 10 stansiyanın yenidən qurulması, 29 körpünün, 4 tunelin tikintisi planlaşdırılır. Ümumilikdə, isə 814 mühəndis qurğusunun inşası həyata keçiriləcək. Bu layihə Naxçıvan Muxtar Respublikasının nəqliyyat-logistika potensialının artırılmasına, yük və sərnişin daşımalarının təhlükəsiz və sürətli şəkildə həyata keçirilməsinə mühüm töhfə verəcək. Eyni zamanda bölgənin ölkədaxili və beynəlxalq nəqliyyat əlaqələrinin güclənməsi baxımından da layihə strateji əhəmiyyət daşıyır”.
ADY nümayəndəsi əlavə edib ki, “Azərbaycan Dəmir Yolları” QSC ölkə üzrə müasir, dayanıqlı və təhlükəsiz dəmir yolu infrastrukturunun formalaşdırılmasını prioritet hesab edir və Naxçıvanda icra olunan bu layihə də həmin strategiyanın əsas istiqamətlərindən biridir.


