
ASELSAN 50 ilə yaxın tarixə malik, Türkiyənin aparıcı yüksək texnologiya şirkətlərindən biridir. Şirkət yalnız milli müdafiə sənayesinin ehtiyaclarını qarşılamaqla kifayətlənmir, eyni zamanda qlobal texnologiya bazarında mövqeyini davamlı şəkildə gücləndirir. ASELSAN strateji inkişaf xətti çərçivəsində 2030-cu ilə qədər dünya üzrə müdafiə və yüksək texnologiya şirkətləri arasında ilk 30-luqda yer almağı hədəfləmiş və bu istiqamətdə mühüm irəliləyişlər əldə etmişdir.
Son illərdə ASELSAN həm texnoloji, həm də iqtisadi göstəricilər baxımından sürətli inkişaf nümayiş etdirir. 2025-ci il məlumatlarına əsasən, şirkət bazar dəyəri ən sürətlə artan müdafiə sənayesi müəssisələri sırasında dünya üzrə ilk 15-likdə yer alaraq qlobal səviyyədə etibarlı və strateji texnologiya tərəfdaşı statusunu möhkəmləndirmişdir.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ASELSAN ölkəmizlə təhlükəsizlik, müdafiə və rabitə texnologiyaları sahələrində sıx əməkdaşlığa başlamışdır. Şirkət 1995-ci ildə Azərbaycanda nümayəndəlik kimi fəaliyyətə başlamış, 1998-ci ildən etibarən isə “ASELSAN Bakü” adı altında rəsmi şəkildə təsis edilmişdir.
2026-cı ildə fəaliyyətinin 28-ci ilini tamamlayan ASELSAN Bakü MMC, ASELSAN-ın Azərbaycandakı rəsmi nümayəndəliyi kimi ölkədə həyata keçirilən layihələrin icrasında mühüm rol oynayır. Şirkət layihələrdə koordinasiyanın təşkili, satışdan sonrakı texniki dəstək və mülki peşəkar-həvəskar telsizlərin satışı və icarəsi istiqamətlərində əsas dayaq nöqtələrindən biri kimi fəaliyyət göstərir.
ASELSAN-ın strateji yanaşmasının əsasını oyun dəyişən texnologiyaların inkişafı, yüksək mühəndislik təcrübəsi və yerli texnologiya istehsalı təşkil edir. Şirkət innovasiyanı yalnız texnoloji üstünlük kimi deyil, eyni zamanda insana və ətraf mühitə həssas, dayanıqlı inkişaf modeli çərçivəsində dəyərləndirir. Bu yanaşma ASELSAN-ı klassik müdafiə şirkətindən qlobal miqyasda fəaliyyət göstərən çoxşaxəli texnologiya firmasına çevirir.
ASELSAN-ın innovasiya gücünün mərkəzində gənc mühəndis dinamizmi ilə dərin peşəkar təcrübənin vəhdəti dayanır. Hazırda şirkətdə 8500-dən çox yüksək ixtisaslı mühəndis çalışır. Bu insan kapitalı ən son texnoloji trendlərin praktik mühəndislik həllərinə çevrilməsinə və mürəkkəb çağırışların effektiv şəkildə həllinə imkan yaradır.
ASELSAN Azərbaycanda həm müdafiə və təhlükəsizlik sektoru, həm də mülki sahələr üzrə geniş əməkdaşlıq şəbəkəsinə malikdir. Şirkət Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər güc strukturları ilə yanaşı, Azəravtoyol, TƏBİB və bir sıra digər mülki qurumlarla da müxtəlif texnoloji və infrastruktur layihələri həyata keçirir.
Bu əməkdaşlıqlar ASELSAN-ın Azərbaycanda yalnız texnologiya təchizatçısı deyil, eyni zamanda ölkənin uzunmüddətli inkişaf hədəflərinə töhfə verən strateji tərəfdaş olduğunu nümayiş etdirir.