Neftin ucuzlaşmasından Neft Fondu nə qədər itirəcək? İqtisadiyyat

Neftin ucuzlaşmasından Neft Fondu nə qədər itirəcək?

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) neftin ucuzlaşmasına görə 6 mlrd. 348 mln. dollardan 9 mlrd. 116 mln. dollara qədər itki ilə üzləşə bilər. "APA-Economics"in məlumatına görə, bu proqnozu yerli iqtisadçılar açıqlayıb. Ekspertlər bildirib ki, dünya bazarında qiymətinə görə "Azəri Light" markalı neftinin analoqu olan "UK Brent" markalı xam neftinin 1 barelinin qiyməti dünən 2005-ci ildən bəri ən aşağı səviyyəyə (həmin il üzrə orta qiymət 54,38 ABŞ dollar/barel olub) düşüb: "İlkin hesablamalara görə, 2014-cü ildə 1 barel UK Brent xam neftinin orta qiyməti 104,65 dollar olub. SOCAR-ın açıqlamalarına görə, ötən ilin yanvar-dekabr aylarında BTC əsas ixrac boru kəməri vasitəsilə dünya bazarına 28 mln. 508 min 192 ton neft ötürülüb. Bu o deməkdir ki, BTC-nin orta günlük ixracı 491 min 278 barel təşkil edib. 1 barel neftin maya dəyərinin 12 dollara qədər, Azərbaycan dövlətinin mənfəət neftində payının 75% və ötən il 1 barelin orta satış qiymətinin 104,65 dollar olduğunu nəzərə alsaq, 2014-cü ildə hər gün dünya bazarında orta hesabla 51 mln. 412 min dollar məbləğində Azərbaycan nefti satılıb ki, onun da 5 mln. 895 min dolları məsrəfə gedib. Yerdə qalan ümumi mənfəət 45 mln. 516 min dollar olub. Bölüşdürülən zaman Azərbaycan dövlətinin payı 75 % olduğundan ARDNF ötən il orta hesabla hər gündə 34 mln. 37 min, ayda 1 mlrd. 24 mln., ildə isə 12 mlrd. 290 mln. dollar qazanıb". Ekspert hesab edirlər ki, bu il "Azəri-Çıraq-Günəşli" yatağı üzrə hasilat ötənilki səviyyədə qalarsa, dünya bazarında "UK Brent" xam neftinin 1 barelinin qiyməti 2015-ci ildə pis ssenari üzrə orta hesabla 40 dollar olarsa, ARDNF 3 mlrd. 714 mln., orta ssenari üzrə 50 dollar olarsa 4 mlrd. 704 mln., yaxşı ssenari üzrə 60 dollar olarsa, 5 mlrd. 942 mln. dollarlıq mənfəət neftinə sahib ola bilər: "Bu isə o deməkdir ki, ötən illə müqayisədə ARDNF-nin gəlirləri il ərzində 1 barelin qiyməti 40 dollar olarsa 9 mlrd. 116 mln., 50 dollar olarsa 7 mlrd. 586 mln., 60 dollar olarsa 6 mlrd. 348 mln. dollar azala bilər. Yəni, ARDNF-nin neftin qiymətinin ucuzlaşmasından itkiləri yaxşı halda 6 mlrd. 348 mln., pis halda isə 9 mlrd. 116 mln. dollar ola bilər. Nəzərə alsaq ki, ARDNF-nin bu il ərzində yalnız dövlət büdcəsi qarşısında öhdəliyi 10 mlrd. 388 mln. manat və ya 13 mlrd. 233 mln. dollardır, onda fondun builki gəlirləri yalnız büdcəyə nəzərdə tutulan transferin pis halda 28 %-ni, orta halda 35,5 %-ni, yaxşı halda isə 47,9 %-ni ödəyə bilər". İqtisadçıların fikrincə, yerdə qalan vəsaitlərin maliyyələşdirilməsi üçün yeganə mənbə fondun aktivləri olacaq: "Onun da müxtəlif banklarda və bazarlarda yerləşdirildiyini nəzərə alsaq, o halda ARDNF aktivlərinin idarə edilməsi siyasətində indidən dəyişikliklər aparmalıdır. Əks halda lazım olan sərbəst vəsaitin büdcəyə və digər strateji layihələrə yönəldilməsi vəsaitlərin idarə edilməsinə dair mövcud müqavilələrin pozulmasına və bu səbəbdən də əlavə cərimə və itkilərə səbəb ola bilər. Ona görə, təklif edirəm ki, ARDNF 2015-ci il üçün aktivlərinin idarə edilməsi siyasətində dəyişikliklər aparmalı, sabitləşdirmə funksiyasını təmin edə biləcək vəsait mənbələri formalaşdırmalıdır ki, onun təyinatı üzərində istənilən zaman sərbəst sərəncam vermək imkanı yaransın".