
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 45,5 dollar artaraq 5 076,5 dollar təşkil edib. Gümüş isə 1,58 dollar artaraq 81,96 dollara bərabər olub. Bu artımlar Azərbaycanın da qızıl bazaraında qiymətlərin formalaşmasına təsir edir.
Azərbaycanın qızıl bazarı həm zinət əşyaları (zərgərlik), həm də investisiya aktivləri (qızıl külçələr, sikkələr) baxımından formalaşır və son vaxtlar bir neçə mühüm tendensiya ilə yadda qalır. Qızılın qiymətləri son illərdə yüksək artıb. Dünya bazarında qızılın qiymətlərinin fəal şəkildə yüksəlməsi Azərbaycandakı qiymətlərə də təsir göstərir, qiymətlər ciddi şəkildə bahalaşıb və müəyyən müddət ərzində artım davam edir. Məsələn, bu ilin müəyyən dövrlərində 999 əyarlı saf qızılın qiyməti 135-140 USD/qram səviyyəsinə yaxınlaşıb, bu da yerli qızıl məmulatlarının qiymətlərinə təsir edir. Xüsusilə qızılın birjaya əsaslanan dünya qiymətlərindəki artım nəticəsində 585 və 750 əyarlı zərgərlik məmulatlarının qiymətləri də yüksəlir.
Azərbaycan bazarında qızıl daha çox zərgərlik məhsulu kimi ticarət olunur – yəni alıcılar daha çox üzük, bilərzik və başqa zinət əşyası alırlar. Toylar, nişanlar və bayram mövsümləri satışlarda artıma səbəb olur, amma yüksək qiymətlər alıcılığa müəyyən təsir edir. Ölkəmizdə bu bazarın əsas problemi yerli zərgərlik sənayesinin inkişaf etməməsidir. Ölkədə qızıl istehsal olunsa da xammal şəklində ixrac olunur, iri sənayeləşmə şəklində zərgərlik məmulatları istehsal edilmir. Yerli bazar idxalın hesabına (əsasən Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən) təmin edilir. Zərgərlik bazarının həcmi bəzi dövrlərdə yüz milyon manatlarla ölçülür (məsələn, 2023-cü il üçün 220-250 milyon manat məbləğində satılma proqnozu verilmişdi. Lakin çox güman ki, bazarın həcmi bundan 2-3 dəfə daha böyükdür. Bazarda qızıl alışı və satışı arasındakı fərq yüksəkdir, bu da investisiya məqsədli alqı-satqını çətinləşdirir. Xarici bazarlarda fərq çox aşağı (0.1–0.5 %), amma Azərbaycanda bəzi hallarda daha böyük olur, bu isə investisiya qızılı kimi ticarətin inkişafını məhdudlaşdırır. Mütəxəssislər bazarın qızıl investisiya bazarı kimi inkişaf etdirilməsini və “qızıl exchange” mexanizmlərinin yaradılmasını təklif edirlər ki, bu da alıcı-satıcı arasındakı fərqi kiçildə bilər, habelə bazarı bir qədər şəffaflaşdırardı. Assosiasiya rəhbərləri və iqtisadçılar bildirirlər ki, qızıl bazarındakı qiymətlərin formalaşması üzrə əsas faktor xarici birjalardakı dəyişikliklər və qlobal iqtisadi proseslərdir. Ümumiyyətlə, qızıl uzunmüddətli perspektivdə “təhlükəsiz liman” aktiv sayıldığından investorların bu sektora marağı da artmaqdadır.
Azərbaycanda “AzerGold” qızıl istehsalı ilə məşğul olan iri şirkətdir. O yerli bazarda külçələr, sikkələr də təklif edir. “AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür. 11 fevral 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “AzerGold” QSC-nin təsis edilməsi ölkəmizin dağ-mədən sənayesində yeni inkişaf mərhələsinin əsasını qoyub. Bu qərar filiz yataqlarının kəşfi və tədqiqi, qiymətli metalların hasilatı, emalı və satışının vahid dəyər zənciri üzrə təşkili, eləcə də Azərbaycan mədənçiliyinin institusional, texnoloji və idarəetmə baxımından müasirləşdirilməsi istiqamətində mühüm nəticələr verib. Dövlət başçısının təşəbbüsü ilə biznes mühitinin təkmilləşdirilməsi, ixracyönlü sahələrin stimullaşdırılması və yerli istehsalın təşviqi məqsədilə həyata keçirilən ardıcıl islahatlar “AzerGold” QSC-nin fəaliyyətinin davamlı şəkildə genişlənməsi üçün əlverişli zəmin yaradıb.
5 iyul 2016-cı il tarixində dövlət qeydiyyatına alınaraq, fəaliyyətə başlayan “AzerGold” QSC bir sıra mühüm istehsal və infrastruktur layihələrini uğurla reallaşdıraraq ölkənin qeyri-neft sektorunun inkişafına, ixrac potensialının genişlənməsinə və regionlarda sosial-iqtisadi canlanmaya əhəmiyyətli töhfələr verib. On illik fəaliyyət dövründə 2 yeni qızıl yatağı kəşf edən, 4 qızıl mədənini və 1 regional sənaye kompleksini istismara verən Cəmiyyət qeyri-neft sektorunun aparıcı dövlət şirkətlərindən biri kimi yerli və beynəlxalq bazarlarda ümumilikdə 563 min unsiya qızıl və 989 min unsiya gümüş satışı həyata keçirərək ölkə iqtisadiyyatına 1,9 milyard manatdan çox vəsait cəlb edib, 214 milyon manat həcmində vergi, 37 milyon manat həcmində sosial ödəniş öhdəliyini həyata keçirib.
“AzerGold” QSC-nin fəaliyyəti yalnız birbaşa iqtisadi gəlirlərin formalaşdırılması ilə məhdudlaşmayaraq regionların inkişafına, yüksək ixtisaslı insan kapitalının yetişdirilməsinə və məşğulluğun artırılmasına da mühüm töhfələr verib. Şirkətin fəaliyyəti nəticəsində ümumilikdə 2494 nəfər daimi işlə təmin olunub, xüsusilə ucqar kəndləri təmsil edən yerli mədənçi kadrların hazırlanması istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilib. Yeni mədən layihələrinin icrası ilə daimi iş yerlərinin sayının bir neçə dəfə artırılması, ixtisaslı kadrların hazırlanması prosesinin daha da genişlənləndirilməsi nəzərdə tutulur.
Hazırda dəmir filizi yataqlarının istismarını həyata keçirən “Daşkəsən Dəmir Filizi” Məhdud Məsuliyyətli Cəmiyyəti, onun törəmə müəssisəsi olan “Azerbaijan Metal Company” MMC, eləcə də ölkədə sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşmış yeganə şirkət olan “AzerBlast” MMC-ni öz fəaliyyəti ətrafında birləşdirən “AzerGold” QSC dağ-mədən sahəsində inteqrəolunmuş fəaliyyət modelini uğurla tətbiq edir. “AzerGold” QSC sosial məsuliyyət, icmalarla əməkdaşlıq və ətraf mühitin mühafizəsi sahələrində həyata keçirdiyi məqsədyönlü tədbirlərlə dövlətin sosial-iqtisadi və ekoloji siyasətinin icrasına mühüm töhfələr verir və bu istiqamətdə fəaliyyətini ardıcıl şəkildə genişləndirir.
Qarşıdakı mərhələdə “AzerGold” QSC innovativ yanaşmaların və müasir texnologiyaların tətbiqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi yolu ilə milli mədən sənayesinin rəqabət qabiliyyətinin artırılmasını, ölkəmizin perspektivli mineral-xammal potensialının müəyyənləşdirilməsi, həmçinin qısa və orta müddətli dövrdə bir neçə əlvan metal filizi mədəninin istismara verilməsi ilə ölkə iqtisadiyyatının dayanıqlı inkişafına daha böyük töhfələr verməyi hədəfləyir.
“AzerGold” QSC cari ilin yanvar ayında 2026-cı il üzrə ilk ixrac əməliyyatını uğurla həyata keçirib. Şirkət tərəfindən ixrac edilən ilk partiya qızıl və gümüşün beynəlxalq bazarlarda satışı nəticəsində ölkə iqtisadiyyatına 32,9 milyon manat həcmində vəsait cəlb edilib. 2025-ci ildə dövlət şirkəti beynəlxalq və yerli bazarlarda ümumilikdə 73,2 min unsiya qızıl və 93,2 min unsiya gümüşün satışını həyata keçirib. Bu satışlardan əldə olunan ümumi gəlir 439,3 milyon manat təşkil edib ki, bu da əvvəlki illə (2024-cü il) müqayisədə 43 faiz çoxdur.
Dünya bazarında qızıl və misə təlabat artmaqdadır. 2025-ci ildə qlobal qızıla tələbat 5 002 tonu keçərək tarixdə ən yüksək səviyyəyə çatdı ki, bu da bazar həcmi baxımından rekorddur. Tələb artımı əsasən investisiya məqsədi ilə qızıl almaqdan, külçə və sikkələrə yönəlmiş alımlardan qaynaqlanır. İnvestisiya tələbatı 84% artaraq 2 175 ton səviyyəsinə yüksəllib. Maraqlıdır ki, qiymətlərin kəskin artımı zərgərlik məhsullarına tələbatı zəiflədib - təxminən 18% azalıb. Texnoloji və sənaye tələbatı isə sabit və ya azca azalan səviyyədə qalıb. Ümumi qlobal qızıl təklifi 1% artaraq 5002 ton olub, əsas hissə isə mədən istehsalıdır. Tarixi qiymət maksimumu qeydə alınıb. Qızılın bir unsiyası $5000+ səviyyələrinə qədər yüksəlib və 2026-cı ilin əvvəlində də yüksək volatillik yaşanır.
Volatillik amilləri investorların ETF-lərə böyük axını və təhlükəsiz liman axtarışı qısa müddətli dalğalanma yaradır. ETF (Exchange Traded Fund) - yəni birjada alınıb-satılan fond, səhmlər kimi birjada ticarət olunan, amma daxilində bir neçə aktiv (məsələn, səhmlər, istiqrazlar, qızıl və s.) saxlayan investisiya fondudur. Qızıl ETF – fond fiziki qızıl və ya qızıl fyuçerslərinə yatırım edir. S&P 500 ETF – ABŞ-ın 500 böyük şirkətinin səhmlərini əhatə edir. Neft ETF isə neft qiymətlərinə bağlıdır. Sən ETF aldıqda bir şirkətin yox, bütöv bir bazarın və ya sektorun payını almış olursan. ETF-in üstünlükləri odur ki, diversifikasiya imkanları var (risk bölüşdürülür), birjada istənilən vaxt alınıb-satılır, əksər hallarda idarəetmə xərci aşağıdır, kiçik məbləğlə böyük bazara çıxış imkanı qazanılır. Qızıl ETF - fiziki qızıl almadan qızılın qiymət dəyişməsindən qazanc əldə etməyə imkan verir. Dünyadakı geosiyasi gərginliklər, ABŞ Federal Ehtiyatlar Sisteminin siyasəti, dolların dəyişkənliyi qızıl bazarında qiymət dəyişmələrinə təsir edən əsas amillərdir.
Mahir Həmzəoğlu