“İstək Türkiyəni qarışdırmaqdır” Müsahibə

“İstək Türkiyəni qarışdırmaqdır”

Elxan Şahinoğlu: "Sonda Ərdoğan məcbur olub PKK-ya qarşı savaş açdı"

Xəbər verdiyimiz kimi, Almaniya "Patriot" raket kompleksini və 260-a yaxın əsgərini Türkiyədən çıxarır. Qərarın Suriyadan Türkiyəyə heç bir hücum təhdidinin olmamasına görə verildiyi bildirilib. ABŞ-ın da oktyabrda Türkiyədən çıxacağı qeyd olunub.
"Patriot" raketləri 2012-ci ildə Suriya təhlükəsinə görə, NATO çərçivəsində Türkiyənin Qəhrəmanmaraş vilayətində yerləşdirilib. "Patriot" raketləri Türkiyənin hava məkanının təhlükəsizliyini təmin edirdi.
Bu mövzu, eləcə də, Türkiyə-Suriya, Türkiyə-İraq sərhədində yaranan durum, PKK-nın fəaliyyəti ətrafında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlununun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Hazırda Türkiyənin Suriya ilə sərhədindəki, xüsusilə Kobani ətrafındakı durumu necə şərh edərdiniz?

- Əslində, hər şey ondan başladı ki, PKK terror təşkilatı tərk-silah olunmaq istəmədi. Ərdoğan hakimiyyətdə olduğu 13 il müddətində barış siyasəti yeritdi, bu problemin dinc vasitələrlə həllinə girişdi, radikal kütlənin bir çox tələblərini yerinə yetirdi. Buraya kürd dilində televiziya yayımı, kürd dilində sərbəst danışmaq və s. aid idi. Hətta tarixdə ilk dəfə olaraq radikal kürd hərəkatı parlamentdə 80 deputatla təmsil olundu. Yəni MHP qədər mandatları var. Lakin görünən odur ki, istək Türkiyəni qarışdırmaqdır. Sonda Ərdoğan məcbur olub PKK-ya qarşı savaş açdı. PKK-nın lideri Abdulla Öcalan 2 il əvvəl elan etmişdi tərk-silah olunun, siyasi proseslərdə aktiv olun. Ancaq bu, baş vermədi. İndi 5 min PKK-çı Şimali İraqda gizlənirsə, 1500 nəfəri də Türkiyə ərazisindədir. Onlar da faktiki terrorla məşğuldurlar. Türkiyə ordusu da məcbur olub həm onlara, həm də İŞİD-ə qarşı əməliyyata başladı. Çünki İŞİD də Türkiyədə terror törətdi.

- Türkiyənin bu addımlarına Avropa və ABŞ-ın münasibəti necədir?

- İlk öncə Qərb Türkiyənin bu addımını dəstəklədi. Ancaq sonradan biz Qərbin ikiüzlülüyünü gördük. Baxın, Qərb İŞİD-ə qarşı addımları dəstəklədi, amma PKK-ya qarşı eyni fəaliyyətə göz yummaq istəmədi. Hətta Avropa Birliyi məsələni siyasi yolla həll etməyə çağırdı. Baxmayaraq ki, bu məsələdə terror törədən əsas qurum PKK-dır. Türk ordusu İŞİD-ə qarşı müəyyən zərbələr endirsə də, əsas hədəfi PKK-dır. Çünki Türkiyəni qarışdıran, terror törədən PKK-dır.

- İndi xəbər var ki, ABŞ və Almaniya Türkiyədə olan silahlarını geri çəkir. Bunu necə izah etmək olar?

- İki-üç gün əvvəl xəbər yayıldı ki, ABŞ və Almaniya sərhəddəki "Patriot" raketlərini çıxarır. Amma bu raketlərin terrora qarşı mübarizəyə heç bir aidiyyəti yoxdur. Önəmlisi ABŞ-ın beynəlxalq terrora qarşı Ankaraya verdiyi dəstəkdir. Türkiyə də bunun qarşılığında ABŞ-a imkan verir ki, İncillik bazasından İŞİD-ə qarşı zərbələr endirsin. Sadəcə, burada da ABŞ-ın ikiüzlülüyü görünür. Türkiyə İŞİD-ə qarşı ABŞ-a lazımı dəstək verir, amma özü PKK-ya qarşı ABŞ-dan gərəkən dəstəyi almır. Hələ sən demə, ABŞ PKK ilə təmaslarına da ara vermirmiş, bu terror təşkilatı ilə təmas imkanlarını qoruyurmuş. Sanki Qərb PKK-nı bəsləyir və onu Türkiyəyə qarşı istifadə etməyə çalışır. Lakin düşünürəm ki, artıq Ərdoğan düyməni basıb və PKK-ya qarşı ciddi iş aparılır. Düzdür, bu o demək deyil ki, PKK-nı məhv edib sıradan çıxaracaqlar. Bu, mümkün deyil. Lakin PKK-nı kifayət qədər zəiflətmək olar. Hazırda Türkiyədə şəhidlər var, əsgər və zabitlər, polislər xaincəsinə qətlə yetirilir, lakin bunun qarşılığında yüzlərlə terrorçu da məhv edilir. Bu da PKK-nı zəiflətməyə yönəlib. Hazırda hökumətin bu siyasətinin arxasında o dayanıb ki, nəhayət, PKK anlasın ki, istədiklərini siyasi vasitə ilə həll edə bilərlər. Ancaq görünür ki, onların istəyi başqadır. Onlar Türkiyəni qarışdırmaq, parçalamaq və kürd dövləti yaratmaq istəyirlər. Buna da Türkiyə heç zaman imkan verə bilməz.

- Dediniz ki, Qərb PKK ilə təmaslarını kəsməyib. Bu tərəfdən də Türkiyəyə dəstək verdiklərini ifadə edirlər. Məqsəd nədir?

- Məqsəd sadədir. PKK 1980-cı illərin əvvəlində Türkiyəni zəiflətmək məqsədilə yaradılıb. Bundan müxtəlif dövlətlər ABŞ-dan tutmuş Yunanıstana qədər istifadə edib. Sonradan Ankara NATO ölkəsi olaraq tələb etdi ki, bu dəstək dayandırılsın, onun düşmənlərinə adekvat münasibət ortaya qoyulsun. İndi bir çox dövlət sözdə PKK-nı terrorçu qurumların siyahısına salıb, amma reallıqda əlaqələri var, dəstək verir. Əks halda PKK bu qədər silahı və maliyyəni haradan əldə edir? Bu suallar 30 ildir gündəmdədir və tutarlı cavablar da yoxdur. PKK-nı bəsləyənlərin məqsədi odur ki, Türkiyə güclənməsin. Təsəvvür edin, əgər PKK problemi olmasa, Türkiyənin regiondakı gücü indikindən 5 dəfə artıq olardı. Görünür, bu da Qərbdəki bəzi dairələrin maraqlarını təmin etmir. Son 30-40 ildə Türkiyə PKK-ya qarşı mübarizəyə 100 milyardlarla dollar xərcləyib. Halbuki, bu pullar iqtisadiyyata, infrastrukturun inkişafına xərclənərdi. İndi də PKK-nın aktiv olduğu Türkiyənin şərq hissələrində terror qurumu imkan vermir ki, dövlət hava limanları tiksin, infrastruktur yaratsın. Çünki bilir ki, bölgə inkişaf etsə, kürdlərin dövlətçiliyə bağlılığı artacaq. Onsuz da bütün kürdlər PKK-nı müdafiə etmir. Ancaq Qərbdə müəyyən dairələr istəmir ki, Türkiyə regionda bir nömrəli dövlət olsun. Odur ki, PKK-ya da müəyyən dəstək verilir.

- ABŞ və Almaniyanın "Patriot" raketlərinin Türkiyədən çıxarmasında məqsəd nədir?

- Əvvəla, bu silahların çıxarılması Türkiyənin terrora qarşı mübarizəsinə maneçilik törətmir. Bu raketlərin Türkiyədə yerləşdirilməsi Ankaranın tələbi ilə olmuşdu. NATO müqaviləsinin 5-ci maddəsinə əsasən raketlər gətirilmişdi. Çünki həmin vaxt Suriyadan müəyyən təhlükələr var idi, hətta Türkiyə təyyarəsi vurulmuşdu. Ankara NATO-dan tələb etdi ki, silah yerləşdirilsin. Ancaq indi Suriyadan hücumların olması ehtimalı yoxdur.

- O zaman sual yaranır, bu raket kompleksi niyə məhz indi, PKK-ya qarşı mübarizə aparıldığı dövrdə çıxarılır?

- Məncə, bu da müəyyən Qərb dairlərinin mesajıdır ki, guya Türkiyənin PKK-ya qarşı açdığı savaşda qardaş ölkəyə dəstək vermirlər. Reallıqda isə bu raket kompleksi Türkiyəyə xüsusi bir üstün mövqe vermirdi. Çünki Türkiyə terrorla mübarizədə öz gücündən istifadə edir, başqa ölkəyə ehtiyacı yoxdur. Bu, Türkiyənin haqqıdır. Hazırda daha çox Suriya ilə sərhəd bölgələr və Şimali İraqdakı kürd kampları vurulur. Bu da normaldır. Çünki Türkiyəyə qarşı PKK fəaliyyəti məhz bu bölgələr vasitəsilə həyata keçirilir. Türkiyə də açıq şəkildə Suriya və İraq ərazisində bombardmanlar həyata keçirir, PKK-nı zərərsizləşdirməyə çalışır. Əlbəttə, bu o demək deyil ki, nəticədə PKK tam neytrallaşacaq. Bu, son 30 ildə mümkün olmayıb. Burada PKK-nı zəiflətmək və anlatmaq olar ki, problem varsa, onu siyasi və qanuni yolla həll etmək olar. İndiki AKP hökuməti kürdlərlə bağlı tarixdə olmayacaq addımlar atdı, tədbirlər həyata keçirdi. Türkiyə tarixində görünməyən hadisədir ki, PKK-nın siyasi qanadı olan Xalqların Demokrat Partiyası barajı aşaraq 80 deputatla parlamentə daxil olsun. Ancaq bu partiya faktiki olaraq PKK ilə arasına məsafə qoymur. İndi imkan var ki, onlar bütün istəklərini siyasi yolla dilə gətirib həllinə çalışsınlar. Bunun üçün şərait yaradılıb. Ancaq gördüyünüz kimi PKK polis idarələrinə, əsgər kazarmalarına hücumlar təşkil edir. Bu da cavabsız qala bilməz. Ərdoğan da məhz bu səbəbdən hücum əmrini verdi. Ötən gün Ərdoğan şəhid cənazəsində iştirak edərkən maraqlı bir fikir söylədi. Qeyd etdi ki, əgər terrorçular Türkiyənin əsgər və zabitlərini qətlə yetirəcəksə, həmin əsgərin ixtiyarı var ki, terrorçunu zərərsizləşdirsin.

- Ordunun PKK-ya qarşı əməliyyatları davam edəcəkmi?

- Hesab edirəm ki, davam edəcək. Hətta parlament seçkilərindən sonra da davam etdiriləcək. Bəzən yanlış fikirlər səslənir ki, Ərdoğan bilərəkdən bu əməliyyata başlayıb ki, təkrar seçkilərdə reytinqi qalxsın və təkbaşına hökumət qurmaq üçün lazım olan səs faizini toplaya bilsin. Əlbəttə, mən bu versiyanı istisna etmirəm. Son sorğular göstərir ki, Əhməd Davudoğlu bu əməliyyatlara başlayandan sonra millətçi kəsimin AKP-yə rəğbəti artıb, seçkidə bu partiya daha çox səs toplaya bilər. Çünki son seçkidə AKP-nin 18 səsi çatmayıb ki, təkbaşına hökumət qursun. Ancaq bir məqamı xüsusilə qeyd edim. Türkiyədə hakimiyyətdə hansı partiyanın olmasından asılı olmayaraq o ərəfədə PKK-ya qarşı addımlara başlayacaqdı. Çünki PKK qırmızı xətti keçmişdi. Həm də, bu ancaq parlament seçkiləri ilə bağlı məsələ deyildi. AKP gördü ki, onun 13 illik sülh danışıqları onların bir qədər dövlətə hörmətli davranmasına səbəb olmur. Ərdoğanın bir sözü var: "Mən istəklərini yerinə yetirdim, amma onların iştahası azalmadı". Biz də separatizmlə qarşılaşan dövlətik və Azərbaycan olaraq bilirik ki, separatizmin iştahası azalmır. Separatizm belədir ki, bir şey tələb edir, həyata keçirirsən. Sonra bunun davamı gəlir. Və əsas tələbə doğru irəliləyirlər ki, bizə müstəqillik verin. Əvvəl radikal hərəkat deyirdi ki, bizim haqlarımızı verin. Ancaq onlara hər cür haqq-hüquq tanındı. İndi görünür ki, onlar daha irəli gedərək kürd dövləti yaratmaq istəyirlər. Türkiyə dövləti də, heç zaman buna gedə bilməz.