“Zaman-zaman dünyanın bir çox media qurumları Azərbaycanla bağlı qərəzli yazılar dərc ediblər” Siyasət

“Zaman-zaman dünyanın bir çox media qurumları Azərbaycanla bağlı qərəzli yazılar dərc ediblər”

Azər Verdiyev: "Bu proses mövsümi xarakter daşıyır"

Müntəzəm olaraq istər Qərb, istərsə də Avropanın ayrı-ayrı siyasi qurumları, təşkilatları tərəfindən Azərbaycana qarşı qərəzli, ədalətsiz yanaşma özünü göstərib. İstər ölkənin siyasi həyatı üçün əhəmiyyət kəsb edən tədbirlər, istərsə də beynəlxalq əhəmiyyətli mədəni-kütləvi tədbirlərin Azərbaycanda keçirilməsi ərəfəsində ölkəmiz həmin təşkilat və qurumların əsas hədəfinə çevrilir. Əsassız olaraq Azərbaycanda insan hüquq və azadlıqlarının pozulduğu iddia edilir, ölkəmizdə qeyri-demokratik mühitin olduğu söylənilir. Hazırda isə digər bir tendensiya müşahidə edilir. Belə ki, Qərbin və Avropanın anti-Azərbaycan şəbəkəsinə daxil olan siyasi təşkilat və qurumlarının siyahısına kütləvi informasiya vasitələri də əlavə olunub. Düzdür, Qərb və Avropa mediasından hərdən bu cür mövqe ortaya qoyulurdu. Ancaq dünyada neftin qiymətinin aşağı düşməsi fonunda Azərbaycanda baş verən devalvasiya və bundan dolayı yaranan xırda narazılıqlar ərəfəsində Qərb və Avropanın bəzi media qurumlarının da Azərbaycana qarşı qərəzli mövqeyini açıq şəkildə gördük. Belə ki, bir sıra Qərb və Avropa mediasında Azərbaycanda baş verən xırda narazılıqlar haqsız olaraq kütləvi xalq etirazı kimi qələmə verildi. Həmçinin "Financial Times" kimi nüfuzlu media orqanı Azərbaycanın Dünya Bankı və Beynəlxalq Valyuta Fondundan 4 milyard dollar kredit almaq istəyinin olduğu barədə yalan məlumat dövriyyəyə buraxdı. Maraqlıdır ki, Qərb və Avropa mətbuatında Azəbaycanla bağlı qərəzli, yalan məlumatların gümdəmə gəlməsi nə ilə bağlıdır?
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Analiktik Mərkəzinin rəhbəri Azər Verdiyev bildirib ki, zaman-zaman dünyanın bir çox media qurumları Azərbaycanla bağlı qərəzli yazılar dərc ediblər. Onun sözlərinə görə, bu proses mövsümi xarakter daşıyır: "Cəmiyyətdə hər hansı vacib bir proses gedirsə bu məqamda bir çox mətbuat orqanları ölkəmizə qarşı qərəzli yazılar dərc edirlər. Təbii ki, bu yazılar sifarişdən başqa bir şey deyildir". Azər Verdiyev "Financial Times" kimi nüfuzlu bir qəzetin Azərbaycanın guya 4 milyard kredit alması barədə yalan məlumat yaymasına da aydınlıq gətirib. Bildirib ki, "Financial Times" kimi nüfuzlu qəzetlər son 2-3 ildə kifayət qədər ciddi nöqsanlara yol veriblər: "Əgər xatirinizdədirsə Birinci Avropa Oyunlarından da öncə bu kimi qəzetlər kifayət qədər aqressiv, qərəzli yazılar dərc edirdilər. Bunun iki səbəbi var. Birinci səbəb
erməni lobbisi faktorudur. Daglıq Qarabağ problemindən fikirləri yayındırmaq üçün erməni lobbisi tərəfindən sifarişlərin verilməsi. Ikinci səbəb isə Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun artması faktorudur. İstənilən halda cənab Prezident İlham Əliyev bununla bağlı mövqe ortaya qoydu və təəssüfləndiyini bildirdi". Azər Verdiyevin sözlərinə görə, ölkədə baş verən devalvasiya fonunda yerlərdə qeydə alınan narazılıqları Qərb mətbuatı kütləvi aksiyalar kimi qələmə verir ki, burada da məqsəd beynəlxalq ictimai rəyi çaşdırmaq, Azərbaycan barədə mənfi rəy formalaşdırmaqdır. Bildirib ki, Qərb mediası hər zaman Şərqi xaotik bir məkan kimi təqdim etməyə öyrəşib: "Bu neçə illərdir ki, belədir. Eyni zamanda, ölkəmizdə baş verən ən xırda prosesi belə qlobal problem kimi təqdim etməsi ikili standartdan başqa bir şey deyildir. Lakin bu o demək deyil ki, biz Qərblə əlaqələri kəsməliyik. Hesab edirəm ki, bəzi ekspertlər də dünya mediasına çıxmasına nail olmalıdırlar. Bunun üçün dövlət də xüsusi dəstək proqramı hazırlamalıdır. Eyni zamanda, diplomatik korpuslarımızın Qərbdəki nümayəndələri və diaspor təşkilatları bu işə yaxından cəlb olunmalıdırlar. Əslində bu birbaşa olaraq onların vəzifə səlahiyyətlərinə aiddir. Lakin təəssüflə qeyd etməliyəm ki, Qərbdəki diplomatik simalarımızın bir çox yalnız və yalnız biznes fəaliyyəti ilə məşğuldurlar. Belə olan təqdirdə biz hansı müsbət nəticədən danışa bilərik? Bu məsələ də gündəmə gətirilməli, problemlər araşdırılmalı və öz həllini tapmalıdır".
Bu arada bir məqama da diqqət çəkmək lazımdır ki, Ermənistanda aylarla baş verən kütləvi aksiyalar barədə Qərb mətbuatı o qədər də məlumat yaymadı, bu məsələnin üstündən ötəri keçdi. Ancaq bu gün Qərb mediası Azərbaycanda qeydə alınan xırda narazılıqları kütləvi etiraz aksiyası kimi qələmə verməklə özünün obyektivliyini şübhə altına atmış olur və Qərbin, Avropanın bəzi siyasi təşkilat və qurumları kimi məsələlərə ikili standartlarla yanaşdığını, ermənipərəst mövqe nümayiş etdirdiyini səgiləyir. Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Analiktik Mərkəzinin rəhbəri isə qeyd edir ki, Qərb mediası kütləvi şəkildə korrupsiyalaşmış formada fəaliyyət göstərir: "Din faktorunu, islamafobiyanı prezident özü də dönə-dönə qeyd edib. Ermənistan tamamilə məhv olmuş və Rusiyanın vassalı olaraq az-çox mövcudluğunu saxlayan bir dövlətdir. Sizcə iqtisadiyyatı tamamilə yox olan, gələcəyə heç bir perspektivi olmayan bir dövlət kimin marağında ola bilər? Məncə heç kimin. Sadəcə etiraf etmək lazımdır ki, ermənilərin tarix boyu güclü diaspor təşkilatlanmaları, lobbiçilikləri olub. Bu gun də bu dövlətin dünyanın siyasi xəritəsində öz yerini hardasa qoruyub saxlaması məhz lobbi təşkilatlarının "xidməti" nəticəsində mövcud olmuşdur".