Xəlil Rzanın sənət missiyası Ədəbiyyat

Xəlil Rzanın sənət missiyası

1-ci yazı

X.R.Ulutürk poetik tərcümələrində daim adekvatlıq axtarışında olub. Bunu biz onun Ukrayna ədəbiyyatının klassiki T.Q.Şevçenkonun dilimizə müxtəlif mütərcimlərimiz tərəfindən çevrilmiş əsərləri, xüsusən "Vəsiyyət" və "Balaca Mariyanaya" şeirlərinin tərcüməsinin təhlilində də görə bilirik. Yeri gəlmişkən bildirək ki, T.Şevçenko yaradıcılığını dilimizə bir sıra tanınmış söz sahibləri M.Müşfiq, Ə.Cavad, S.Vurğun, R.Rza, M.Dilbazi, M.Rzaquluzadə, O.Sarıvəlli, S.Rüstəm, N.Rəfibəyli, M.Seyidzadə, T.Əyyubov, Ə.Ziyatay, M.Araz, A.Zeynallı, A.Vəfalı və başqaları tərcümə etmişlər. X.R.Ulutürk yuxarıda adlarını çəkdiyimiz şeirlərin tərcüməsinə nəzər salarkən "Vəsiyyət" şeirinə Ə.Cavaddan sonra M.Rzaquluzadə və S.Rüstəmin müraciət etmələrinə baxmayaraq, onların tərcüməsinin Ə.Cavad tərcüməsinə uduzduğunu göstərərək, "Nöqsanlar təkrar edildiyi halda, məziyyətlər çoxalmayıb", - deyə qeyd etdiyi halda, bu tərcümələrin adekvatlıqdan kənar olduğunu vurğulayır. X.Rza yazır: "Adi şairdən fərqli olaraq Şevçenko kimi dahi şairi tərcümə etdikdə mütərcimin məsuliyyət duyğusu ikiqat olmalıdır. Bu halda, o, hər sözün, hər misranın arxasında əzəmətli bir şair-vətəndaş-mütəfəkkir şəxsiyyətinin, şərə və eybəcərliyə qarşı mübarizədə zərrəcə güzəştə getməyən böyük bir cəngavərin, insan ləyaqəti, xalq səadəti uğrunda ardıcıl mübarizə aparan döyüşkən humanistin dayandığını daim hiss etməli və hiss etdirməlidir".
Adekvatlığı tərcümədə diqqət mərkəzində saxladığından X.R.Ulutürkün nəzəri qənaətlərində tez-tez gürcü müəllifi G.Qaçeçiladzenin müddəalarına müraciət etməsi təsadüfi hesab edilməməlidir. Çünki G.Qaçeçiladzenin fikrincə realist tərcümə hər iki dilin milli spesifikasını və tərcümə prosesində qarşılaşan üslubi vasitələri nəzərdə tutmaqla, iki milli sistemdə (orijinalda və tərcümədə), iki yaradıcı fərdlərin (müəllifin və tərcüməçinin) arasında olan ziddiyyətləri həll edir. Bu, tərcümənin dialektikasıdır".
Tərcümədən yüksək bədii keyfiyyət tələbi Xəlil Rza Ulutürkün sənət missiyası idi. O, başqa xalqların ədəbiyyat nümayəndələrindən yazanda da, əsərlərindən tərcümələr edəndə də daim onların milli dildə və kim tərəfindən səsləndirilməsinə xüsusi diqqət yetirib. Hələ XX əsrin 70-ci illərində realist bədii tərcümənin necəliyi ilə bağlı diskussiyalarda müxtəlif fikirlər səsləndirilərək qeyd olunurdu ki, orijinala sədaqət orijinalın bədii gerçəkliyini, orijinaldakı tarixi gerçəklik və mütərcimin özünün yaşadığı tarixi gerçəkliyi əhatə etməlidir. Bax, bu xüsusiyyətlərə X.Rza Ulutürk kifayət qədər diqqət yetirməyi bacarıb.
Məlum olduğu kimi, Böyük Vətən Müharibəsinin müxtəlif tərəflərinin əksi rus poeziyasında bütün təfərrüatları ilə əksini tapıb. Bu baxımdan müharibənin məşəqqətli mənzərələrini yaradan V.İnber, M.Aliger, A.Surkov, O.Berqqolts, M.İsakovski, A.Tvardovski, N.Rılenkovla yanaşı, K.Simonovun əsərləri də daha böyük emosional təsirə malik olub. Şairin "Жди меня, и я вернусь" şeiri öz məzmunu, mahiyyəti, mahiyyətindəki bədbin və nikbin notları ilə Azərbaycan mütərcimlərini özünə daha çox cəlb edib. K.Simonovun şeiri insanın milli xarakterinin möhkəmliyini əks etdirib, həm də milli hisslərin tamlığını, monolitliyini göstərməklə, öz sevgilisinə qovuşacaq əsgərin intim hisslərinin ifadəçisi kimi təsirlidir. Elə bu xüsusiyyətlərinə görə də milli hisslərin kükrəyişini tərənnüm etmək istəyən X.R.Ulutürk K.Simonovun bu şeirinə müraciət edərək onun dilimizə tərcümə olunmasını mühüm hesab edib. Düzdür, X.Rzaya kimi qədər K.Simonovun "Жди меня, и я вернусь" şeirinə Ə.Kürçaylı hələ 1961-ci ildə müraciət edərək, onu "Bahar dostları" rus şairlərinin əsərlərindən tərcümələr məcmuəsində yerləşdirib. Ə.Kürçaylıdan sonra bu şeiri X.Rza, daha sonra Ayaz Vəfalı və İsa İsmayılzadə Azərbaycan dilinə çeviriblər. Yeri gəlmişkən qeyd edək ki, K.Simonovun bu şeirinə tərcümə məqsədi ilə müraciət etmiş X.Rza ilə yanaşı, digər mütərcimlər də onu adekvat çevirməyə səy göstəriblər, lakin digərlərindən daha çox onu orijinalın ruhuna uyğun tərcümə etmək məhz X.Rza Ulutürkə müyəssər olub:

Gözlə məni, qayıdacam, Mən ölümün acığına
Gözlə, ey nigar. Dönəcəm, gülüm.
Gözlə, kədər gətirəndə. Dözməyənlər, qoy dözməsin,
Soyuq yağışlar. Döz ömrüm – günüm.
Gözləməni, qar yağanda, onlar bilməz: neçin orda
İsti düşəndə. Dönmədim külə.
Gözlə, bezib özgələri Məni xilas eylədin sən
Gözləməyəndə. Gözləməyinlə.
Gözlə məktub kəsiləndə Nə cür döndüm. Tək ikimiz
Səhra poçtundan. Bilərik bunu.
Gözlə təngə gətirəndə İnamla yol gözləməyin.
Hamını hicran Nə olduğunu.
Gözləməni, qayıdacam Heç kəs, heç kəs sənin kimi,
Baxma onlara – Qolum-qanadım,
Səbr etməyib, tab etməyib Gözləməyi bacarmadı,
Unudanlara. Sənsə bacardın.
70-ci illərin ortalarında araya-ərsəyə gələn bu tərcümə X.Rzanı qane etməyib, o, əsərin tərcüməsi üzərinə yenidən qayıdıb, onu daha dərindən təhlil edib və tərcümənin sonuncu variantında oxuculara yeni məzmun, kompozisiya və strukturda bir nümunə təqdim edilib.
Gözlə məni, qayıdacam, gözlə, ey nigar,
Gözlə, kədər gətirəndə zərdab yağışlar.
Qızmar gündə, qarlı gündə, dumanda-çəndə
Gözlə, bezib başqaları gözləməyəndə.
Gözlə, məktub kəsiləndə səhra poçtundan,
Gözlə təngə gətirəndə hamını hicran.
Gözlə məni, qayıdacam, baxma onlara –
Səbr etməyib, tab etməyib unudanlara.
Qoy inansın anam, balam: sağ deyiləm mən,
Dostlarımda əl üzsünlər yol gözləməkdən.
Acı şərab içsinlər qoy, yad edib məni,
Yox, tələsmə qaldırmağa sən piyaləni.
Mən ölümün acığına dönəcəm, gülüm,
Dözməyənlər qoy dözməsin, daş ömrüm-günüm.
Onlar bilməz: neçin odda dönmədim külə,
Məni xilas eylədin sən gözləməyinlə.
Nə cür döndüm tək ikimiz bilirik bunu –
İnamla yol gözləməyin nə olduğunu.
Heç kəs, heç kəs sənin kimi, qolum-qanadım,
Gözləməyi bacarmadı. Sənsə bacardın.

K.Simonovun "Gözlə məni" şeiri orijinalda otuz altı sətirdən ibarət olduğu halda, X.Rzanın 1975-ci il tərcüməsində o otuz iki sətirdən, sonrakı ikinci tərcüməsində isə iyirmi beytdən (qırx misradan) ibarətdir. Yəni nə birinci, nə də ikinci tərcümənin həcmi orijinalın həcmi ilə üst-üstə düşmür. Əgər birinci tərcümədə biz orijinalın bəzi misralarındakı ifadələrin Azərbaycan dilinə tərcüməsini görmürüksə, ikinci tərcümədə mütərcimin orijinalın kompozisiya və strukturunu dəyişdiyini və orijinal ifadələrinin burada tərcümələrini görürük. Bununla belə bu dəyişikliyin əsərin milli qəliblərə salınması, onun ideya-məzmun çalarlarının daha obyektiv əks olunmasına kömək etdiyini və orijinalın adekvat yaradılmasına mənfi təsir etmədiyinin şahidi oluruq.
İlk baxışda belə görünə və dərk edilə bilər ki, X.Rza həm birinci, həm də ikinci tərcümədə orijinalda həm bir sıra sözlərin tərcüməsini verməyib, həm bəzi sözləri özü seçdiyi sözlərlə əvəzləyib, həm bir neçə misranı (birinci tərcümədə) tərcümə etməyib, həm də orijinalda olmayan bir neçə misranı tərcümənin infrastrukturuna daxil etməklə birinci mətnin gerçəkliyinə müdaxilə edib. Belə halları nəzərə alan gürcü tərcümə məktəbinin görkəmli nümayəndəsi G.Qaçeçiladze aşağıdakıları qeyd edib: "Mütərcim yaxşı düşünüb qərara almalıdır ki, əslin ölçüsünü saxlamaqla o, eyni səmərəni əldə edə bilərmi? Əgər yox, belə olduğu halda o, onu bədii vəzifəyə müvafiq olan daha mühümü ilə əvəz etməlidir. Elə buna görə də müxtəlif dillərin metrik sistemlərinin prinsipial müqayisəli cədvəlini tərtib etmədən, əslin intonasiya və mənasının uçotunu nəzərə almadan ondan mexaniki olaraq istifadə etmək olmaz". Doğrudan da müxtəlif şeirşünaslıq sistemlərinə aid rus və Azərbaycan şeirinin elə özəl xüsusiyyətləri mövcuddur ki, bu özəllik nəzərə alınmadan poetik əsərlərin tərcüməsinin adekvatlığını təmin etmək mümkün deyil.
Nəzərə alınmalıdır ki, mütərcim iş prosesi zamanı ayrı-ayrı söz, ifadə, söz birləşmələri və misraların olduğu kimi tərcüməsi ilə yox, mənanın və ruhun tərcümədə adekvat yaradılması ilə məşğul olmalıdır. Deməli, tərcümə hər hansı qrammatik dəyişiklik, yaxud transformasiyasız mümkün deyil. Burada ümumi şeirin, bəndin, misranın leksik və qrammatik xüsuslu sözlərin, ifadələrin dəyişilməsi tərcümə işinin danılmaz atributu kimi diqqət mərkəzinə gəldiyindən nəyinsə buraxılması, nəyinsə əlavə edilməsi labüd haldır. Mütərcim hər iki dildəki qrammatik kateqoriya və formaları bir-biri ilə müqayisə edib tutuşdurduqda bu dillərin kateqoriyalarındakı spesifikliyi, yaxınlığı (uyğunluğu), kənarlaşmaları müşahidə edir. Hər bir dilin spesifikliyi, qrammatik strukturu tərcümədə transformasiyaların ortaya çıxmasını zəruri edir. Çünki dillərdəki söz formaları və konstruksiyaları mütərcimi buna vadar edir. Tərcümədə ekvivalentliyin, yaxud adekvatlığın əldə olunması üçün rus və Azərbaycan dillərindəki formal və semantik, leksik və üslubi sistemlər arasındakı fərqlərə baxmayaraq, mütərcim bir sıra dillərarası keyfiyyətli transformasiyalara getməyi lazım bilir. Bu transformasiyalar ilk növbədə orijinal mətnlə müqayisədə tərcümə mətnində yerdəyişmələrə gətirib çıxarır. Və bu yerdəyişmələr nəinki ayrı-ayrı sözlərin, söz birləşmələrinin, hətta misraların yerdəyişməsini qaçılmaz edir.
X. Rzanın K.Simonovun "Gözlə məni" şeirinin tərcüməsində biz nəinki yerdəyişmə, həm də buraxılma - bəzi söz, söz birləşməsi, misraların buraxılması ilə rastlaşırıq. Əgər bəzi hallarda bu buraxılmalar söz və ifadələrin dəyişilməsi hesabına aparılırsa, bir sıra hallarda tamamilə buraxılır. X.Rza bu tipli buraxılmalara o zaman gedir ki, tərcümə zamanı bu buraxılmalar semantik baxımdan artıq görünür, yaxud da ona uyğun olan söz, ifadə, söz birləşməsi, konstruksiya hansı formadasa tərcümə mətnində işlənmişdir. Məsələn, X. Rza birinci tərcümədə orijinaldakı "только", "добра", "наизусть", "сядут у огня", "позабыв вчера" və s. söz və ifadələri tərcümədən kənarda qoyub buraxsa da, şeirin intonasiya tutumunu, ritmikasını zəiflətməmiş və ona ana dilimizdə xüsusi nostalji ruh verib. Birinci tərcümədə X. Rza hətta orijinal mətnin dörd misrasını mətndən kənarda qoyub: "Пусть друзья устанут ждать, / Сядут у огня, / Выпьют горькое вино/ На помин души". Lakin mütərcim orijinalın misraları arasında elə "gəzişmişdir" ki, şeirin orijinalı tərcümə ilə müqayisəli planda diqqətlə nəzərdən keçirilməsə, bu buraxılmanı hiss etmək də mümkün olmayacaq. Çünki orijinaldan gələn ifadələri X.Rza tərcümə mətnində elə ustalıqla cilalayıb birləşdirir ki, onların orijinal mətndə yer aldığı oxucunun (tədqiqatçının – N.T.) təsəvvürlərində oturmur.

Nizami Tağısoy
Professor