Qlobal fond bazarlarında eniş müşahidə edilib İqtisadiyyat

Qlobal fond bazarlarında eniş müşahidə edilib

Qlobal fond bazarları həftəyə əsasən enişlə başlayıb.

"APA-Economics" xəbər verir ki, ABŞ bazarında Dow Jones indeksi 0,15% azalaraq 48 904,78 bəndə enib. S&P 500 indeksi 0,04% artaraq 6 881,62 bəndə, Nasdaq indeksi isə 0,36% artaraq 22 748,86 bəndə yüksəlib.

Avropa bazarlarında eniş daha kəskin olub. Böyük Britaniyanın FTSE 100 indeksi 1,20% azalaraq 10 780,11 bəndə düşüb. Almaniyanın DAX indeksi 2,56% azalaraq 24 638,00 bəndə enib. Fransanın CAC 40 indeksi isə 2,17% geriləyərək 8 394,32 bənd səviyyəsində qərarlaşıb.

Asiya-Sakit okean regionunda da əsas indekslər üzrə azalma qeydə alınıb. Yaponiyanın Nikkei 225 indeksi 2,69% azalaraq 56 493,40 bəndə düşüb. Honq Konqun Hang Seng indeksi 0,29% azalaraq 25 985,12 bənd təşkil edib. Çinin CSI 300 indeksi isə 0,13% azalaraq 4 722,54 bənd olub.

Analitiklərin fikrincə, Avropa və Asiya bazarlarında satışların güclənməsi Yaxın Şərqdə artan geosiyasi gərginlik, enerji bazarlarında qeyri-müəyyənlik və investorların riskli aktivlərdən daha təhlükəsiz alətlərə yönəlməsi ilə əlaqədardır. ABŞ bazarında isə texnologiya sektorunda alışların davam etməsi indekslərin bir hissəsində artımı məhdud şəkildə dəstəkləyib.