“Fazil Mustafa Babəkin göstərdiyi qəhrəmanlığa kölgə sala bilməz” Müsahibə

“Fazil Mustafa Babəkin göstərdiyi qəhrəmanlığa kölgə sala bilməz”

Tarixçi alim Vaqif Abışov:"Çox təəsüf ki, hüquqşünas Fazil bəy tarixi bilmədiyinə görə "Babək sovet sistemi tərəfindən sırınıb" kimi bəsit və utancverici ifadə işlədir"

Bəziləri demokratiyanı, açıq fikirliliyi, söz azadlığını, püliralizmi, həqiqəti söyləməyi bunlarda görürlər-tarixi bildi bilmədi fikir bildirmək xatirinə fikir bildirməkdə, tarixi şəxsiyyətlərimizin üzərinə kölgə salmaqda, onların qəhrəmanlıqlarına və kimliklərinə şübhə ilə yanaşmaqda, Azərbaycan torpaqlarıyla bağlı ermənilərin yalanlarını deyib düşmən dəyirmanına su tökən fikirləri dövriyyəyə buraxmaqda və s. Artıq xeyli müddətdir ki, özünü ziyalı adlandıranlar Şah İsmayıl Xətaiyə, bu gün isə Azərbaycanda ərəb istilasına qarşı 22 il (816-838-ci illərdə Xürrəmilər hərəkatına rəhbərlik edib) azadlq mübarizəsinə rəhbərlik etmiş Babəkə dil uzadırlar. Babək haqqında elə fikirlər söyləyirlər ki, bu fikirlər insanların beyinlərini qarışdırır, 1237 ilı bundan əvvəl başlayan və Babəkin rəhbərliyi altında daha da genişlənən Xürrəmilər hərəkatına qarşı böhtan atmağa çalışırlar. Lakin həmin adamların Xürrəmilər hərəkatına, xüsusən Babəkə qarşı apardıqları böhtan dolu kompaniya tarixi həqiqətlərin və tarixi faktların qarşısında gücsüzdür. Bununla belə bu böhtan dolu kompaniyanı aparan şəxs sıradan biri yox, millət vakili, bir partiyanın sədri, həm də intellekti ilə cəmiyyətdə az-çox seçilən Fazil Mustafadır. Fazil bəyin "Şəxsiyyət vasiqəsi" verilişində Babəklə və Azərbaycan dövlətçiliyilə bağlı xalqın heysiyyatına toxunan fikirləri suallar döğurur və bu sualların cavabını tarixçi alim, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının elm və təhsil məsələləri üzrə katibi Vaqif Abışovla söhbətimizdən oxuya bilərsiniz.
-Vaqif bəy, "Şəxsiyyət vəsiqəsi" verilişində aparıcı ilk olaraq mövzuyla bağlı dəvət edikləri qonaqlardan sualına cavab istədi- "Babək kimdir?" Növbə Fazil Mustafaya çatanda şəxsən mənim bir vətəndaş olaraq gözləmədiyim cavabı aldım: "Babək sovet sistemi tərəfindən sırınmış, nə türklük, nə islam baxımından Azərbaycan cəmiyyətinə dəxli olmayan bir simadır. Bu simanın hələ də Azərbaycan cəmiyyətində adının Milli Qəhrəman olaraq tanınması utancverici bir haldır". Tarixçi alim kimi siz deyin, Babək kimdir?
-Xürrəmilər hərakatının tarixi 778-838-ci llləri əhatə edir . Bu dövrdə ərəb imperiyası böyük bir ərazini-Afrikanın şimal hissəsini, Qərbdən Primey yarımadasını (indiki Portuqaliya və İspaniya ərazisi), o cümlədən Ön Asiyanı, Mərkəzi Asiyanı, Hindistanın Şimal-Qərb hissəsini əhatə edirdi. Yalnız Bizans imperiyasının ərazisi işğal olunmamış qalmışdı. Yəni böyük bir Ərəb imperiyası 778-ci ldə tamamilə qurulub başa çatmışdı. Bu imperiyanın oturaqlaşmış, mürəkkəb bir idarəetmə və təsərrüfat sistemi formalaşmışdı. Belə bir nəhəng imperiyaya qarşı uzunmüddətli azadlıq mübarizəsi aparan hərəkatın başında duran şəxsdən böyük iradə, cəsarət və bacarıq tələb olunurdu. Digər tərəfdən, Xürrəmilər kimi böyük bir Hərəkatın məhz Azərbaycan ərazisində başlaması və sona kimi bu torpaqda davam etməsi, hərəkatın rəhbərinin Azərbaycan türkü olması və tərkibini əsasən türklərin təşkil etməsi xalqımızın tarixinə qızıl hərflərlə yazılacaq bir hadisə kimi dəyərləndirilməlidir. Dünyanın heç bir yerində belə bir nəhəng imperiyaya qarşı Xürrəmilər Hərəkatı kimi uzun müddətli hərəkat olmayıb.
Fazil Mustafa kimilər Xürrəmilər Hərakatına, Babəkin göstərdiyi qəhrəmanlığa kölgə sala bilməz. Yalnız ürək bulandıra bilərlər. Çox təəssüf ki, hüquqçünas Fazil bəy tarixi bilmədiyinə görə "Babək sovet sistemi tərəfindən sırınıb" kimi bəsit, utancverici ifadə işlədir.
Ərəb tarixçiləri IX əsrdən başlayaraq Xürrəmilər Hərakatı, Babək haqqında geniş əsərlər yazıblar. Bu əsərlərə istinadən biz deyə bilərik ki, Babəkin rəhbərlik etdiyi Xürrəmilər Hərəkatı Ərəb xilafətinin süqutunu sürətləndirib və IX əsrin ikinci yarısından sonra bu imperiya ayrı-ayrı dövlətlərə parçalanib.
Babək Azərbaycan torpağının yetişdirdiyi qəhrəman olub. Ərəb tarixçilərinin özləri etiraf ediblər ki, Babək ərəb imperiyasını məhv etmək təhlükəsinə çatdırmışdı.
Babək haqqında ərəb tarixçiləri yazanda sosializm cəmiyyəti yox idi. Tamamilə yanlış fikirdir ki, guya sovet dövründə Babək ideallaşdırılıb və bir "qəhrəman kimi xalqa sırınıb". Görkəmli Azərbaycan şərqşünası, mərhum Ziya Bünyadovun 9-11-ci əsrdə Azərbaycan tarixilə bağlı kitabı var. Həmin kitabda ərəb mənbələrindən istifadə edən şərqşünas alim Ziya Bünyadov Xürrəmilər Hərakatına, xüsusilə Babəkə yüksək qiymət verib.
Həmin əsərdə müəllif Xürrəmilər Hərəkatı və Babəklə əlaqədar yazılmış əsərləri təhlil edib. Ziya Bünyadovun həmin kitabından gətirilən iqtibaslara diqqət edək: "...Özündən əvvəlki bir sıra tədqiqatçılardan fərqli olaraq S.Nəfisi xürrəmilərin mübarizəsini dini bir hərəkat kimi deyil, azadlıq və istiqlaliyyət uğrunda xalqın mübarizəsi kimi qiymətləndirir". "Orta əsr mənbələrində bildirildiyi kimi, əvvəlcə Cavidanın, sonra isə iyirmi ildən artıq Babəkin başçılıq etdiyi hərəkatı xürrəmilər adlandırırlar. Azərbaycandakı mərkəzi və ya paytaxtı qala şəhəri olan Bəzz idi" (s. 303-304). Demək olar, bütün tədqiqatçılar Bəzzin Ərdəbil rayonunda bir yerdə olduğunu söyləyirlər (s. 304)." "...Bizans-Ərəb sərhədində dörd illik (833-837) sakitlik Mötəsimə imkan verdi ki, əvvəllər Bizansla müharibədə olan qoşunları da Babəkə qarşı göndərsin"(s.323). "836-cı ildə Buğa öz ordusunu xürrəmilərə qarşı hərəkətə gətirdi; xürrəmilər isə ərəbləri izləyirdilər; dağ cığırlarından keçib gücdən düşən ərəblər təpələrdən birinə qalxmağa başlayanda xürrəmilər hücum edib onları mühasirəyə saldılar və ərəbləri onlar üçün əlverişli olmayan şəraitdə vuruşmağa məcbur etdilər. Buğanın ordusu məğlub edildi, bir neçə sərkərdə öldürüldü. Buğanın özü isə qaçdı. Xürrəmilər bütün ərəb ordugahını, pul və silahları ələ keçirtdilər"(s. 327). "836-cı ilin qışında xürrəmilər öz sərkərdələrindən Tarxanı da itirdilər. Bu igid türk ərəbləri lap təngə gətirirdi. Afşin tez başa düşmüşdü ki, Tarxan xürrəmilər ordusunun başında qalarsa, ərəblər onlara qarşı müharibədə çox çətinlik çəkəcəklər. Odur ki, Tarxanın hərəkətini daim izləyir və onu sıradan çıxartmaq üçün fürsət axtarırdı"(s. 328). "Bir çox orta əsr mənbələrində Babəkin edam zamanı göstərdiyi mətanət və mərdliyindən bəhs olunur"(s. 338). "İbn Təqriberdi deyir ki, "Babək öz zəmanəsinin qəhrəmanı və Xilafəti dəhşətə gətirən bir igid idi". "Əl-Müqəddəsinin məlumatına görə, Babəkin üzərində çalınan qələbə islam [dövlətində] ən böyük qələbə idi, onun əsir alındığı gün isə müsəlmanların bayram günü idi". Bunu təsdiq etmək üçün Nizam ül-Mülkün dediyini də misal gətirmək olar: "Mötəsimin üç qələbəsi olmuşdu, hamısı da islamın şöhrəti idi: birincisi, Rura üzərindəki qələbə, ikincisi, Babək üzərindəki qələbə, üçüncüsü, Təbəristanlı Məzyər Gəbr üzərindəki qələbə. Bu üç qələbədən lap biri baş tutmasaydı, islam məhv olardı"(s.339).
Mən bu faktları ona görə gətirirəm ki, Azərbaycanın dövlətçilik tarixinə, tarixi qəhrəmanlarına şübhə ilə yanaşan və ona qarşı yanlış fikirlər söyləyən Fazil bəy, bir düşünsün - mən özün kiməm və nə istəyirəm?
Xürrəmilər Hərəkatına 778-ci ildən 816-cı ilə qədər Cavidan rəhbərlik edib. 816-cı ildən 838-ci ilə qədər bu hərakata Babək rəhbərlik edib . Ona görə də buna, bəzən Babəkilər hərakatı da deyillər. Bu hərakatla bağlı çoxsaylı əsərlər yazılıb və bu gün də yazılmaqda davam edir. Lakin tarixdən məlumdur ki, böyük şəxsiyyətlər, qəhrəmanlar haqqında çoxsaylı kitablar yazılmasına baxmayaraq, onların şəxsiyyətinə qarayaxmalar da olub.
Tarixdə Babək kimi böyük şəxsiyyətlər azdır. Belə şəxsiyyətlər haqqında söz demək istəyən hər hansı bir şəxs geniş dünyagörüşə və ən azından tarixi biliyə malik olmalıdır.
Təkcə Fazil Mustafa deyil, minlərlə insan gəlsə də Babəkin şəxsiyyətinə, qəhrəmanlığına kölgə sala bilməz. Çünki onun qəhrəmanlığı tarixə hopub, tarixin səhifəsində yazılıb, düşmən özü Babək haqqında yazıb-onu kafir adlandırsa da, onun şəxsiyyətinə toxunan ifadələr işlətsə də- Babəkin rəhbərlik etdiyi xürrəmilər hərəkatını ərəb imperiyasını məhvə doğru aparan hərəkat hesab edib. Xürrəmilər Hərakatı Babəkin dövründə yüksələn səviyyəyə qalxan bir vaxtda ərəb xilafəti Bizansla müharibə aparırdı. Xilafət məcbur oldu ki, Bizansla sülh bağlayıb bütün qüvvəsini Xürrəmilər Hərakatına yönəltsin.
-Təzada baxın, xalqın millət vəkili bu xalqın qəhrəmanını aşağılayan ifadələrlə xarakterizə edir və bildirir ki, "Babək tarixi nöqteyi-nəzərdən bəlli olmayan bir şəxsiyyətdir". Sizcə bütün bunlar nəyə hesablanıb? Və xalqımızın tarixi şəxsiyyətinə, qəhrəmanına hücuma keçməyin arxasında nələr dayanır?
-Fazil bəy Xürrəmilər hərəkatı və Babəkin şəxsiyyəti haqqında tarixi həqiqətlərə uyğun olmayan ifadələr işlədib. O, bilmədiyi böyük bir tarixi hadisə haqqında yarı fəlsəfə, yarı hüquqi ifadələrdən yararlanaraq Azərbaycan xalqının qəhrəmanlıq simvolu olan Babəkin şəxsiyyətini təhqir etməkdən çəkinmir. Mən belə insanları dar düşüncəli, nə olursa olsun söz xatrinə söz deyim, özünün baş-ayaq cümlələri ilə tarixi bilməyən insanları çaşdıran bir insan kimi qiymətləndirirəm.
Babək haqqında yazılan əsərlərdə onun atası, anası, yaşadığı ərazi haqqında kifayət qədər məlumatlar var və bunu ərəb tarixçiləri də yazıblar. Babək harda yaşayıb? Azərbaycan torpağında. Bu gün bu ərazi necə adlanır? Azərbaycan. Babək hansı şəhərlərdə qəhrəmanlıq göstərib və ərəb xilafətinə qarşı 22 il mübarizə aparıb? Yenə də Azərbaycan torpağında. Babək gedib Çin və yaxud Avropada mübarizə aparmayıb ki? Bu baxımdan deyirəm ki, tarixi şəxsiyyətlər haqqında yalnış ifadələr, fikirlər səsləndirilə bilər, ancaq tarixi fakt faktlığında qalır ki, Babək bu torpaqda anadan olub, bu torpaq uğrunda mübarizə aparıb, igidliklər göstərib, sonda isə düşmənə boyun əymədən mərdi- mərdanə ölümə gedib.
Arzu Şirinova
Müsahibənin davamını nöhbəti sayımızda oxuya bilərsiniz.