BP "Şəfəq" günəş enerjisi layihəsinin 10% iştirak payını satıb İqtisadiyyat

BP "Şəfəq" günəş enerjisi layihəsinin 10% iştirak payını satıb

Bu gün BP “Shafag Jabrayil Solar Limited” (SJSL) şirkətinin 10% iştirak payının “MVM Energetika Zrt.” (MVM) şirkətinə satıldığını elan edib.

BP-dən "APA-Economics"ə verilən məlumata görə, bununla BP-nin Cəbrayıl rayonunda həyata keçirdiyi mühüm günəş enerjisi layihəsini maliyyələşdirən birgə müəssisədəki tərəfdaşlıq daha da güclənmiş olur.

Beləliklə, Şəfəq günəş enerjisi layihəsində paylar indi belədir: bp 40.01%, “SOCAR Green” 39.99%, Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) 10% və MVM 10%.

“Şəfəq” günəş enerjisi layihəsi ötən il yekun investisiya qərarının qəbul edildiyi vaxtdan əhəmiyyətli dərəcədə irəliləyib - layihə üzrə əsas müqavilələr imzalanıb, tikinti işləri artıq başlayıb və panellərin ölkəyə gətirilməsi qrafikə uyğun davam edir. Layihə üzrə aparılan tikinti işlərində yerli resurslardan maksimum istifadə etmək əsas öhdəliklərdən biridir - işlərin pik dövründə layihədə 400-ə yaxın iş yerinin yaradılacağı gözlənilir.
Tikinti işlərinin 2027-ci ildə başa çatması planlaşdırılır. Cəbrayılda inşa olunan bu 240 MVt gücündə stansiyanın ildə təxminən 500 QVt/saat bərpa olunan enerji istehsal edəcəyi gözlənilir.

“Şəfəq” günəş enerjisi layihəsi Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihəsi ilə “virtual enerji ötürmə mexanizmi” adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, Səngəçal terminalı AzərEnerji ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulacaq. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası inşa ediləcək.
bp nin strategiyası apstrim fəaliyyətlərini artırmaq, daunstrim biznesində diqqəti seçilmiş sahələrə yönəltmək və enerji keçidinə öz investisiyasını intizamla aparmaqla səhmdarlar üçün uzunmüddətli dəyəri artırmaqdır.