“Cənub qaz dəhlizi”nin Məşvərət Şurasının ilk iclası İqtisadiyyat

“Cənub qaz dəhlizi”nin Məşvərət Şurasının ilk iclası

Rusiya mətbuatı da bu iclasdan yazıb

Cavid

Dünən Bakıda "Cənub qaz dəhlizi" layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclası keçirilib.
İclasda "Cənub Qaz dəhlizi" layihəsinin icrası, idarə olunması, mövcud vəziyyəti ilə bağlı konkret tövsiyələr verilib. İclasda "Cənub qaz dəhlizi" layihəsinin iştirakçısı olan ölkələrin - Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstanının enerji nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin, Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidentinin, Beynəlxalq Maliyyə Korporasiyasının, Avropa Yenidənqurma və İnkişaf Bankının, ARDNŞ, "bp-Azərbaycan" şirkəti, Trans Anadolu Boru Kəməri (TANAP), Trans-Adriatik Boru Kəməri (TAP) şirkətlərinin və digər beynəlxalq qurumların rəsmi nümayəndələri iştirak ediblər.
Avropa Komissiyası Bakı görüşünü – Azərbaycan və Avropa Birliyinin birgə təşəbbüsü adlandırıb.
Rusiya mətbuatı da bu görüşə yer ayırıb. Mətbuatın yazdığına görə, rəsmi Bakı "Cənub Qaz Dəhlizi" reallaşdırmaqda Moskvanı qabaqlayacaq.
Bildirilir ki, "Cənub qaz dəhlizi" layihəsinin reallaşdırılması üzrə işlərə gəlincə, hər şey qrafik üzrə gedir: tikinti artıq başlanıb, borular sifariş edilib, podratçılar seçilib. Rəsmi Bakı "Cənub qaz dəhlizi"nin birinci hissəsi olan TANAP layihəsini 2018-ci ilə qədər və TAP layihəsini 2020-ci ilə qədər reallaşdırmağı öhdəsinə götürüb.
Mütəxəssislərin qiymətləndirilmələrinə görə, Azərbaycan Avropaya illik 16 milyard kubmetr qaz çatdırmağı bacaracaq. Daha sonra bu 20 milyard kubmetrə qədər artacaq.
Rusiya mətbuatı yazır ki, "Cənub qaz dəhlizi"ndən fərqli olaraq Rusiya və Türkiyənin təklif etdiyi "Türk axını" hələlik layihə olaraq qalır. Layihənin reallaşdırmasının vaxtı hələlik müəyyən edilməyib.
Analitiklərin fikrincə, "Türk axını" gündəmə gələndən sonra Avropa "Cənub qaz dəhlizi" layihəsi üzrə işləri sürətləndirib.
Prezident İlham Əliyevin 51-ci Münhen təhlükəsizlik konfransında bu barədə çıxışı da diqqətçəkən idi. Xüsusilə Azərbaycan liderinin iki tezisi Avropaya mesaj olaraq qiymətləndirilə bilər.
"Bu layihədə bizə səviyyədə çeviklik və etibar lazımdır. Çünki TANAP, TAP, "Şahdəniz-2" layihələri böyük investisiyalardır və təkcə Azərbaycan yox, bp, Türkiyə burada ən böyük sərmayə tərəfdaşlarıdır. Beləliklə, biz bu sərmayələri geri qaytarmalıyıq", - deyə dövlət başçısı bildirdi.
Bununla, rəsmi Bakı Avropaya "Türk axını" ilə yarışda daha çevik olmağın lazımlığını çatdırdı. Həmçinin, "biz bu sərmayələri geri qaytarmalıyıq" deməklə Prezident İlham Əliyev dünyada neftin qiymətinin aşağı düşməsi fonunda yaşanan böhranla səsləşən mesajını verdi. Yəni Azərbaycan qoyduğu sərmayəni geri qaytarmalıdır.
"Türk axını" gündəmə gələndən sonra Moskvanın əsas hədəfi Avropanın tarixə qovuşan "Nabucco"dan sonra bel bağladığı TANAP və TAP layihələrini qabaqlamaqdır. Belə ki, TANAP 2018-ci ilə, TAP isə 2020-ci ilə qədər hazır olacaq. "Qazprom" isə "Türk axını" layihəsini 2018-ci ilə qədər başa çatdırmaq niyyətini açıqlayıb. Bakı və Moskvanın arası nə qədər yaxşı olsa da, ümumi bazar uğrunda mübarizədə Rusiya bütün vasitələrdən istifadə edə bilər. "Türk axını"nın daha tez reallaşması bütün hallarda Azərbaycan qazının əhəmiyyətinə kölgə sala bilər. Göründüyü kimi, bu, Avropanın da marağında deyil.
"TANAP layihəsini 2018-ci ilə qədər icra etməyi, TAP layihəsini 2020-ci ilədək yerinə yetirməyi öhdəlik götürüblər. Lakin bizə bütün komanda üzvləri arasında əlaqələndirmə, daha çox dəstək və daha çox qarşılıqlı etibar lazımdır", - deyə Azərbaycan lideri Münhendə işin ciddiliyini avropalı siyasətçilərin diqqətinə çatdırdı.
Görünür, qərbli siyasətçilər Bakının mövqeyi ilə razıdır.
Amma mütəxəssislərin fikrincə, Azərbaycan Avropaya gələcəkdə 20 milyard kubmetrə çatmaqla hər il 16 milyard kub metr qaz tədarük edə bilər.
"Lakin bu həcm Rusiyanın Avropaya qaz ixracına ciddi rəqabət yarada bilməz", - "Nezavisimaya qazeta"ya açıqlamasında azərbaycanlı ekspert İlham Şaban deyib.
Xatırladaq ki, Rusiya qazını Avropa Birliyi ilə Türkiyə sərhədinə çatdıracaq "Türk axını" hələ layihə halındadır. Layihənin reallşama tarixi müəyyən olunmayıb.