“Həm AKP, həm də Gülən camaatı səmimi deyil” Müsahibə

“Həm AKP, həm də Gülən camaatı səmimi deyil”

Zaur Şükürov: "Fətullah Gülən camaatına dəstək verən imkanlı insanların dəstəklərini kəsəcəkləri gözləniləndir"
Türkiyədə yaşayan tədqiqatçı Zaur Şükürovun BayMedia-ya müsahibəsini oxucularımıza təqdim edirik

-Zaur bəy, Türkiyədə "Gülən Camaatı" ilə AKP hakimiyyətinin arasında baş verən mübarizənin əsas görünən və görünməyən tərəfində nələr durur?

-17 Dekabr əməliyyatı korrupsiyaya qarşı bir mübarizə kimi görünsə də fikrimcə bu əməliyyatın əsl qayəsi bu deyil. Çoxdandır Türkiyənin hər keçən gün daha da güclənməsindən narahat olan beynəlxalq qüvvələr var. Bu qüvvələr Türkiyənin artıq tam müstəqil hərəkət etməsindən çəkinirlər. Qeyd etdiyim kimi hazırda hökumət ilə Fətullah Gülən camaatı arasındakı mübarizənin görünən tərəfində korrupsiya durur. Əlbəttə ki, bu mövzuda günahkar və ya günahkarlar varsa mütləq cəzalarını çəkməlidirlər. Xalq korrupsiyanın hər növünə qarşıdır. Kim xalqın, dövlətin bir qəpiyini yedisə və ya yeməyə yol açdısa hesaba çəkilməlidir, bütün bunlar öz yerində. Ancaq digər tərəfdən də baxsaq görərik ki, bu günə qədər mübarizənin görünən tərəfində dərshanə mübahisəsi vardı. Sabah isə tamam başqa bir mövzu ön plana çıxa bilər. Fikrimcə görünən bütün mübahisə mövzuları aldadıcı ola bilər, burada əsas olan iqtidar mübarizəsidir. Hər nə qədər camaat nümayəndələri iqtidara ehtiyaclarının olmadığını və siyasi bir fəaliyyət göstərmədiklərini ifadə etsələr də camaatın iqtidara ortaq olmağa çalışdığını düşünənlər də çoxdur. Bu sadəcə daxildə müqtədir olma məsələsi də deyil, mübarizənin xarici tərəfi də var. Bu mənada hökumətin məlum hadisəni xarici tələ kimi görməsini də mübaliğəli dəyərləndirmə kimi qəbul etməmək lazımdır.
- Fətullah Gülənin Türkiyədə deyil, ABŞ-da yaşaması da insanların düşüncəsində qaranlıq məqamlar yaradır...
- Ümumiyyətlə camaat liderlərinin siyasi aktyor kimi hərəkət etməsini düzgün hesab etmirəm. Bir az əvvəl qeyd etdiyim kimi hər nə qədər camaat nümayəndələri siyasi fəaliyyətlərinin olmadığını söyləsələr də təəssüf ki, Fəthullah Gülənin və onun camaatının bəzi nümayəndələrinin bu gün tutduqları mövqe belə deyil. Bu vəziyyətdən camaata bağlı olan əksər vətəndaşların narazı olduqlarını da qeyd etməliyəm. Türkiyə vətəndaşlarının böyük əksəriyyəti məlum hadisələrin əmrinin xaricdən verildiyinə inanır. Fikrimcə Fətullah Gülənin hadisələrə xaricdən istiqamət verməsi də xalqın məsələni bu cür qavramasına təsir edir. AKP hakimiyyəti dəfələrlə Güləni Türkiyəyə qayıtmağa çağırıb, ancaq hələ də bu dəvətə müsbət cavab verilməyib. Camaata görə Gülənin Türkiyəyə qayıtmasının hələ də vaxtı çatmayıb, əlverişli şərait olmalıdır. Ancaq bir şeyi unudurlar ki, Türkiyədə Gülən camaatının fəaliyyəti üçün AKP iqtidarı dövründə yaradılan şərait bundan əvvəl heç bir hakimiyyətin dövründə yaradılmamışdı. Əslində bir din aliminin işi siyasətə, hökumətə təsir etmək olmamalıdır. Tövsiyyə və nəsihət edə bilər. Tarix boyunca türklərin islami ənənəsində belə camaatlar olmuşdur. Ümumiyyətlə dini bir camaatın vəzifəsi insanları dünyanın yalançı cazibəsindən qurtararaq onları Allaha doğru istiqamətləndirməkdir. Onları kamil insan kimi yetişdirməkdir. Yəni dünyadan, dünyanın cah-cəlalından, dəbdəbəsindən, oyunlarından, kirlərindən uzaqlaşdırıb onları Allaha yaxınlaşdırmaqdır. Fikrimcə bir camaatın siyasətə qarışması bu vəzifəsini düzgün icra etməsinə zərər verir. Çünki bu zaman insanlar Allahdan çox dünyaya, dünyanın oyunlarına və kirlərinə yönəlmiş olurlar. Siyasət həvəsinə düşən bir camaat və ya camaat lideri bu nöqtəni yaxşı təhlil etməlidir.
- Ümumiyyətlə, bu hadisələrə qədər belə deyilirdi ki, AKP-ni hakimiyyətə gətirən "Gülən Camaatı"dır. İndi bu hadisələrin baş verməsi fərqli mənzərə yaradır. Bu haqda nə deyə bilərsiniz?
- Fətullah Gülən camaatı AKP daxilində təmsil edilən yeganə camaat deyil. Bu camaatdan başqa bir neçə camaatın, məsələn Topbaşlar qrubu ilə Mənzil camaatının AKP daxilində kifayət qədər mövqe tutduqları sirr deyil. Buna görə də AKP-ni hakimiyyətə təkbaşına Gülən Camaatının gətirdiyini söyləmək mübaliğəli olar. Ancaq hakimiyyətə gələrkən bu camaatın dəstəyini alması isə şübhəsizdir. AKP iqtidarının ilk illərindən etibarən də birlikdə hərəkət etdiklərini söyləyə bilərik. Hətta 2007-ci ildən etibarən hərbi vəsayətə qarşı ittifaq bağlayan AKP hakimiyyəti və Gülən camaatı bu mövzuda kifayət qədər uğur qazandılar. Ancaq ortaq düşmənin zəiflədilməsinin ardından baş-başa qalan tərəflər bu dəfə də öz aralarında daha artıq iqtidar üçün mübarizə aparmağa başladılar. Bir də heç bir camaata bağlı olmayan vətəndaşları da unutmamaq lazımdır. Belə insanlar arasında da AKP-nin kifayət qədər dəstəyi olub, hələ də var.
- AKP-nin daha çox Bektaşi və Nəqşi-Bəndi təriqətinə yaxın olduğunu qeyd edirlər...
- Nəqşibəndilik təriqətinin Xalidiyyə qolu İskəndərpaşa, İsmayılağa, Ərənköy və Qaşqari qolları ilə Türkiyədə təsirini davam etdirməkdədir. Bu gün bu ölkədə Nəqşibəndi təriqətinə bağlı olan ya da ən azından bir vaxtlar bu təriqətin gələnəyindən keçmiş ya da təsirlənmiş olan bir çox siyasi xadim var. Prezident Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan, baş nazirin müavini Bülənt Arınç, TBMM-nin keçmiş sədri Mehmet Əli Şahinin adlarını bu çərçivədə saymaq olar. İskəndərpaşa camaatının ilk şeyxi Mehmet Zahid Kotku olaraq bilinir. Kotkunun yetişdirdiyi müridlər arasında Turqut Özal, Nəcməddin Ərbakan, Rəcai Kutan kimi Türk siyasi həyatına damğa vurmuş məşhur şəxsiyyətlər var. Kotkunun vəfat etməzdən qısa bir müddət əvvəl Nəcməddin Ərbakana "Sən siyasətə gir", kürəkəni Əsad Coşana isə "Sən də camaatı davam etdir" şəklində tövsiyə etdiyi bilinir. Kotku 13 Noyabr 1980-ci ildə vəfat etdikdən sonra təriqətin başına kürəkəni Əsad Coşan keçdi. Təxminən iyirmi il təriqəti idarə edən Coşan dövründə camaat Turqut Özalın liderliyindəki ANAP-a və BBP-yə yaxın oldu. "Refah-Doğru yol" iqtidarı dövründəki fəaliyyəti bəyənməyən, Ərbakanın səhvlər etdiyini və bu səbəblə də təriqətlərin təzyiqə uğradığını, sərbəst hərəkətlərinin məhdudlaşdırıldığını söyləyən Coşan bu fikirlərini açıq şəkildə ifadə edincə Ərbakan ilə yolları böyük ölçüdə ayrıldı. Coşan dövründə İskəndərpaşa camaatı olduqca böyüdü. Qəzet, tələbə yataqxanaları, dərshanə və radyo quran camaat, ölkə xaricində də yayıldı. Əsad Coşanın 2001-ci ildə vəfat etməsindən sonra oğlu Nurəddin Coşanın başa keçməsi ilə camaatda geriləmə dövrü başladı. Gənc şeyx camaatı bir arada tutacaq gücə sahib ola bilmədi. Şeyxliyin atadan oğula keçməsi də camaatda ciddi narazılıqla qarşılandı. "Sağduyu" adlı bir partiya da quruldu, ancaq elə də güclü bir mövqe qazana bilmədi.
Nəcməddin Ərbakanın liderliyindəki Milli Görüş hərəkatı ağırlıqlı olaraq Nəqşibəndilik hərəkatı ilə iç-içə keçmiş siyasi bir dəsti xətti təmsil edirdi. Bu səbəblə Milli Görüş hərəkatının ön sıralarındakı üzvlərinin Nəqşibəndi kökənli olması təəccüblü deyildi. AKP də Milli Görüş daxilindəki bir ayrılmanın nəticəsi olaraq meydana çıxdığı üçün AKP-dəki önəmli şəxslərin siyasi soy ağacında Nəqşibəndiliyin izlərinə rastlamaq mümkündür. Bu baxımdan indiyə qədər TBMM-də AKP sıralarında Nəqşibəndi təriqətinə bağlı, ya da bu gələnəkdən yetişmiş kifayət qədər millət vəkilinin olduğu AKP mühitində yayılmış bir qənaətdir. Ancaq AKP daxilindəki təriqət ünsürünü sadəcə Nəqşibəndilərlə məhdudlaşdırmaq doğru olmaz. Bunun səbəbi AKP-nin başqa təriqətlərə də açıq olmasıdır. AKP sıralarında nurçu millət vəkillərinin sayının da kifayət qədər olduğu hardasa ortaq qənaət halını almış bir görüşdür. Hətta son hadisələrdən sonra AKP-dən istefa verən bəzi millətvəkilləri də Gülən camaatına yaxın olmaqla tanınırlar.
Baş nazir və AKP sədri Rəcəb Tayyib Ərdoğan da keçmişdə İskəndərpaşa dərgahı ilə yaxın əlaqələri olmuş bir siyasətçidir. Ərdoğan hələ partiyasının böyük uğurla çıxdığı 2002-ci il seçkilərindən sonrakı ilk cümə namazını Ankaradakı Mehmet Zahid Kotku məscidində qılaraq önəmli bir jest etmişdi. Bu jest özündə böyük bir simvolizm daşıyırdı. Bir çoxları bunu "Ərdoğanın dərgaha olan batlarının qopmadıtını göstərən bir addım" kimi izaş etmişdi.
Prezident Abdullaş Gül də Nəqşibəndi gələnəyinə yaxın bir xətdən gəlir. Bununla bərabər bu günkü duruşu etibarilə təriqət və dini camaatların önəmli bir qismi ilə yaxın münasibətlər içində olduğunu söyləmək mümkündür. Bunun ən açıq dəlili kimi Fətullah Gülən camaatının Gülün prezidəntliyinə verdiyi güclü dəstəyi göstərmək olar.
O ki qaldı AKP-nin Bektaşiliyə yaxın olması məsələsinə, onu deyə bilərəm ki, AKP-nin önəmli simaları arasında bektaşi-ələvi kökənli olanlar yoxdur. Ancaq AKP-nin ələviliyə də açıq olduğu bilinən bir həqiqətdir. AKP sıralarında ələvi millətvəkili də var.
Nəticə olaraq deyim ki, Nəqşibəndilik, Qadirilik, Mövləvilik, Xəlvətilik: Bunların hamısının qəlbi zənginləşdirmək, insanı kamilləşdirmək, əlbəttə ki, dünyadan əlini ətəyini çəkmək mənasında demirəm, ancaq dünyanın kirli səhnəsində aktyor olmamaq, kirlənməmək, insanları Allah yoluna istiqamətləndirmək kimi bir vəzifəsinin olduğunu düşünürəm. Belə bir vəzifə daşıyan bir təriqət və ya camaat liderinin eyni zamanda siyasət səhnəsində yer alaraq və ya siyasətə təsir etməklə məşğul olaraq əsl vəzifəsini haqqıyla yerinə yetirəcəyinə inanmıram. Ancaq din xadimliyi kimliyini bir kənara qoyaraq siyasi fəaliyyətlə məşğul olarsa başqa. Və ya tarixdəki bir çox görkəmli din alimləri və təriqət liderləri kimi din xadimliyi kimliyi ilə vətənin və millətin bəqası üçün hakimiyyətə tövsiyə və nəsihət etməsi də başqa. Çünki iqtidarların hər zaman aqil insanların tövsiyələrinə ehtiyacı var.
- AKP prosesi uğurlu başa çatdıra biləcəkmi?
- İndiyə qədər AKP-dən ayrılanlar oldu, ancaq Gülən camaatında hər hansı bir çatlama görünmür. Bu camaatın bağlıları arasında ən azından hələlik ciddi bir fikir ayrılığı olmadığı anlaşıldı. Ancaq camaata bağlı olmasalar da camaata dəstək verən imkanlı insanların dəstəklərini kəsəcəkləri gözləniləndir. Bundan əlavə dindar ailələr uşaqlarını əvvəlki kimi camaatın məktəblərinə vermək istəməyə bilərlər.
Fikrimcə hökumət "paralel dövlət" adı verilən qruplaşmanı ortadan qaldırmağa məcburdur. Ancaq əvvəlcə bunu isbatlamalı, ondan sonra ünsürlərini təsbit edib təmizləməli və onların yerinə başqalarını tapmalıdır. Bu mərhələlərin hər birinin ayrı-ayrı çətinliyi var.
Hökumət-camaat ittifaqında hər iki tərəf qazanmışdı, öz aralarındakı "müharibə"də isə hər ikisi də itirir və belə gədərsə daha çox itirəcəklər. Dolayısıyla bu "müharibə"də hökumətin zəfərindən çox daha az itirməsi, daha az yara alması önəmli olacaq. Bundan əlavə məlum hadisələr göstərdi ki, indiki vəziyyətdə hökuməti sarsıdacaq yeganə qüvvə camaatdır. Ancaq bir şeyi də qeyd etmək lazımdır ki, hadisənin başlanğıcı camaatın bu "müharibə" üçün sanki əvvəlcədən ciddi hazırlaşdığını, hadisənin daha sonrakı gedişatı isə hökumətin camaatı heç də düşünüldüyü kimi sərbəst və nəzarətsiz qoymadığını göstərdi.
Sonda onu da qeyd edim ki, iqtidarda hansı görüşə mənsub partiya olursa olsun, seçki ilə gəldiyi kimi ancaq və ancaq seçki ilə getməsinin doğru olduğuna inanıram. Hər hansı bir təriqətin və ya camaatın iqtidarı öz təsir dairəsinə salmağa çalışmasını, təğsir edə bilməyəndə də hakimiyyətdən getməsi üçün çalışmasını düzgün hesab etmirəm. Eyni zamanda bu hadisələrdə həm AKP-nin, həm də Gülən camaatının öz mövqelərində səmimi olduqlarını düşünmürəm. Çünki əgər həqiqətən də korrupsiya varsa, hər halda son aylarda olmamışdır. Əgər varsa, on bir ildir var. Bu illər ərzində AKP ilə eyni yolda addımlayan camaatın bunu indi dilə gətirməsini səmimi hesab etmirəm. Və ya "paralel dövlət" varsa, hər halda son aylarda qurulmadı, illərdir var. Bu illər ərzində polis və məhkəmə sistemini hardasa camaatın ixtiyarına verən hökumətin "paralel dövlət" mövzusunu indi gündəmə gətirməsini də səmimi hesab etmirəm. Çünki bu mövzu daha əvvəl bəzi yazar və jurnalistlər tərəfindən dilə gətiriləndə hakimiyyət eşitmək istəmirdi. Ancaq bu hadisələrin mart ayında keçiriləcək bələdiyyə seçkiləri ərəfəsinə təsadüf etməsini isə təsadüfi saymıram. Hər halda son sözü seçkilərdə xalq deyəcək. Hüquq dövlətində ədalətin kəsdiyi barmaq ağrımadığı kimi xalqın dediyi sözün önünə də söz qoyulmamalıdır.

Elnur Eltürk