

Kənan Rövşənoğlu: YPG-ni təşkilat kimi ləğv etmək realdır”
Hazırda dünya gündəminin əsas mövzularından biri Yaxın Şərq, xüsusilə Suriya məsələsidir. Vaşinqton-Ankara arasında Suriya nizamlanması ilə bağlı əldə edilən konsensus, Vaşinqtonla Tehran arasında İranın nüvə silahı əldə etməməsi ilə bağlı razılıq, prosesləri fərqli məcraya daşıyır.
İsrail Vaşinqton-Tehran razılaşması və Vaşinqton Ankara yaxınlığından ciddi narahatlıq keçirir. Buna görə də danışıqları pozmağa yönəlik addımlar atır, mütəmadi olaraq Suriyaya hücumlar təşkil etməklə ABŞ-nin həm Türkiyə, həm də İranla əldə etdiyi razılığı pozmağa çalışır. Ona görə də Təl-Əviv-Vaşinqton arasındakı gərginlik getdikcə daha da artır. Eyni zamanda İsrail Suriyada Türkiyə ilə toqquşma riskləri yaradır.
Belə olduğu halda Suriyanın hazırkı durumu, daxili vəziyyəti, sosial, milli-etnik və dini quruluşu maraq doğurur. Bu faktorlar kənar müdaxilələrin uğur qazanması üçün əlverişli zəmin yaradılmasında rol oynaya bilərmi?
Yaxın Şərq üzrə ekspert Kənan Rövşənoğlu “Xalq Cəbhəsi”nə müsahibəsində məsələyə aydınlıq gətirdi.
- Suriyada Türkiyə və İsrail toqquşma riskləri varmı?
- Suriyada Türkiyə və İsrailin toqquşması ehtimalı çox zəifdir. Birincisi hər iki dövlət rəsmi şəkildə elan edib ki, Suriyada toqquşmaq istəmirlər. Çünki bu baş versə bütünlükdə region üçün fəlakət olar. İkincisi, bu cür toqquşma hər iki dövlətə heç bir siyasi və ya iqtisadi heç bir fayda vermir. Əksinə, hər iki tərəf üçün zərərdir. Buna görə də bu toqquşma istisnadır. Bilindiyi kimi aprelin əvvəlində Bakıda Türkiyə və İsrail nümayəndələri arasında görüş oldu, Suriyada yəqin ki, toqquşmazlıq zolağı yaratmaqla bağlı bir ilkin razılıq var, bunun mexanizmi və sərhədləri müəyyən olunacaq.
- Suriyanın İsrail və Türkiyə üçün əhəmiyyəti nədən ibarətdir?
- Suriyanın Türkiyə və İsrail üçün əhəmiyyətinə gəlincə, əlbəttə hər iki ölkənin fərqli maraqları var. İsrail Suiryada özü üçün təhlükə olmasını istəmir. İran və proksiləri Suriyadan çıxarılıb, Suriya ordusu və hərbi texnikası İsrail tərəfindən məhv edilib. İndi İsrailin iki əsas hədəfi var.
1. Suriyada ələ keçirdiyi əraziləri özündə saxlamaq.
2. Gələcəkdə özünə qarşı yeni təhlükə yaranmaması üçün Suriyanı mümkün qədər zəif və parçalanmış hala gətirmək.
Bunun üçün həm hərbi təzyiq siyasəti aparır, həm də yerli qruplar, əsasən druzlarla yaxından işləyir.
- Hazırda Suriyada daha çox hansı ölkənin təsir imkanları var?
- Türkiyə isə Yeni Suriyanın qurucusudr, bu mandat ABŞ tərəfindən Ankaraya verilib. Ankara Suriyanın yenidən qurulmasını həyat keçirən qəyyum ölkədir. Amma rəqibləri də var. Burada təsir iki fərqli istiqamətdədir. Biri var Suriya hakimiyyəti üzərində təsir, biri də var ölkədə təsir. Suriya hakimiyyəti üzərində əsasən Türkiyə, Qətər, habelə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və Avropa İttifaqının təsirləri də var. Rusiyanın da daxildə bir sıra qurplara təsiri mövcuddur, o cümlədən, cənubdakı əməliyyat qüvvələri, şimalda isə ələvilər arasında.
- Bu ölkənin milli, dini, etnik quruluşu necədir? Hansı milli, dini- etnik qruplar var və təsir gücləri nədən ibarətdir?
- Suriya çoxmillətli və çoxdinli-məzhəbli ölkədir. Əhalinin 70 faizdən çoxu ərəbdir. Kürdlər və türkmənlər, süryanilər, ermənilər və digər kiçik etnik qruplar var. Həmçinin əhalinin çoxluğu sünni müsəlmanlardır. Bu təxmini 70 faizdir. Nusayrilər, druzlar, şiələr, xristianlar, kimi dini azlıqlar da var. Kürdlər və druzlar, habelə nusayrilər kompakt yaşayan qruplardır. Bu qrupların gələcəkdə federasiya və ya muxtariyyət tələbi ortaya çıxa bilər. Hələlik kürdlər rəsmi olaraq, qeyri rəsmi isə druzlar bu iddianı irəli sürüblər. Nusayrilərdə də bu cür hərəkətlənmə mümkündür.
- Bayaq druzlardan bəhs etdiniz. Son zamanlar durzlarla bağlı məsələ tez-tez gündəmə gəlir. Bir sıra ekspertlər iddia edirlər ki, druzlar da bölünmüş vəziyyətdədir. Bir qrupu İsrailə birləşmək istəyir, bir qrupu isə Suriya hökumətini dəstəkləyir. Ümumiyyətlə druzları necə xarakterizə etmək olar? İsraillə yaxınlıqları varmı və Suriya üçün separat təhlükə yarada bilərlərmi?
- Druzlar cənub-şərqdə İordaniya sərhədi yaxınlığında komakt yaşayan döyşüçü xalqdırlar. Daha əvvəl Bəşər Əsədə də tabe olmayıblar. İndi də yeni hökumətlə məsafəlidirlər. İsrail onlarla iş aparır. İsrail mediasının yazdığına görə, Təl-Əviv druzları federasiyaya həvəsəndirmək üçün iş aparmağa 1 milyard dollar ayırıb. Amma bunun olub-olmadığını zaman göstərər. Druzlar İsraillə yaxın əlaqələrə malikdir.
- İsrail Suriyanın nə qədər ərazisini işğal edib və bu ərazilərin İsrail üçün əhəmiyyəti nədir?
- İsrail Bəşər Əsəd devrildikdən sonra 1974-cü ildə Colan yüksəklikləri və Suriya arasında yaradılmış hərbisizləşdirilmiş zonaya daxil olub və ilk aylarda 600 kv.km-dan bir qədər çox ərazini ələ keçirib. Amma bu ərazi daha da böyük ola bilər. Həmçinin Livan-Suriya sərhədində yerləşən Şeyx dağını (Hermon) ələ keçirib, burdan Dəməşqə 20 kilometrə yaxın məsafə var, müşahidə aparmaq asandır. Bu mənada indi İsrail çox strateji məntəqələri nəzarətə götürüb. Buradan həm Suriya paytaxtını müşahidə altında saxlamaq, həm də Beyrut-Dəməşq yolunu izləmək və nəzarətdə saxlamaq mümkündür. Yəni çox əhəmiyyətli ərazidir və İsrail buradan çıxmaq fikrində deyil. Ən azı bunu belə elan ediblər.
- YPG-nin tam zərərsizləşdirilməsi mümkündürmü?
- YPG-ni təşkilat kimi ləğv etmək mümkündür. Hətta realdır. Amma Suriyada kürd muxtariyyəti fikrini tamamilə ləğv etmək mümkün deyil. Bunun üçün Suriyada ən azı Əsəd qədər avtoritar rejim olmalıdır. Yeri gəlmişkən, Türkiyə və Əsəd hakimiyyəti arasında yeganə uzlaşma nöqtəsi kürdlər idi. Amma indi artıq “ox yaydan çıxıb” demək olar. Çünki Qərb ölkələri kürdləri açıq şəkildə dəstəkləyir. Yada salmaq lazımdır ki, Türkiyənin Afrin əməliyyatı zamanı Ankaraya qarşı təzyiq və sanksiyalar çağırışı edildi. Mənə elə gəlir ki, Ankara da YPG-nin adını dəyişməsi və ya özünü buraxması şərti ilə Suriyanın şimal-şərqində kürd federal subyekti və ya muxtariyyəti - dövlət quruluşundan asılı olaraq - yaradılmasına mane olmayacaq. Çünki aradan 15 il vaxt keçib və kürdlər faktiki olaraq şimal-şərq bölgəsini nəzarət götürüblər. Dediyim kimi, tamamən ləğv etmək üçün sərt və hətta amansız güc tətbiq olunmalıdır. Bu isə hələlik mümkün deyil. Amma dediyim kimi, PYD və YPG-ni sıradan çıxarmaq, ən azı terrorçu ideologiyanı məhv eləmək mümkündür. Amma bütünlükdə muxtariyyət yaradılması prosesinin qarşısını almaq üçün sərt addımlar atılmalıdır. Suriyanın hazırkı vəziyyəti isə buna imkan vermir.