“Qaranlığı işıq yaradır” Müsahibə

“Qaranlığı işıq yaradır”

Elman Tovuz: "Ədəbsiz yazılar daha çox oxunur və hətta ədəbiyyatı zənginləşdirə də bilirlər"

Şair Elman Tovuzla söhbətimiz yüksək mənəvi dəyərlərə xidmət edən ədəbi əsərlərdən başladı. Amma Elman bəyin ədəbiyyata öz münasibəti var və hesab edir ki, bəzən ədəbsiz yazılar ədəbiyyatı zənginləşdirə də bilir...

- Əvvəla, onu deyim ki, mən müsahibə verməyə alışmamışam. O üzdən, çalışacağam ki, suallarınızı qısa da olsa cavablandırım. Ədəbiyyat hər nədirsə, qoy indiyədək deyilənlər kimi olsun. Təkcə ona görə yox ki, mən özümü ədəbiyyat adamı hesab etmirəm, həm də ona görə ki, desəm ki, mənim üçün hər şeydir, yalan olar, heç nədir desəm, ağ yalan olar. Bildiyimə görə, "ədəb" sözündən götürülüb. Amma ədəbsiz yazılar daha çox oxunur və hətta ədəbiyyatı zənginləşdirə də bilirlər. Mən şeir yazanda ədəbiyyat haqda düşünmürəm. Şeirlərimlə necə həmsöhbət olduğumu deyə bilmərəm, amma ola bilsin onları yaradan fikirlərimlə həmsöhbətəm. Şeirlərimi oxumağı çox da sevmirəm, baxmayaraq ki, ən ağır, tənha, dərdli anlarımda yanımda olan onlardır. Şeirlərimlə daha çox onların ahəngini, axıcılığını, asan tələffüzünü və s. bir daha nəzərdən keçirmək üçün əksər hallarda sazla müşayiət edərkən həmsöhbət oluram. Bundan, nə gizlədim, özüm də həzz alıram.

- Bəzən eşidirik ki, şeirin tarixi insanın yaradılışı ilə başlayır. Şeirsiz dünyanı necə təsəvvür edirsiniz?

- Məncə, o şeylərə, - tarixi lap qədimə gedib çıxır, insan mövcud olandan olmuşdur və ya filan şeyin təzahürü insanın yaranışı ilə eyni vaxta təsadüf edir, - deyilir ki, onun tarixi, sadəcə, bilinmir. Misal üçün, insan dünyaya gələndən saz da yaranıb deyilməsi nə dərəcədə doğrudur? Əlbəttə, bu yanlışdir. Eləcə də şeirin tarixi. İnsan yaranandan gülmək, ağlamaq və s yarana bilər, çünki bunlar bilavasitə insana xas olan xüsusiyyətlərdir. Amma insan şeir yazmaya bilər... Qaldı, şeirsiz dünyanı necə təsəvvür etməyimə, bu sual sizin şeirə yüksək qiymət verməyinizlə bağlıdır və o məqsədlə soruşursunuz. Mən şeirsiz aləmdə olmamışam deyə, necə təsəvvür etdiyimi də deyə bilməyəcəm. O da var ki, mən şeir yazmaya bilməyəndə yazıram. Qələmlə yazmaq məni yorur. Adətən, başımda fırlanan və təxminən bişmiş bir şeiri tam olmasa da, ordan-burdan telefonuma pıçıldayıram, sonra oturub köçürdürəm. Şeir elə şeydir ki, bir qonağınla söhbət zamanı belə səni yaxalaya bilir və unudulmasın deyə, o fikri qeyd etməli olursan... Deyəsən, özüm də bilmədən sualınızı cavablandırdım...

- Yəni fikirlərinizdən belə aydın olur ki, şeirsiz həyat qaranlıq dünyaya bənzəyir?..

- Yox, elə düşünmürəm. Qaranlıq dünya deyilən bir şey varsa, yəqin ki, onun da öz şeirləri var. Şeir nədir ki - həyat reallıqları üstəgəl şairin "uydurma bacarığı". Məmməd İsmayıl deyir ki, qaranlıq deyilən bir ey yoxdur, o sadəcə, işığın bitdiyi yerdir... Bu deyimin özündə bir "keçid" şeiriyyatı var... Bir də bir şey var ki, qaranlıq aləm varsa, məncə, var, o aləmin şeirləri az yazılır... o şeirin ki, hələ nədən danışdığı açılmayıb (əlbəttə, şeirdən söhbət gedir, dolaşıq fikirlərdən yox) demək, ora hələ qaranlıqdır aça bilməyən üçün. Bu aləm daha maraqlıdır, ən azı ona görə ki, qaranlığı işıq yaradır. Kölgəyə baxın...

- Ümumiyyətlə, bəzən insan hər şeydən küsür, demək olar ki, həyat onunçün maraqsızlaşır. Bir şeir oxumaqla insanın əhval-ruhiyyəsi özünə qayıdır. Sizcə, şeirin gücü nədədir ki, insanı öz dünyasına qaytarmağı bacarır?

- Salam Sarvandan oxumuşam səhv etmirəmsə: "Şeir yerdən çox, göy hadisəsidir". İnsan şeir oxuyanda və ya ona şeir oxunanda o artıq özündə olmur, demək, necə deyərlər, göylərdə olur. Söz çox güclü bir vasitədir. Yerində düz işlənəndə. Bax bir ipi şələyə düz bağlasan, o şələni daşımaq üçün sənə çox da əziyyət düşməyəcək, qaydasında bağlamasan, fikrin-zikrin şələnin dağılmasında qalacaq... O səni daha çox yoracaq, nəinki yükün ağırlığı... Şeir çox sehirli, güclü aləmdir. Bu, sadəcə, pafoslu, uydurulmuş fikir deyil. Yolda sürücüyə şeir oxunmasının sonda avtomobilin qəza törətməsi ilə nəticələndiyini eşitmişəm.
Və əksinə. Ovqatını təzələyir. Çünki şeir həyatdan küsmüş, iztirab çəkən bir insanı insanın dünyasına qaytarmır, insan zatən elə öz dünyasındadır ki, o zülmü çəkir. Şeir onu şeirin dünyasına alır ki, insan o əzablı vəziyyətdən çıxır. Amma şeir də şeir ola da, bax onda...

Elnur Eltürk