Azərbaycan rəssamlığında Dədə Qorqud obrazı Ədəbiyyat

Azərbaycan rəssamlığında Dədə Qorqud obrazı

1-ci yazı

“Kitabi-Dədə Qorqud” xalqımızın böyük ədəbi-bədii, ulusal-folklor qaynağı, dəyəridir. O, elm aləminə məlum olmasından sonra bir an da diqqətdən yayınmayıb, hətta qadağan edildiyi çağlarda belə araşdırmaçıların dərindən öyrəndiyi mənbə olub. Xatırladaq ki, dastanın səkkizinci “Basatın Təpəgözü öldürdüyü boy” ilk dəfə 1815-ci ildə alman şərqşünası və türkoloqu Henrix Fridrix fon Dits (1751-1817) tərəfindən alman dilinə çevrilərək nəşr edilib. Eləcə də o, “Asiyadan incəsənət və elmə aid xatirələr” kitabında dastanın önəmi haqqında geniş yazıb. Müəllif dastanın dünya ədəbiyyatı və mədəniyyəti üçün əvəzedilməzliyini göstərərək onu Homerin “Odisseya” dastanı ilə müqayisə edib.
Dastan elm sahəsində çalışan müxtəlif ixtisaslı alimlər, tədqiqatçılar tərəfindən gərəyincə araşdırılıb, öyrənilib. Ədəbiyyatşünaslar, dilçilər, folklorşünaslar, etnoqraflar tərəfindən və s. bu mövzuda onlarla monoqrafiya, saysız-hesabsız elmi məqalələr yazılıb. Ona görə ki, “Kitabi-Dədə Qorqud” dastanları humanitar elm sahələri üçün bitməz-tükənməz bir xəzinə, məxəzdir.
Çağdaş Azərbaycan ədəbiyyatşünaslığında və dilçiliyində “Dədə Qorqud dastanları” geniş araşdırılıb. Dastan ölkəmizdə ilk dəfə 1939-cu ildə akademik Həmid Araslı tərəfindən nəşr edilib. Daha sonra o, dünyanın müxtəlif dillərinə çevrilərək çap edilib. Ölkəmizdə dastan Məhəmmədhüseyn Təhmasib, Əmin Abid, Əli Sultanlı, Həmid Araslı, Əbdüləzəl Dəmirçizadə, Samət Əlizadə, Fərhad Zeynalov, Tofiq Hacıyev, Kamal Abdullayev, Nizami Cəfərov, Şamil Cəmşidov, Əzizxan Tanrıverdi, Seyfəddin Rzasoy və b. tanınmış qorqudşünaslar tərəfindən geniş araşdırılıb.
İndiyədək elm aləminə dastanın iki variantı məlumdur. Onlardan birincisi Drezden, ikincisi isə Vatikan nüsxələridir. Drezden nüsxəsi bir müqəddimə və 12 boydan, Vatikan nüsxəsi isə eyni müqəddimə və 6 boydan ibarətdir. “Dastanın əsas süjeti aşağıdakı on iki boyda əks olunub: "Dirsə xan oğlu Buğacın boyu", "Salur Qazanın evinin yağmalandığı boy", "Bayburanın oğlu Bamsı Beyrək boyu", "Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy", "Duxa Qoca oğlu Dəli Domrulun boyu", "Qanlı Qoca oğlu Qanturalı boyu", "Qazılıq Qoca oğlu Yeynəyin boyu", "Basatın Təpəgözü öldürdüyü boy", "Bəkil oğlu Əmranın boyu", "Uşun Qoca oğlu Səgrəyin boyu", "Salur Qazan dustaq olub oğlu Uruz çıxardığı boy", "İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy”.
Bu dastanlar XI-XII yüzillərdə və daha qabaqlar Azərbaycanda baş vermiş hadisələrli əks etdirir. Dastandakı hadisələrin çoxu Dəmirqapı Dərbənd, Bərdə, Gəncə, Dərəşam, Əlincə, Qaradağ, Göyçə gölü, Qaraçuq dağı, Dərəşamda, Ağcaqalada, Sürməlidə, Ağqayada, Qaradərədə, Qara dağda, Kökcə dağda, Boyatda və s. yerlərdə baş verir.
Yaxın vaxtlarda elm aləminə dastanın yeni boyu da məlum olub. Belə ki, türkiyəli türkoloq, professor Metin Ekici "Dədə Qorqud" dastanının itirilmiş sayılan 13-cü boyunu Qazaxıstanda üzə çıxarıb. O, deyib: "Orada tanış olduğumuz dostlarımız "Dədə Qorqud" nüsxələrinin əllərində olduğunu söylədilər. 61 səhifəlik kitabı bir qovluq şəklində mənə verdilər. Bu qovluğun içərisində "Kitabi Dədə Qorqud"un 13-cü boyu olan "Salur Qazanın yeddi başlı əjdahanı öldürməsi" də var".
M.Ekici bu boyun 14-16-cı yüzillərdə yazıya köçürüldüyünü bildirir. "Türküstan nüsxəsi" adlandırılan kitab Türkiyə və Azərbaycan türkcələrinə çevrilərək nəşr olunub. Kitabı Azərbaycan türkcəsində türkoloq Ramiz Əskər nəşrə hazırlayıb. Akademik Həmid Araslının fikrincə, dastanların orijinalı Azərbaycanda yazıya alınıb. Türkiyəli türkoloq Məhərrəm Erginin qənaətinə görə, “Dədə Qorqud” dastanları Azərbaycan türkcəsində yazılmış və azərbaycanlılara məxsus abidədir. 2018-ci ildə Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi UNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
***
Sənət bir hadisə kimi bəşəriyyətin ən böyük kəşfi, tapıntısıdır. Sənətin hər şeyə öz münasibəti var və o, insanları sabaha, gələcəyə inandırır. Bu baxımdan qeyd olunun dastan əsasında senari yazılıb, iki hissəli bədii film də çəkilib. Bu, dastanların bədiiləşdirilməsinin ən böyük örnəkləridir. Bədiiləşdirilmə isə dastanın yenidən xalqa yaxın olması, onun malına çevrilməsi, dildən-dilə gəzməsidir. Bədiiləşdirmənin təsir gücü imkan verir ki, xalqın tarixi yaşamı boyu var olmuş bu cür möhtəşəm abidələr tez bir zamanda ona çatsın. Hətta “Dədə Qorqud dastanları”nın uşaqlar üçün işlənmiş variantı da nəşr edilib. Üstəlik, dastanın ayrı-ayrı boyları əsasında cizgi filmi də çəkilib. Bütün bunlar dastanın hər zaman gərəkliyini ortaya qoyur.
Bədiiləşdirmənin başqa bir sahəsi isə rəssamlıq və heykəltəraşlıqdır. Qeyd edək ki, bir xalq olaraq uzun yüzillər boyu bu sənət sahələrindəki inkişafdan geridə qalmışıq. Belə ki, islamın gəlişindən sonra düz XX yüzilin başlanğıcına qədər Azərbaycanda dünyadakı kimi peşəkar rəssamlıq və heykəltəraşlıq olmayıb. Yəni din bu sənətlərin ölkəmizdə varlığına qadağa qoyub. Dinə görə, insan surəti yaratmaq yasaqdır. Ona görə də biz bu sənətlərin qadağan edildiyi yüzillərdə yalnız miniatür sənətindən, eləcə də tətbiqi-dekorativ sənətdən danışa bilərik.
İslamdan öncəki Azərbaycan türk heykəltəraşlığına baxsaq, onun yalnız milli özül üzərində yaradıldığını görə bilərik. Belə ki, qədim qəbirüstü at, qoç, döyüşçü və qoca heykəlləri xalqımızın tarixinin ayrılmaz, əvəzsiz nemət kimi qorunan bir parçasıdır. Belə abidələrə Azərbaycanın hər yerində rast gəlmək olar. Onların bir yerdə ən çox qorunduğu məkan isə Naxçıvandakı Mömünə xatun məqbərəsinin ətrafıdır.
“Dədə Qorqud dastanları” Azərbaycanda uzun müddət rəssamların və heykəltəraşların diqqətindən qıraqda qalıb. Bunun da başlıca səbəbi Azərbaycanda peşəkar rəssamlıq və heykəltəraşlıq sənətinin əsaslı şəkildə XX yüzilin başlanğıcında təşəkkül tapmasıdır.
1906-cı ildə ilk satira-karikatura dərgimiz “Molla Nəsrəddin”in nəşrilə peşəkar rəssamlıq sənətimiz də formalaşmağa başladı. 1920-ci illərdə Bakıda Dövlət Rəssamlıq Məktəbi yaradıldı, burada milli rəssam kadrlar yetişdi. Rəssamlarımız xalq həyatının müxtəlif yönlərinə aid əsərlər yaratdılar.
“Dədə Qorqud” dastanı qəhrəmanlarının rəssam fırçasında obrazlaşdırılması və bədiiləşdirilməsi isə ilk dəfə 1956-cı ildə baş verib. O çağlar gənc rəssam Mikayıl Abdullayev Dədə Qorqud obrazının yaradılması yönündə ilk addımı atıb. Həmin il nəşr olunan kitabın əvvəlində onun çəkdiyi Dədə Qorqud portreti yer alıb. Bundan başqa o, dastanın bütün boylarına illüstrasiyalar çəkib ki, bu da dastanın təqdimat və təsir gücünü artırmağa xidmət edir. Ayrı-ayrı illərdə nəşr olunan “Dədə Qorqud kitabı”nda onun rəsmlərindən çox istifadə edilib.
Dədə Qorqud mövzusunda çox əsər çəkən rəssamlardan biri Fəxrəddin Məmmədvəliyev olub. O, bu mövzuda bəlkə də bütün rəssamlardan daha çox əsər yaradıb. F.Məmmədvəliyevin “Gəlimli-gedimli dünya”, “Dədə Qorqudun elçiliyə getməsi”, “Oğuz elində şadlıq mərasimi”, “Təpəgözün dünyaya gəlməsi”, “Qazan xanın evinin yağmalanması” miniatürlərində çox güclü bədii ifadə var. Rəssam Dədə Qorqud mövzusuna aid 11 qrafik rəsm və kətan üzərində yağlı boya ilə 6 əsər işləyib. İstanbulda nəşr olunan “Türk dünyası” dərgisinin 1996-cı il dekabr sayında rəssamın həmin tablolarının fotosu çap edilib. F.Məmmədvəliyevin bu mövzuda əsərlərinə Dədə Qorqudla bağlı bir çox kitabların səhifələrində tez-tez rast gəlmək mümkündür. Eləcə də rəssamın dastandakı qəhrəmanlar, onların geyimləri, oğuzların məişəti ilə bağlı çoxlu eskizləri var.
2000-ci ildə Azərbaycanda “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 ili keçirildi. Bu münasibətlə rəssamlar arasında Azərbaycanda Dədə Qorqudun obrazının yaradılması üçün müsabiqə elan edildi. Məqsəd çəkilən əsərlər içərisindən birini Dədə Qorqudun obrazı olaraq qəbul etmək idi. Yarışmanın jürisi bir neçə dəfə toplansa da, sonda bir nəticəyə gələ bilmədi. Ona görə ki, yarışmaya bir-birindən dəyərli əsərlər təqdim edilmişdi. Münsiflər də həmin əsərlərdən hansının birinci olmasına qərar verə bilmədi və məsələ indiyədək açıq qaldı. Odur ki, bu gün Azərbaycan rəssamlığında Dədə Qorqudun vahid obrazı yoxdur. Hər rəssamın öz təxəyyülü ilə yaratdığı və qəbul etdiyi Dədə Qorqud obrazı var. Bu elmi işdə həmin əsərlər haqqında araşdırmamızı təqdim etməyə çalışacağıq.
Azərbaycanın böyük rəssamı Toğrul Nərimanbəyov 1975-ci ildə çəkilən iki hissəli “Dədə Qorqud” bədii filminin rəssamı olub. Bu baxımdan rəssam Dədə Qorqud mövzusuna çox müraciət edib. Onun dastanın bütün boyları ilə bağlı yağlı boya ilə işlənmış əsərləri var. Həmin əsərlər sanki nağılı xatırladır. Rəssamın nağılvari tərzdə çəkdiyi bu əsərlər onun mavi, qırmızı, çəhrayı və sarı rənglərinin harmoniyası ilə yadda qalır. Qaraca Çobanın bağlandığı ağacı yerindən qoparması səhnəsi əsərlər içərisində özəlliklə diqqət çəkir. O, kürəyində ağac düşmənlərlə savaşır. Qaraca Çoban sanki havadadır. Çünki onun təsvir olunduğu mühit mavi fonla əhatələnib.
Xalq rəssamı Tahir Salahovun yaratdığı Dədə Qorqud obrazı nisbətən fərqlidir. Onun əsərində Dədə gənc çağlarında təsvir olunub. Sənətşünaslar bu əsərin uğursuz olduğunu söyləyiblər. Rəssam da bu həqiqəti təsdiq edib və əsərin uğursuzluğuna aydınlıq gətirib. Bunun bircə səbəbi varmış. Sən demə, rəssam obrazı yaratmaq üçün istifadə etdiyi naturaçı kişi gənc imiş. Ona görə də, Dədə Qorqud obrazı belə gənc alınıb.
Xalq rəssamı Mahmud Tagıyev də Dədə Qorqud mövzusuna müracət edib. Belə ki, onun Dədə Qorqudu tamaşaçıya daha qıvraq qoca təsiri bağışlaylayır. Bu əsərdə Qorqud babamızın sağ əlində çomaq, sol çiynində isə qopuzu təsvir edilib. Dədə təbiət qoynunda üzü gülümsər şəkildə tamaşaçıya baxır. Arxa fonda təbiət təsvirləri yer alır.
Xalq rəssamı Altay Hacıyevin “Dədə Qorqud” əsəri bu mövzuda yaradılan ən uğurlu işlər sırasındadır. Onun əsəri həm rəssamların, həm də tamaşaçıların rəğbətini qazanıb. Rəssam Dədəni çox düşüncəli və qayğılı çəkib. O, bir qayaya söykənib, sevimli qopuzu da əlindədir. Əsərdə göy və bənövşəyi rənglərdən çox istifadə edilib. Obraz daşlar üzərində oturdulub, Dədə isə qayaya dirsəklənərək sağa baxır. O, xəyallı, fikirli, bir az da qayğılıdır. Ağ saçları və saqqalı, eləcə də üzünün cizgiləri tamaşaçıya ona doğruçu müdrik kimi yanaşmaq imkanı verir. Olsun ki, A.Hacıyevin “Dədə Qorqud”unu xalqa sevdirən obrazın baxışlarındakı dərin kədərdir. Bu əsər ən yaxşı Dədə Qorqud obrazı kimi qəbul edilir, müxtəlif nəşrlərdə, kitablarda daha çox istifadə olunur.

Soltan Soltanlı