Qəbələdə İƏT çərçivəsində beynəlxalq konfransı keçirilir İqtisadiyyat

Qəbələdə İƏT çərçivəsində beynəlxalq konfransı keçirilir

Kəmaləddin Heydərov: "Bu gün fəlakətlərin idarə olunması anlayışına fəlakət baş verdikdən sonra yardım və nəticələrin aradan qaldırılması deyil, fəlakət baş verməzdən əvvəl qarşısını almaq və hazırlıq tədbirləri kimi baxılır"

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) təşəbbüsü və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə iyunun 4-də Qəbələ şəhərində "İqtisadi Əməkdaşlıq Təşkilatının Fəlakət Riskinin İdarə Olunması üzrə 7-ci Beynəlxalq Konfransı" öz işinə başlayıb.
APA-nın məlumatına görə konfransa İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın fövqəladə halların idarə edilməsi sahəsinə cavabdeh olan dövlət qurumlarının rəhbər şəxsləri və nümayəndələri qatılıb.
Təşkilata üzv ölkələrin müvafiq qurumları və təşkilatla sıx əməkdaşlıq edən beynəlxalq təşkilatlar arasında mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində birgə əməkdaşlığını daha da dərinləşdirmək məqsədilə keçirilən konfransda Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Şamil Ələsgərov, Türkiyə baş nazirinin müavini Bəşir Atalay, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bernardus Bruk iştirak edib.
İki gün davam edəcək tədbirə BMT-nin İnkişaf Proqramı, BMT-nin Uşaq Fondu, BMT-nin Asiya və Sakit Okean ölkələri üçün İqtisadi və Sosial Komissiyası, BMT-nin Humanitar Yardımlarının İdarəedilməsi Ofisi, Almaniya Texniki Yardım Federal Agentliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Asiya Fəlakətlərə Hazırlıq Mərkəzi, Asiya Fəlakətlərin Azaldılması Mərkəzi, İƏT-in Fəlakət Riskinin İdarəedilməsi Regional Mərkəzi, Freie Universiteti, Mərkəzi Asiya Tədqiqi Geoelmlər İnstitutu, Beynəlxalq Zəlzələ Mühəndisliyi və Seysmologiya İnstitutu, Almaniya Qırmızı Xaç Cəmiyyəti və Azərbaycan Qızıl Aypara Cəmiyyətindən olan nümayəndələr də qatılıb.
Öncə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov çıxış edərək, konfrans iştirakçısı olan ölkələri möhkəm və dini bağların, qarşılıqlı məqsəd və hədəflərin tarix boyu bir araya gətirdiyini deyib.
Nazir İƏT-lə Azərbaycan arasında iqtisadi, texniki və mədəni sahələrdə əməkdaşlığın 20 ildən artıqdır uğurla həyata keçirildiyini bildirib: "Bu əməkdaşlıq Azərbaycan Fövqəladə Hallar Nazirliyi təsis edildikdən sonra İqtisadi Əməkdaşlıq Təşkilatının Təbii Fəlakət Riskinin İdarə Olunması üzrə Regional Mərkəzi ilə əlaqələrin qurulmasında da özünü doğruldub. Bugünkü konfransın belə yüksək səviyyəli nümayəndələrin iştirakı ilə Azərbaycanda təşkil olunması bunu bir daha sübut edir".
Dünyanın müxtəlif ölkələrində baş verən fövqəladə hadisələrin həm maddi, həm də insan itkisinə səbəb olduğunu deyən nazir K. Heydərov bu itkilərin miqyasının azaldılması üçün beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayıb.
O, seysmik cəhətdən fəal zonada yerləşən Azərbaycanda digər fəlakətlərin də baş vermə ehtimalının yüksək olduğunu deyib. Nazir rəhbərlik etdiyi qurumda xarici ölkələrdə baş vermiş təbii fəlakətlərin aradan qaldırılması üçün mərkəzin yaradıldığını, bir sıra ölkələrə humanitar yardımlar edildiyini bildirib.
K. Heydərov qeyd edib ki, konfransın keçirilməsində əsas məqsəd zəlzələ, sel, daşqın, iqlim dəyişikliyi və digər fövqəladə risklərin idarə olunması sahəsində son nailiyyətləri bölüşmək, hökumət, qeyri-hökumət nümayəndələri və ekspertlər arasında məlumat mübadiləsi aparmaqdır: "Bu gün fəlakətlərin idarə olunması anlayışına fəlakət baş verdikdən sonra yardım və nəticələrin aradan qaldırılması deyil, fəlakət baş verməzdən əvvəl qarşısını almaq və hazırlıq tədbirləri kimi baxılır. Bu tədbirlərə birgə təlimlər, müvafiq təhsil proqramları və kütləvi informasiya vasitələri ilə regionun əhalisi arasında təbii fəlakətlərlə bağlı məlumatlılığın artırılması yolu ilə nail olunur. Bu kontekstdə birgə cəhdlər və əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Mən əminəm ki, bu konfrans fəlakət riskinin azaldılması siyasəti üzrə gələcək strategiyalarının müəyyən edilməsi üçün çərçivə yaratmaq istiqamətində İqtisadi Əməkdaşlıq Təşkilata üzv dövlətlər, beynəlxalq və hökumətlərarası təşkilatlar arasında fikir və təcrübə mübadiləsinə mükəmməl platforma yaradacaq".
Konfransda İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Şamil Ələsgərov, Türkiyə baş nazirinin müavini Bəşir Atalay, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bernardus Bruk da çıxış ediblər.
Hatiqlər dünyada hər bir insanın təbii fəlakətlərdən zərər çəkdiyini deyib və fövqəladə halların qarşısının alınmasında beynəlxalq əməkdaşlığın vacib olduğunu bildiriblər. Onlar təbii fəlakət risklərinin azaldılması üçün beynəlxalq əməkdaşlığın həyati əhəmiyyət daşıdığını vurğulayıb və bu əməkdaşlıqda Azərbaycanın fəal iştirakını yüksək qiymətləndiriblər.
Sonra Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub. Konfrans iştirakçıları xatirə şəkli çəkdiriblər və FHN-nin fəaliyyəti ilə bağlı sərgi ilə tanış olublar.
Konfrans iyunun 5-də başa çatacaq.