Kaya Kallas Bakıya gəlir
25 Yanvar 22:18
İlyas Hüseynov: “Ölkəmizdə tolerantlıq, dözümlülük, multikulturalizm mühiti genişlənir və cəmiyyətin əsas dayaqlarını təşkil edir”
“Azərbaycanda dini ali təhsilin inkişafına böyük diqqət ayrılır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışında iştirakı ölkəmizdə vətəndaşların dini etiqad, vicdan və təhsil hüquqlarının səmərəli realizəsinin ölkə rəhbərliyinin diqqət mərkəzində olmasının bariz göstəricisidir”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq İlyas Hüseynov deyib. O, bildirib ki, son illər Qərbdə milli mövcudluğu qoruyub saxlamaq cəhdlərinə qarşı aqressivlik, milli, dini və ayrı-seçkilik, mühacir və qaçqınların sıxışdırılması fonunda Azərbaycanda tolerantlıq, dözümlülük, multikulturalizm mühiti genişlənir və cəmiyyətin əsas dayaqlarını təşkil edir: “Təəssüflə qeyd etməliyik ki, miqrantlara qarşı dini və şüarların geniş vüsət alması ilə yanaşı, baş verən proseslər həm də siyasi don alır. Daha sonra neqativ reaksiyaların dərinləşməsi ilə miqrantlara qarşı çıxış edən siyasi partiyalar yaradılır və sözügedən partiyalar qanunverici orqanlara ayaq açırlar. Lakin Azərbaycan mədəniyyətlərarası, dinlərarası və sivilizasiyaların təmas mərkəzinə çevrilir. Bakı Prosesi çərçivəsində onlarla beynəlxalq səviyyəli tədbirin Bakıda keçirilməsi ölkəmizin nüfuzunu artıran amildir. Ulu Öndər Heydər Əliyevin siyasi irsini və əsasını qoyduğu ənənələri inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev yürütdüyü siyasət dini konfessiyaların dinc yanaşı yaşamasını, qarşılıqlı əlaqəsini, müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə səy göstərmələrini təşviq edir. Xüsusilə vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 19 ildə İslam, xristian və digər səmavi dinlərin mədəniyyət nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş, inanc yerlərinin təmiri və bərpası ilə bağlı görülən işlər deyilənləri bir daha təsdiqləyir. Xalqın tarixi ənənələrinə söykənən dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı milli kadrların hazırlanması önəmli prioritetlərdən hesab olunur”.
“Azərbaycanın xarici dini təhsildən asılılığını azaltmaq üçün mühüm addımlar atılıb”
İ.Hüseynov əlavə edib ki, Azərbaycanın xarici dini təhsildən asılılığını azaltmaq, yerli ilahiyyatçı kadr ehtiyacını təmin etmək baxımından mühüm addımlar atılıb: “Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı əsasında Azərbaycan İlahliyyat İnstitutunun yaradılması və Azərbaycan İlahiyyat İnstitutunun yeni binasının açılışı ölkəmizdə dini təhsilin inkişafına xüsusi diqqət və qayğının mövcudluğunu, bunun milli təhlükəsizliyin vacib elementi kimi nəzərdən keçirildiyini göstərir.
Azərbaycanda əhalinin 96 faizinin İslam dininə etiqad göstərməsi fonunda ölkəmizdə dinin elmi əsaslarla, vahid konsepsiya əsasında öyrənilməsi və təbliği, neqativ mahiyyətli maarifləndirmə cəhdlərinin qarşısının alınması son dərəcə vacibdir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın İslam sivilzasiyasının əsas mərkəzlərindən birinə çevrilməsi, müsəlman ölkələrini birləşdirən İslam Əməkdaşlıq Konfransının fəal üzvü olması dini təhsilin dövlət nəzarətində və elmi əsaslarla aparılmasını zəruri edir. Müstəqilliyin ilk illərində gənclərin dini təhsil almaq üçün İran, İraq, Suriya, Səudiyyə Ərəbistanı, Misir və digər ölkələrə üz tutmaları, bir çox hallarda destruktiv mahiyyətli təriqət və məzhəblərin ideoloji təsirləri altına düşmələri, mövhumatçılığa yuvarlanmaları milli maraqlarımızı və təhlükəsizliyimizi ciddi şəkildə təhdid edib. Bu cür məsələlərə çox böyük həssaslıqla yanaşmaq tələb olunurdu. Uzun illər ərzində İslami dəyərlərin təbliğində xürafata varma, dini ayinləri dərk etmədən, imitasiya və görüntü naminə kor-koranə icraetmə nəticə etibarilə islami dəyərlərin mənəvi-əxlaqi təsir gücünün zəifləməsinə, ekstremist meyillərin güclənməsinə gətirib çıxarıb.
Cari ilin 2 fevral tarixində gənclər günü münasibətilə gənclərlə görüşən cənab Prezident İlham Əliyev bu xüsusda ölkə gənclərinə mühüm tövsiyələr verib. Gənclərin müxtəlif radikal dini məzhəblərin təsiri altına düşmələri müasir dünyanın qorxulu tendensiyalarından birinə çevrilib. Təəssüflə vurğulamaq lazımdır ki, Azərbaycan vətəndaşlarının da bu cür mənfi təsirləri altında müxtəlif ölkələrdə, o cümlədən Suriyada qanunsuz hərbi birləşmələrə qoşulması hallarına rast gəlinib. Bütün bunların fonunda bir çox ölkələrdə dövlətin nəzarətində olan, elmi əsasda fəaliyyət göstərən dini ali təhsil müəssisələrinin yaradılması vacibliyi geniş müzakirə olunur. Yüksək səviyyəli dini-mənəvi təhsilin aparılması üçün ixtisaslaşmış kadrların hazırlanması Azərbaycanın dövlətinin də qarşısında duran mühüm vəzifələrdən biri hesab olunur. Gənclərin milli-mənəvi dünyagörüşünün formalaşmasında, onların ailədə və cəmiyyətdə əxlaqlı insan kimi yetişməsində dinin özünəməxsus rolu var. Bu baxımdan dini dəyərlərin, İslamın düzgün tədrisi və təbliği, dini maarifləndirmə tədbirləri gənclərimizin müxtəlif zərərli vərdişlərdən qorunmasına xidmət edir. Qeyd etmək lazımdır ki, dini ali təhsilin inkişafı Azərbaycanda tolerant və muktikultural dəyərlərin inkişafına ciddi təkan verir, sağlam mənəvi mühit formalaşdıraraq dözümsüzlük, fanatizm, ksenofobiya və ekstremizm kimi neqativ meyillərin qarşısını alır. Bununla yanaşı, dini biliklər və maarifləndirmə gənclərin mənəvi təhlükəsizliyini gücləndirir, onlarda zərərli vərdişlərə qarşı mübarizlik yaradır, məzhəbçiliyi və dini radikallığı aradan qaldırır”.
Əli Zülfüqaroğlu