İrana BMT-də etimadsızlıq siqnalı
18 Fevral 23:55

2026-2029-cu ilə üzrə Azərbaycanda Rəqəmsal iqtisadiyyatın inkişafı üzrə Strategiyada 50-dən çox təşəbbüs nəzərdə tutulub. Bu sənəd 3 ana məqsəd üzrə 9 prioritet istiqaməti əhatə etməklə biznes sahəsi üzrə 26, cəmiyyəti əhatə edən 15, dövləti əhatə edən 9 təşəbbüsdən ibarətdir (Trend). İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov təmsil etdiyi qurumun 2025-ci ilin fəaliyyətinin yekunları ilə bağlı hesabat xarakterli mətbuat konfransında deyib ki, "biznes üzrə Azərbaycanda rəqəmsal transformasiyanın sürətləndirilməsi və bu istiqamətdə dayanıqlı iqtisadiyyatın inkişafına dəstək olmaqdır. İqtisadiyyatın rəqəmsallaşması ilə bu prosesdə əmək bazarının texnoloji tələblərə uyğunlaşdırılmasına çalışırıq.
Növbəti bir neçə ildə 2026-2029-cu ilə üzrə Azərbaycanda Rəqəmsal iqtisadiyyatın inkişafı üzrə Strategiya çərçivəsində 8 əsas təşəbbüsümüz olacaq. Bunlardan biri Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək proqramıdır. Biz özəl təşkilatların, xüsusilə də sənaye və istehsal subyektlərinin texnoloji və yaşıl inkişafına dəstək veririk. Bundan başqa, Yeni Nəsil Texnologiyalar Mərkəzi yaradılacaq. Digər planlarımız yeni bizneslərin yaradılması və gücləndirilməsi, Rəqəmsal Həllər və Xidmətlər Platformasının yaradılması, Məşğulluq üçün kadrların təkmilləşdirilməsi proqamı, İqtisadi Məlumatların Analitikası Platforması, "Rəqəmsal Əkiz" Təşəbbüsü, Azərbaycan dili bazasında süni intellekt modelinin hazırlanmasından ibarədir".
Bu təşəbbüslər reallaşdıqdan sonra 2029-cu ildə rəqəmsal transformasiya proqramlarında iştirak edən müəssisələrin sayı 300-ə çatacaq. Bu transformasiya nəticəsində özəl şirkətlər ölkə iqtisadiyyatına 58 milyon manat əlavə dəyər qatacaqlar. Həmçinim 250 yeni sahəvi startaplar yaradılacaq. Rəqəmsal bazarlara çıxış əldə etmiş KOB sayları 200-ə çatdırılacaq. Eyni zamanda ümumi məşğulluqda yüksək ixtisaslı İKT mütəxəssislərinin payı 1,87% olacaq. Yekunda, iqtisadiyyatımıza əlavə olaraq yaradıcı süni intellekt vasitəsilə 70 milyon manatdan çox dəyər yaradılacaq.
Bəs rəqəmsal iqtisadiyyat nədir və hansı perspektivləri, üstünlükləri var? Öncə onu qeyd edək ki, rəqəmsal iqtisadiyyat – iqtisadi fəaliyyətlərin (istehsal, xidmət, ticarət və s.) əsasən rəqəmsal texnologiyalar, internet və məlumatlar üzərindən həyata keçirildiyi iqtisadi modeldir. Bu modeldə məlumat (data) əsas resurslardan birinə çevrilir. Əsas xüsusiyyətləri İnternet əsaslı bizneslər (onlayn mağazalar, platformalar), elektron ödəniş sistemləri və rəqəmsal bankçılıq, bulud texnologiyaları və böyük verilənlər (Big Data), süni intellekt və avtomatlaşdırma, Platforma iqtisadiyyatıdır (məsələn, Uber, Amazon).
Rəqəmsal iqtisadiyyata aid nümunələr kimi onlayn alış-verişi (məsələn, Alibaba Group), rəqəmsal ödənişləri (məsələn, Asanpay), kriptovalyutaları və s göstərmək olar. Üstünlükləri daha sürətli və ucuz əməliyyatların mümkün olmasıdır. Habelə qlobal bazara çıxış imkanları, yeni iş və biznes modelləri, şəffaflıq və izlənə bilən olması diqqət çəkir. Çətinlikləri də var. Belə ki, kibertəhlükəsizlik riskləri, məlumatların qorunması, rəqəmsal bərabərsizlik (internetə çıxış problemi) var. Qısaca desək, rəqəmsal iqtisadiyyat – texnologiyanın iqtisadiyyatın mərkəzinə yerləşdiyi yeni inkişaf mərhələsidir.
Hazırda Azərbaycanda rəqəmsal biznesin inkişafı arzu olunan səviyyədə deyil. Rəqəmsal biznes müasir dövrdə texnologiya və internet üzərində qurulan biznes modelidir. Bu modeldə məhsul və ya xidmətlərin yaradılması, tanıdılması, satışı və müştəriyə çatdırılması əsasən rəqəmsal platformalar vasitəsilə həyata keçirilir. Ənənəvi biznesdən fərqli olaraq, rəqəmsal biznes fiziki məkandan asılı olmur və fəaliyyətini onlayn mühitdə davam etdirə bilir. Rəqəmsal biznesdə internet əsas rol oynayır. Şirkətlər sosial media, veb-saytlar və mobil tətbiqlər vasitəsilə müştərilərlə əlaqə yaradır, sifariş qəbul edir və ödənişləri elektron formada həyata keçirirlər. Məsələn, Amazon onlayn satış platforması kimi fəaliyyət göstərir, Uber mobil tətbiq üzərindən nəqliyyat xidməti təqdim edir, PayPal isə rəqəmsal ödəniş sistemidir. Bu nümunələr rəqəmsal biznesin müxtəlif sahələrdə necə tətbiq olunduğunu göstərir.
Rəqəmsal biznesin əsas üstünlükləri geniş bazara çıxış, daha aşağı əməliyyat xərcləri və 24 saat fasiləsiz fəaliyyət imkanıdır. Bununla yanaşı, bu sahədə rəqabət yüksəkdir və kibertəhlükəsizlik məsələləri mühüm əhəmiyyət daşıyır. Şirkətlər daim yenilikləri izləməli və texnologiyaya uyğunlaşmalıdırlar. Nəticə olaraq, rəqəmsal biznes müasir iqtisadiyyatın vacib tərkib hissəsidir və gələcəkdə daha da inkişaf edəcəyi gözlənilir. Bu trendlərin ölkəmizdə də formalaşması və inkişafı arzu olunandır.
Bu sahədə startapların yaranması və inkişafı mümhüm amildir. Azərbaycanda müşahidə olunan müsbət meyillər ondan ibarətdir ki, startaplar əsasən rəqəmsallaşma ilə bu və ya digər formada bağlıdır. Belə ki, son məlumatlara görə, “Startap” şəhadətnaməsi almaq üçün KOB subyektlərindən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daha 9 müraciət daxil olub. Müraciətlərə Ekspertlər Şurasının iclasında baxılıb və onlardan 8-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib. “Startap” şəhadətnamələri fiziki şəxslər Rəşad İbrahimlinin əyləncə janrında video oyun (“Steam PC” platforması), Sərxan Abbaszadənin “85 Games Studio” brendi altında video oyunların istehsalı, İlkin Süleymanovun “İnframed Life” – klinikalar üçün onlayn idarəetmə sistemi, Yahya İsmayılovun “Jupiter” co-op macəra video oyunu, Həsən Həsənovun “Meetra” görüş otaqlarının onlayn idarə edilməsi platforması, İlkin Əliyevin “Special Meat” simulyasiya və idarəetmə janrını birləşdirən kompüter oyunu, "Proveb" MMC-nin “Qrgate” QR kod əsaslı işə davamiyyətə nəzarət və giriş-çıxış platforması və "Profmart" MMC-nin "Profmart" peşəkarlar üçün onlayn xidmət platforması layihələri üçün verilib.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edir. Təqdim edilmiş “Startap” şəhadətnamələri KOB subyektlərini müvafiq innovativ layihələr üzrə əldə etdikləri gəlirləri mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir. İndiyədək 255 mikro və kiçik sahibkara KOBİA tərəfindən “Startap” şəhadətnaməsi verilib.
Azərbaycanda dövlət sektorunda rəqəmsallaşma daha sürətli gedir. Hətta dövlət xidmətləri ilə yanaşı dövlət şirkətlərini də əhatə etməyə başlayıb. Davos Forumu çərçivəsində 4SİM və SOCAR tərəfindən “Texnoloji transformasiya vasitəsilə enerji keçidinin sürətləndirilməsi: Süni intellekt əsaslı sənaye” mövzusunda birgə sessiya təşkil olunub, süni intellekt, sənaye 4.0 transformasiyası və enerji səmərəliliyi ilə bağlı müzakirələr aparılıb. 2026-cı ildə 4SİM rəqəmsal texnologiyaların iqtisadiyyatda tətbiqinin genişləndirilməsi, özəl sektorun rəqəmsal transformasiyasına dəstək və insan kapitalının gücləndirilməsi istiqamətində fəaliyyətini genişləndirəcək. 4SİM davamlı inkişaf istiqamətində həyata keçirilən fəaliyyətlər çərçivəsində süni intellekt texnologiyalarının enerji səmərəliliyində tətbiqi istiqamətində yerli tərəfdaşlarla birgə 40 praktik həll formalaşdırıb. Bu həllər Dünya İqtisadi Forumunun 2025-ci ildə dərc etdiyi “Süni intellektin enerji paradoksu” adlı hesabatda əksini tapıb.
Azərbaycanda innovasiya və texnoloji inkişaf istiqamətində həyata keçirilən fəaliyyətlər çərçivəsində çoxsaylı tədbir və təcrübə proqramları təşkil olunub. Bu təşəbbüslər müxtəlif sahələri və aktual mövzuları əhatə edib. Fariz Cəfərovun sözlərinə görə, ümumilikdə 30-dan artıq ictimai müzakirə təşkil olunub. Keçirilən tədbirlərə universitet tələbələri, professor-müəllim heyəti, özəl setor nümayəndələri və dövlət qurumlarınn təmsilçiləri cəlb olunublar. Xüsusilə süni intellekt, dördüncü sənaye inqilabı texnologiyaları, kompüter təfəkkürü və innovasiya sahələrində geniş müzakirələr aparılıb, gələcək inkişaf prioritetləri müəyyənləşdirilib.
Azərbaycanın enerji sektoru üzrə süni intellekt əsaslı ilk sistemli konsepti hazırlanıb. “Enerjidə süni intellekt həlləri” adlı sənəddə ölkənin enerji sektorunda mövcud vəziyyət və əsas çağırışlar təhlil olunub, 40 qlobal həll konsepti əsasında mümkün tətbiq istiqamətləri müəyyənləşdirilib. Sənəd enerji istehsalı, ötürülməsi və idarə olunmasında səmərəliliyin artırılması, itkilərin azaldılması, həmçinin qərarvermə proseslərinin optimallaşdırılması baxımından süni intellekt alətlərinin potensialını qiymətləndirir. Təşəbbüs beynəlxalq təcrübə əsasında hazırlanıb və Azərbaycanın enerji sektorunda rəqəmsal transformasiyanın daha da dərinləşdirilməsinə xidmət edəcək.
M.Həmzəoğlu