“Daha aktiv olmalıyıq” Müsahibə

“Daha aktiv olmalıyıq”

Elman Nəsirli: "Trampın dövründə ABŞ-ın xarici siyasətində pozitiv irəliləyişlərin olacağı ehtimalı böyükdür"

"ABŞ-da yazılmamış qayda var. Yeni seçilmiş Prezidentin 100 gün ərzində yürütdüyü siyasət artıq onun siyasi xəttilə bağlı müəyyən nəticələr çıxarmağa imkan verir. İlk 100 günlük siyasətdə Prezident gələcəkdə həyata keçirəcəyi işləri açıqlayır və müəyyən addımların əsasını qoyur. Bundan sonra bir nəticəyə gəlmək olur".
Bu fikirləri Milli Məclisin deputatı, politoloq Elman Nəsirli deyib.
Elman Nəsirlinin müsahibəsini oxucularımıza təqdim edirik.

- Elman müəllim Donald Tramp artıq ABŞ-ın 45-ci prezidenti oldu. O, seçki kampaniyası zamanı Amerika xalqına bir neçə vəd verib. Sizcə, verilən vədlər yerinə yetiriləcəkmi?
- Donald Tramp yanvarın 20-dən rəsmən ABŞ-ın 45-ci Prezidenti elan edildi. 2021-ci ilə qədər o bu postunda qalacaq. Sonrakı taleyi 4 il yürütdüyü daxili və xarici siyasətdən asılı olacaq. İlk növbədə bizi düşündürən onun yürüdəcəyi xarici siyasətdir. Donald Tramp seçkiqabağı kompaniyasında dəfələrlə qeyd edib ki, ABŞ-ın çox sayda daxili problemləri yaranıb. Onların həll edilməsi ABŞ üçün başqa dövlətlərin daxili işinə qarışmaqdan daha önəmlidir. Amma buna baxmayaraq Donald Tramp özünün xarici siyasət kursunda strateji xətdən imtina etmir. Yəni ABŞ-ın fövqəldövlət statusunu qoruyub saxlamaq önəmlidir. Bunu hansı yolla həll etmək olar? ABŞ-ın əzamətini geri qaytramağın yolunu Tramp ayrı-ayrı dövlətlərin daxili işinə qarışmamaqda görür. Xüsusilə onun Yaxın Şərq və NATO siyasətində daha ciddi dəyişikliklərə imza atacağı proqnozlaşdırılır.
Yaxın Şərq siyasətində artıq fərqli siyasətin ortaya çıxacağını demək mümkündür. Xüsusilə də onun İŞİD-ə qarşı mübarizəni prioritet hesab etməsi, İŞİD-in ləğv edilməsində aktiv olacağını söyləməsi yeni meyldir. Bu da Yaxın Şərqdə Bəşər Əsədə qarşı Amerikanın fərqli münasibətini ortaya qoyur. Belə olduğu təqdirdə, vaxtikən rəsmi Vaşiqtonun səsləndirdiyi Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması və "Əsədsiz Suriya" fikri aktuallığını itirir. Tramp üçün bu məsələ başqa məna və əhəmiyyət kəsb edir. Suriya probleminin həllində Rusiya ilə əməkdaşlıq məsələləri diqqətdə saxlanılır.
Eyni zamanda Trampın siyasətində NATO ilə bağlı məsələlər fərqli müstəvidə öz həllini tapır. Seçki qabağı kampaniyasında Tramp dəfələrlə qeyd edib ki, NATO niyə ABŞ-ın büdcəsi hesabına mövcud olmalıdır. NATO-nun büdcəsinin böyük hissəsini ABŞ ödəyir. NATO-ya üzv ölkələrin hərbi büdcələrinə yenidən baxması və hərbi büdcəyə əlavə vəsaitlərin ayrılmasını gündəmə gətirib. Bütövlükdə NATO-da islahatlar məsələsi Trampın xarici siyasət platformasında əsas məsələlərdən biri idi. Təbbi ki, belə yanaşma tərzi NATO-ya üzv olan ABŞ-ın mütəffiqləri tərəfindən də birmənalı qarşılanmayıb. Çünki onlara sərf etmir ki, təhlükəsizlik məsələləri üçün əlavə vəsait ayırsınlar.
Bundan sonra ABŞ-ın Çinlə bağlı məsələlərdə fərqli siyasət yürüdəcəyi ilə bağlı detallar da bəllidir. ABŞ üçün daha Rusiya deyil, Çin əsas rəqib götürülür. Çinlə münasibətlər məsələsi ABŞ üçün daha önəmlidir. Çinin iqtisadi, siyasi və hərbi istiqamətdə güclənməsi ABŞ üçün təhlükə hesab edilir.
Bizim üçün önəmli məsələlərdən biri ondan ibarətdir ki, görəsən, ABŞ-ın Cənubi Qafqaz siyasəti necə olacaq? Respublikaçıların hakimiyyətdə olduğu illərdə ABŞ-ın Cənubi Qafqazla münasibəti daha fəal idi. ABŞ-la Rusiyanın yaxınlaşması munaqişənin həllində müəyyən təsirlər göstərə bilər. Belə fikir də söyləyən var ki, ABŞ-la Rusiya yaxınlaşarsa, Dağlıq Qarabağ münaqişəsinə mənfi təsir göstrəcək. Rusiya bu halda daha sərbəst olacaq. Münaqişənin həllində təsir imkanları daha genişlənəcək. Bütövlükdə bütün proqnozların düzgünlüyünü zaman göstərəcək. Prezidentin 100 günlük fəaliyyəti bir çox sualların cavabı olacaq.
- Donald Trampın dövründə Azərbaycan-ABŞ münasibətləri necə inkişaf edəcək?
- ABŞ-ın Azərbaycana olan münasibətini düz xətt üzrə qiymətləndirə bilmərik. "Ziq-zaq" münasibətlər mövcuddur. Müəyyən mənalarada münasibətlərdə pisləşmə, bəzi istiqamətlərdə isə yaxınlaşma gedir. Demokratlar hakimiyyətdə olduğu müddətdə bu münasibətlərdə passivlik müşahidə olunurdu. Azərbaycanla münasibətdə də bu passivlik özünü göstərdi. Ermənipərəst Con Kerri ABŞ-ın xarici işlər naziri, dövlət katibi idi. Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın çox ciddi bir addım atacağını gözləmək düzgün olmazdı. Baş verənlər əslində gözlənilən idi. ABŞ-da artıq yeni Prezident hakimiyyətdədir. Erməni lobbisinin və diasporunun Donald Tarmpın seçilməsində heç bir rolu olmayıb. Özünün hesabına bu mübarizədə qalib gəlib və o, erməni lobbisinin maliyyə imkanlarından asılı deyil. Məsələyə bu məntiqlə yanaşdıqda yeni administrasiyanın münaqişənin həlli ilə bağlı daha obyektiv yanaşmasına ümid etmək olar. Bunun üçün şərait də var. Azərbaycan-ABŞ münasibətləri o zaman gərginləşir ki, dövlətimizə qarşı münasibətdə Amerikanın maliyyələşdirdiyi bir çox qeyri-hökumət təşkilatlarından bizə qarşı istifadə edilir. Qarayaxma kampaniyaları aparılır. Hesab edirəm ki, yeni hökumətə bu cür ucuz məsələlər lazım olmaya bilər. Ən azından ona görə ki, Donald Tramp başqa dövlətlərin daxili işinə qarışmayacağını ifadə edib. Amma yenə də bu məsələyə sadəlövh yanaşmanın tərəfdarı deyiləm. Tramp bunu deyibsə, bu o demək deyil ki, buna yüz faiz əməl edəcək. Prezident seçilmək üçün çox ifadələr işlədilə bilər. Əminliklə söyləmək çətindir. Amma ABŞ-ın yeni Prezidenti dövründə xarici siyasət kursunda yeni pozitiv irəliləyişlərin olacağı ehtimalı daha böyükdür.
- Sizcə, Donald Trampın prezidentliyi dövründə erməni vəhşiliklərinə, xüsusilə də Xocalı soyqırımına layiqli hüquqi qiymət veriləcəkmi?
- ABŞ-ın 21 ştatı Xocalı soyqırımını tanıyıb. ABŞ qondarma erməni soyqırımını heç vaxt prezident səviyyəsində tanımayıb. ABŞ-ın yeni Prezidentinin Xocalı ilə bağlı hadisələri soyqırım kimi tanıyacağını düşünmürəm. 1965-ci ildən Ermənistan qondarma erməni soyqırımının tanınmasına nail olub. O vaxtdan bəri ermənilər bu qondarma soyqırımın prezident səviyyəsində tanınmasına nail olmaq istəyirlər. Ermənilər bu qədər böyük lobbi və diaspora sahib olmalarına baxmayaraq buna nail ola bilməyiblər. Amma o demək deyil ki, biz yeni hökumət dövründə Xocalı soyqırımının ABŞ-da daha çox tanınmasına və düzgün hüquqi qiymət verilməsi məsələsində passivlik göstərməliyik. Əksinə, həqiqətlərin çatdırılmasında daha aktiv olmalıyıq. Elə etməliyik ki, Ağ Evdə bu məsələyə obyektiv hüquqi qiymət verilməsi istiqamətində çox mühüm addımlar ata bilək. Biz səbirlə bu addımları atsaq, istəyimizə nail ola bilərik.