Ağcabədidə sahibkarlara kredit verilib İqtisadiyyat

Ağcabədidə sahibkarlara kredit verilib

Hökumətlə FAO arasında saziş imzalanıb

Tərlan

Dünən Sahibkarlığa Kömək Milli Fondu (SKMF) "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Ağcabədi rayonunun Xocavənd kəndində keçirib. İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, 100-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə Ağcabədi rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və prioritet hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, kiçik və ya orta həcmli meyvə-tərəvəz emalı və meyvə qurutma müəssisəsinin, intensiv bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu il ərzində fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 621 investisiya layihəsinin maliyyələşdirilməsinə 22,3 mln. manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 1500-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7 442 investisiya layihəsinin maliyyələşdirilməsinə 323,7 mln. manat güzəştli kredit verilib: "Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistika mərkəzləri, cins iribuynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, üzümçülük, bağçılıq, tingçilik və toxumçuluq, istixana təsərrüfatlarının, çörək zavodlarının, meyvə-tərəvəz, süd, ət emalı müəssisələrinin yaradılması layihələri maliyyələşdirilib. Verilmiş kreditləri istifadə etməklə investisiya layihələrinin maliyyələşdirilməsi 28 mindən çox yeni iş yerinin yaradılmasına imkan verir".
Xocavənd kəndində keçirilən tədbir çərçivəsində Ağcabədi və ətraf rayonlarda fəaliyyət göstərən 51 sahibkara 571 min manat güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması 80-dən çox yeni iş yerinin açılmasına imkan verəcək. Tədbir çərçivəsində həmçinin, Ağcabədi rayonunun Ağabəyli kəndində güzəştli kredit ayrılmış ildə 3,1 min ton keçi südü istehsal edən 2 000 başlıq müasir cins heyvandarlıq təsərrüfatının fəaliyyətinə və Ağcabədi şəhərində ildə 7,3 min ton çörək istehsal etmək gücünə malik olan müasir çörək zavodunda aparılan tikinti işlərinə baxış keçirilib.
Qeyd edək ki, SKMF bank-agentlərə kreditləri illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayırır. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 31 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 7 kredit ittifaqı vasitəsilə həyata keçirilir. Kreditin minimal məbləği 10 min manat, maksimal məbləği isə 5 mln. manat təşkil edir. Əslində iqtisadiyyatın daha böyük həcmdə əlverişli və uzunmüddətli kreditlərə ehtiyacı var. Bununla yanaşı, sahibkarın öz məhsulunu emal etməsinə, maneəsiz bazara çıxarmasına da əlverişli və təşviqedici mühit yaradılmalıdır. Sahibkarların rəqabət qabiliyyətli məhsullar istehsal etmək və xaricə satmaq imkanları var.
Azərbaycan hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında "Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqların artırılması layihəsi"nın icrasına dair saziş imzalanıb.
FAO-nun Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, növbəti iki il müddətində həyata keçiriləcək layihənin əsas məqsədi ekoloji təmiz kənd təsərrüfatının hazırkı vəziyyətinin qiymətləndirilməsi, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının marketinqi və onların rentabelliliyi üzrə tədqiqatların aparılması, mövcud qanunvericiliyin və institusional inkişafın təkmilləşdirilməsi, orqanik kənd təsərrüfatı üzrə milli strateji planın hazırlanması, orqanik kənd təsərrüfatı məhsullarına dair effektiv müfəttişlik və sertifikatlaşdırma sisteminin təşkil edilməsindən ibarətdir.
Qeyd edək ki, layihə çərçivəsində orqanik kənd təsərrüfatı üzrə sənədləşmə mərkəzinin təşkili, orqanik kənd təsərrüfatı üzrə məlumatların toplanılması və fermerlərə paylanılması, bu sahədə milli potensialın, texniki bacarıqların gücləndirilməsi nəzərdə tutulur. Bu tədbirlərin həyata keçirilməsi ölkədə keyfiyyətli və təhlükəsiz ərzaq məhsullarının istehsalının artırılması vasitəsilə əhalinin sağlam ərzaqla təminatına və ətraf mühitin qorunmasına töhfə verəcək.
Müsbət haldır ki, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı vergilərdən azaddır. Azərbaycanda kənd təsərrüfatı istehsalı artır. Təkcə bu ilin yanvar ayında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 196,2 mln. manat olub. Onun sabit qiymətlərlə dəyəri keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,3%, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,3%, bitkiçilik məhsulları üzrə isə 5,1% artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, mal-qaranın qışlamadan salamat çıxarılması üçün lazımi zootexniki və baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsi, mal-qaranın baş sayının əvvəlki ilə nisbətən artmasını təmin edib. Nəticədə, bu ilin yanvar ayında əsas heyvandarlıq məhsullarının istehsalının artırılmasına nail olunub. Yanvar ayında diri çəkidə 36,3 min ton ət, 133,9 min ton süd, 123,5 mln. ədəd yumurta istehsal edilib. Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2,4%, süd istehsalı 3,2%, yumurta istehsalı isə 11,1% artıb. Eyni zamanda, bu il yanvarın 1-i vəziyyətinə damazlıq təsərrüfatlarında 6,6 min baş qaramal, 48,8 min baş qoyun və keçi mövcud olub. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün dövlət və özəl damazlıq təsərrüfatları ötən il heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə 1165 baş qaramal, 7 517 baş qoyun və keçi satıblar.