Sahibkarlıq fəaliyyətinə qarşı süni müdaxilələr İqtisadiyyat

Sahibkarlıq fəaliyyətinə qarşı süni müdaxilələr

Onların aradan qaldırılması sahəsində araşdırmalara başlanılıb

Tərlan

Azərbaycan prezidentinin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" fərmanına uyğun olaraq artıq araşdırmalara başlanılıb. APA-nın məlumatına görə, bunu dünən Bakıda keçirilən "Sahibkarlığın Azərbaycan iqtisadiyyatdakı rolu: nailiyyətlər və perspektivlər" tədbirində Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov bildirib. Onun sözlərinə görə, bu fərman sahibkarlığın inkişafına və ölkədə biznesin və sahibkarlığın inkişafına yardımçı olacaq: "Bu fərman ölkədə qeyri-neft sektorunun, sahibkarlığın sürətlə inkişafına yardım edəcək".
N.Səfərov deyib ki, artıq bu fərmanın icrası məqsədi ilə təkliflər paketi hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub: "Sənəd hazırlanarkən dünyanın qabaqcıl təcrübəsi nəzərə alınıb".
Azərbaycanda dövlət başçısının sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı son fərmanına uyğun olaraq 8 istiqamətdə ciddi islahatlar aparılacaq. Niyazi Səfərov sözlərinə görə, bu islahatlar sahibkarlıq fəaliyyətinə başlamaqdan xitam verilənə qədər olan mərhələləri özündə ehtiva edir: "Qeyd edək ki, bu sənədin hazırlanması zamanı ən qabaqcıl ölkələrin təcrübələri nəzərə alınıb. Bu fərmanın əsas məqsədi Azərbaycanda sahibkarlıq fəaliyyətinə münbit şərait yaratmaqdır. Yaranacaq şərait imkan verəcək ki, ölkədə müasir rəqabət qabiliyyətli sənaye müəssisələri yaradılsın". Nazir müavini bildirib ki, ölkə başçısının fərmanına uyğun olaraq İqtisadiyyat və Sənaye Nazirliyi təkliflər paketini hazırlayaraq hökumətə təqdim edib.
Azərbaycanda sahibkarlıq fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması üçün mühüm addımlar atılıb. Bunu dünən Bakıda "Sahibkarlığın Azərbaycan iqtisadiyyatdakı rolu: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən tədbirdə vergilər nazirinin müavini Sahir Məmmədxanov bildirib. Onun sözlərinə görə, 2008-ci ildə sahibkarlıq subyektlərinin qeydiyyata alınması bir pəncərə prinsipi ilə yerinə yetirilir: "Təkcə 2008-2013-ci illərdə 340 minə yaxın sahibkarlıq subyekti qeydiyyata alınıb".
O bildirib ki, fərdi sahibkarlığın qeydiyyatı prosesi elektronlaşdırılaraq 2 gün müddətindən bir neçə dəqiqəyə qədər azaldılıb. Elektron qeydiyyat təcrübəsinin həyata keçirilməsinə başladıldığı 2012-ci ildən bu günə qədər 52,4% artaraq ümumi qeydə alınanların 54%-ni təşkil edib.
S.Məmmədxanov deyib ki, bu tədbirlər planı vaxtında və tapşırığa uyğun davam etdirilməkdədir.
"Azərbaycanda kiçik sahibkarlığın strukturu təkmilləşdirilməlidir. Dövlət bu sahəyə xüsusi diqqət ayırır. Regionlarda kiçik sahibkarlıqla bağlı rəqəmlər fərqlidir. Əhalisi 60-70 min olan regionlarda kiçik sahibkarlıqla məşğul olanların sayı 250-300-ə bərabərdir". Z.Səmədzadə qeyd edib ki, ölkədə kiçik sahibkarlığın inkişafı üçün böyük potensial mövcuddur: "İnzibati Xətalar Məcəlləsi, Dövlət Sosial Müdafiə Fondu, Vergilər Nazirliyinin qeyd edilən sahədə gördüyü işlər bu sahədə fəaliyyət göstərənlərin sayının artmasına yardım edəcək. Kiçik sahibkarlığa dövlət dəstəyi, eləcə də geniş maarifləndirmə sayəsində bu sahə gələcəkdə daha da inkişaf edəcək".
Azərbaycanda vergi məhkəməsinin yaradılmasına zərurət var.
Həmin məhkəmə vergi və sosial ödənişlərlə bağlı mübahisələri həll edə bilər. Çünki məhkəmələrdə şikayətlərin 80%-i bu sahə ilə bağlı olur. Bunu dünənki tədbirdə "Beker & McKenzi" hüquq şirkətinin rəhbəri Gündüz Kərimov bildirib. O, deyib ki, analoji qurum Bakı iqtisad məhkəməsinin nəzdində yaradıla bilər. Vergilər nazirinin müavini Sahir Məmmədxanov da dövlət tərəfindən bu təkliflə bağlı addımın atılacağı təqdirdə onu dəstəkləyəcəyini bildirib. Nazir müavini əlavə edib ki, Vergilər Nazirliyinin Vergi Apelyasiya Şurası da bu cür məsələlərə baxır. Onun sözlərinə görə, Şurada ötən il vergi sisteminin yoxlanılmasından narazı qalan vergi ödəyicilərinin 50-ə yaxın işinə baxılıb.
Azad sahibkarlıq bazar iqtisadiyyatının ən vacib elementidir. Bunu dünya təcrübəsi və Azərbaycanın müstəqillik illərində iqtisadiyyatının inkişafı da təsdiq edir. Sahibkarlığın xarakteri və fəaliyyət göstərdiyi sahələr iqtisadi artım tempinə, Ümumi Daxili Məhsulun strukturuna və keyfiyyətinə, məşğulluq probleminin həllinə həlledici təsir göstərir. Sahibkarlığın formalaşması və inkişafı çoxsaylı problemələrlə müşahidə olunsa da, hər il iqtisadiyyatda sahibkarlığın və özəl bölmənin rolu artmaqdadır. Təkcə qanunların qəbulu kifayət deyil, hökumət çalışmalıdır ki, iqtisadi azadlıqları daha da genişləndirsin. Habelə sahibkarların hüquqları qorunmalıdır. Əslində iqtisadiyyatın tam liberallaşdırılmasına, dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsinə, azad rəqabətə və iqtisadi azadlıqların təmin olunmasına daha çox ehtiyac var. Sənaye özəl sektorun və sahibkarlığın, kənd təsərrüfatı fermerlərin hesabına dirçəldilməlidir. Sahibkarlığa iqtisadi artımın əsası kimi baxılmalıdır. Ona görə də dövlət sahibkarlıq fəaliyyətini dəstəkləməli və onun inkişafını stimullaşdırmalıdır. Kiçik və orta sahibkarlığın inkişafına mane olan amillər aradan qaldırılmalıdır. Dünyadakı maliyyə böhranı şəraitində Azərbaycan hökuməti tərəfindən valyuta ehtiyatlarından səmərəli istifadə, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, maliyyə intizamının möhkəmləndirilməsi, milli valyutanın sabitliyinin qorunması və ölkədə investisiya mühitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər investorların maraq dairəsindədir.
Dövlət sahibkarlığın inkişafı üçün hər şeydən əvvəl əlverişli investisiya mühiti formalaşdırmalıdır. Sahibkarlığın inkişafının stimullaşdırılması vasitəsi kimi bir neçə amil çıxış edir. Bunların sırasında maliyyə, bank-kredit siyasəti, əlverişli vergi siyasətinin yürüdülməsi, dövlət yardımı sisteminin təşəkkülü, qanunvericilik bazasının təkmilləşdirilməsi, özəlləşdirmənin səmərəli aparılması, infrastruktur problemlərinin həlli və s. göstərmək olar. Azad sahibkarlığın inkişfı üçün qeydiyyat prosedurlarının sadə olması da mühüm amillərdən biridir. 2008-ci ilin yanvarından Vergilər Nazirliyində yaradılmış "bir pəncərə" qeydiyyat sisteminin tətbiqinə başlanıb ki, bu da sahibkarlar üçün xeyli rahatlıqlar yaradıb. Əslində vergi sistemi sahibkarlıq fəaliyyətini stimullaşdıran bir iqtisadi vasitə rolunda çıxış etməlidir. Vergi güzəştlərinin verilməsi özü azad sahikarlığa dövlət yardımının bir formasıdır. Sahibkarlar isə daha əlverişli vergi rejimi, azad və ədalətli rəqabət mühiti, enerji tariflərinin əlverişli olmasını, aşağı faizli və uzunmüddətli kreditlər, müasir infrastruktur, daxili bazarın qorunmasını və s. istəyirlər.