Avropanın Azərbaycanla bağlı düşüncəsi dəyişib Müsahibə

Avropanın Azərbaycanla bağlı düşüncəsi dəyişib

Nəzakət Məmmədova: “Ermənilərin formalaşdırdığı rəy çoxdan dağlıb”

İyunun 27-də Belçikanın paytaxtı Brüssel şəhərində ACRE-in (Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının) növbəti şura yığıncağı keçirilib.
Yığıncaqda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) funksionerləri Aydın Məmmədov və Nəzakət Məmmədova da iştirak ediblər.
Nəzakət Məmmədova “Xalq Cəbhəsi”nə toplantıda qəbul edilən qərarlar və bir sıra regional məsələlərlə bağlı qısa müsahibə verib.
Xatırladaq ki, BAXCP Avropanın aparıcı siyasi partiyalar ittifaqlarından biri olan Avropada Mühafizəkarlar və İslahatçılar Alyansı ilə yaxından əməkdaşlıq edir. Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının 22 may 2015-ci il tarixdə keçirilən toplantısında BAXCP Alyansın üzvlüyünə namizəd kimi qəbul olunub. Qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəticəsində BAXCP ACRE-nin 13 noyabr 2015-ci il tarixdə Tunisdə keçirilən zirvə toplantısında qurumun tamhüquqlu üzvü seçilib.
- Nəzakət xanım, toplantıda hansı məsələlər müzakirə, sənədlər qəbul olundu?
- Şura Yığıncağının açılışında ACRE prezidenti və Avropa Parlamentinin deputatı Jan Zahradil 2019-cu ilin birinci yarımili ərzində ACRE-in fəaliyyəti və həyata keçirdiyi beynəlxalq layihələr barədə toplantı iştirakçılarına hesabat təqdim edib. Jan Zahradil iştirakçılara ACRE sturkturunda olan bəzi dəyişikliklər barədə, ACRE-nin baş katibi Richard Milsom isə ACRE-in maliyyə hesabatı barədə ətraflı məlumat verib. Qeyd olunub ki, ACRE yaxın gələcəkdə fəaliyyətini Avropa Mühafizəkarlar və İslahatçılar Partiyası kimi davam etdirə bilər. Şura Yığıncağı zamanı Niderlandın Demokratiya üçün Forum, İsveçin Demokratlar və İspaniyanın VOX partiyaları Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının üzvlüyünə qəbul ediliblər. Tədbir zamanı 2019-cu ilin may ayında baş tutmuş Avropa Parlamenti seçkilərinin nəticələri də müzakirə olub və Albaniyadakı siyasi durum gündəliyə çıxarılıb. Bununla yanaşı, toplantıda ACRE-in Qadınlar Hərəkatları təşkilatının təmsilçiləri çıxış edərərk partiyaların layihələri barədə məlumat veriblər. Tədbir ACRE-nin sentyabr ayında baş tutacaq növbəti toplantısının müzakirəsi ilə başa çatıb.
- Toplantıdan öncə və sonra qeyri-rəsmi görüşləriniz oldumu, olubsa hansı məsələləri müzakirə etdiz?
- Əlbəttə oldu. Tədbirdən bir gün öncə Brüssel yaxınlığında qeyri-rəsmi görüşümüz oldu. Tədbirə müxtəlif ölkələrdən olan siyasi partiyaların təmsilçiləri qatılmışdılar. Hansılar ki, hakimiyyətdə, parlametdə təmsil olunurlar. Aramızda bir çox məsələlərlə bağlı maraqlı müzakirələr oldu. Onu da qeyd edim ki, may ayında Avropa Parlamentinə keçirilən seçkilərdə mandat qazanan avropalı deputatlarla da söhbətləşdik. Qərara alındı ki, belə tədbirlər vaxtaşırı kecirilsin, fikir mübadilələri aparılsın.
- Tədbir çərçivəsində görüşdüyünüz parlamentarilərə Azərbaycan həqiqətləri, regionakı siyasi vəziyyət, ermənilərin işğalçılıq siyasəti ilə bağlı bilgilər verdinizmi?
- Təbii ki... Qonaqlar Azərbaycanla bağlı bizə çoxlu suallar verdilər. Regionda baş verən proseslərlə, rəsmi Bakının bu proseslərdə tutduğu mövqe ilə, Azərbaycanın iqtisadiyyatı ilə maraqlandılar. Qonşuluq siyasəti, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fkir mübadiləsi apardıq, onların suallarlarını cavablandırdıq. Onu da qeyd edim ki, əvvəllər səfərdə olarkən bizdən Azərbaycanın harada yerləşdiyini soruşurdular, amma son illər artıq Azərbaycan dünya arenasında öz mövqeyini nümayiş etdirdiyindən, böyük nüfuza malik olduğundan Avropada qəbul edilir və tanınır. Tədbirdə qonaqlar Azərbaycanın Avropaya inteqrasiyası ilə maraqlandılar, Azərbaycanın meqa layihələrini, Avropanın enerji təhlükəsizliyində iştirakını bəyəndiklərini söylədilər. Avropalı parlamentarilərin düşüncəsində bu gün Azərbaycan demokratik, insan haqlarının qorunduğu azad bir ölkə kimi qalıb.
- Bu görüşlərdən sonra ölkəmizə qarşı hansısa rəy dəyişikliklərini müşahidə etdinizmi?
- Mən İtaliya, Avstriya, Almaniya kimi bir çox ölkələrdə səfərlərdə olmuşam. Əvvəllər Avropada bizə münasibətdə ermənilərin orada formalaşdırdıqları rəydən çıxış edirdilər. Artıq bizim Avropada apardığımız diplomatik savaşdan qalib çıxmağımız ermənilərin bu rəyini dağıdıb. Azərbaycanda kecirilən beynəlxalq tədbirlər, xaricilərin Bakıya gəlməsi, burada inkişaf və tərəqqini görmələri, Azərbaycana qarşı düşüncələrini dəyişdirib. Artıq Avropada erməni yalanlarına daha inanmırlar. Görüşdüyümüz əksər parlamentarilər Bakıda olduqlarını və çox bəyəndiklərini, hətta Bakının tarixi, görməli yerlərində fotolar çəkdirdiklərini də söylədilər. Bu da onu deməyə əsa verir ki, artıq avropalıların Azərbaycanla bağlı müsbət fikirləri formalaşıb.
- Nəzakət xanım, belə nüfuzlu təşkilatlarda ermənilərin də təmsil olunmasının Azərbaycanla bağlı məsələlərə hansısa mənfi təsiri olurmu?
- Ermənilər harada təmsil olunurlarsa, mütləq şəkildə Azərbaycanı aşağılamağa, öz işğalçılıq siyasətlərini ört-basdır etməyə cəhdlər göstərirlər. Bu tədbirimizdə ermənilər Azərbaycanla bağlı mövzulara toxunmadılar. Rəsmi hissəni nəzərdə tuturam, toxunsaydılar belə, cavablarını alacaqdılar. Amma bir şey deyim ki, ermənilərin belə nüfuzlu təşkilatlarda təmsil olmaları, bura gəlmələri, müzakirələrdə iştiraklarının həm mənfi, həm müsbət tərtəfləri var. Mənfi cəhətlər ondan ibarətdir ki, ermənilər söylədikləri yalanların ifşa olunduqlarını görürlər. Onların Azərbaycana qarşı hər hansı fikri alt-üst olursa bu onların mənfi cəhətləridir. Müsbət cəhəti ondan ibarətdir ki, onlar orta əsr düşüncəsindədirlər. Avropa mədəniyyəti, demokratiyası onların düşüncələrində hansısa dəyişikliklərə gətirib çıxara bilər. Yəni onlar belə tədbirlərdə iştirak etməklə demokratik düşüncəyə malik ola bilərlər, işğalçılıq siyasətinin bir xeyir verməyəcəyini dərk edə bilərlər. Gələcəkdə sivil bir təfəkkürə sahib olmaq şansını qazanmış olarlar. Avropanın özü də əsrlər boyu savaş içində olub, iki dünya müharibəsinə şahidlik edib. Sonradan Avropanın özü demokratikləşib və bu demokratikləşmə ermənilərə təsir edə bilər. Ermənilər bunlardan nümunə götürməlidirlər ki, müharibələr görmüş Avropa bu gün böyük dəyərlərə malikdir. Müharibə, işğalçılıq siyasəti heç bir ölkəyə xeyir gətirməyib.
-Ötən il iyunun 9-da BAXCP-nin təşkilatçılığı ilə Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammiti keçirildi. Bu Bakının Avropada mövqeyinin möhkəmlənməsinə, nüfuzunun artmasına səbəbdir. Görüşdüyünüz qonaqların əksəriyyəti həmin vaxt Bakıda olublar.
Əlbəttə, bu tədbir Bakının Avropada mövqeyini möhkəmləndirdi, Azərbaycanın Avropa dəyərlərinin bir parçası olduğunu sübut etdi. Avropalı parlamentarilər həmin tədbirdən danışırdılar, Bakıda onlara göstərilkən diqqət və qonaqpərvərlikdən razı qaldıqlarını söyləyir, Bakının gözəlliyi və inkişafından bəhs ediblər. Bu gün Azərbaycan Avropanın gözündə 90-cı illərin ölkəsi deyil.

Cavid