“Bəsdir yalan danışdınız” Siyasət

“Bəsdir yalan danışdınız”

Erməni arxiyepiskop: "Ermənilər də bütün normal insanlar kimi yalan danışmamağa çalışmalıdırlar"

"Birinci Dünya Müharibəsinin faciəvi dönəmlərində cərəyan etmiş olaylarla bağlı Almaniya Bundestaqının qəbul etdiyi qətnamə millətimiz kimi, biz ermənilərdə də dərin üzüntü hissi yaradıb. Türkiyə erməniləri icması olaraq bu üzüntünü sizinlə paylaşırıq, səmimi duyğularımızı sizə çatdırmaq istəyirik".
Türkiyədəki ermənilərin Qriqorian kilsəsinin patriarxının baş vəkili, arxiyepiskop Aram Ateşyanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Almaniya Bundestaqında 1915-ci ildə Osmanlı Türkiyəsində törədildiyi iddia olunan qondarma "erməni soyqırımı" barədə qəbul etdiyi qətnamə ilə bağlı ünvanladığı məktubda belə deyilir.
Almaniya Bundestaqının iddialarla bağlı hüquqi məsuliyyəti üzərinə götürməsini yolverilməz sayan Aram Ateşyanın fikrincə, həmin illərdə türklər və ermənilər üçün faciəvi olmuş hadisələrin qurbanlarının nəvəsi o olayların fəsadlarını yaşayır: "Osmanlı Türkiyəsinin bütünlüklə suçlu sayılması etik baxımdan müzakirə olunması gərəkən məsələdir. Düşmənçilik və qərəz ruhlu bəyanatlarla qonşu xalqları bir-birindən ayırmaq, tarixi siyasiləşdirmək əvəzinə sülh və dostluğu qarşıya məqsəd qoymaq lazımdır. Almaniya vətəndaşlarının səsverməsi nəticəsində təşkil olunmuş parlamentin üzvlərinin onlara etimad göstərmiş xalqın inkişafı, stabilliyi, rifahı və təhlükəsizliyinin təminatına yönəlmiş qanunlar qəbul etmək əvəzinə səlahiyyətlərindən kənar, heç bir hüququ olmayan bir mövzuda fikrini qətnamə formasında ifadə etməsi və bu fikri qanuniləşdirməsi, üstəlik qərarını "Almaniya xalqının mövqeyi" kimi təqdim etməsi, qurumun özünü ittihamçı mövqeyində görməsi təki xətalı, yanlış davranışı qəbuledilməzdir".
1954-cü ilin yanvarın 1-də Diyarbəkirin Silvan rayonunda doğulan, Manuq və Verkine Ateşyanların ailəsindəki 6 övladın sonuncusu, əsl ad və soyadı Aram Ateşyan vəftiz olunandan sonra Artin Ateş olmuşdu. Onu vəftiz edənsə Diyarbəkirdəki Surb Kirakos kilsəsinin keşişi Der Arsen (Movsisyan) idi.
1999-cu ilin dekabrın 22-də o, Ermənistandakı Surb Eçmiədzin monastırında bütün ermənilərin katolikosu 2-ci Qaregin, arxiyepiskop Xajaq Barsamyan və arxiyepiskop Viken Haykazyan tərəfindən yepiksop təyin olunmuşdu.
2006-cı ilin avqust ayında katolikos 2-ci Qareginin İstanbula səfəri əsnasında Ateşyan baş yepiskop təyin olunub. Türkiyə ermənilərinin (Konstantinopol) patriarxı 2-ci Mesrop Mutafyan uzun müddətdən bəri xəstə olduğundan, Ateşyan faktiki olaraq onun səlahiyyətlərini icra etməklə yanaşı, Lusararabed yepiskopu və Türkiyə ermənilərinin Patriarxılığının Dini Şurasının rəhbəridir.
Aram Ateşyanın açıqlaması Ermənistanla yanaşı, Qərb ölkələrindəki erməni diasporunda kəskin reaksiya yaradıb.
Məsələ Ermənistan parlamentində müzakirə mövzusuna çevrilib.
"Çiçəklənən Ermənistan" Partiyasının parlament fraksiyasının rəhbəri Naira Zohrabyan müzakirələrdə çıxış edərək deyib: "Hazırda Konstantinopol patriarxının səlahiyyətlərini icra edən arxiyepiskop Aram Ateşyan vəzifəsindən dərhal kənarlaşdırılmalıdır. Onun Türkiyə prezidentinə yolladığı məktub Ermənistana və bütün ermənilərə xəyanətdir. Bütün ermənilərin katolikosu 2-ci Qaregin vəziyyəti təcili şəkildə dəyərləndirməlidir. Xarici ölkələrdəki erməni icmasının mənsubları da bu məsələni müzakirə edirlər. Aram Ateşyan onları da hiddətləndirib. Ərdoğana ünvanlanmış bu mənəviyyatsız məktub dünya erməniliyi üçün üzqarası, utanc yeridir".
Ermənistan prlamentinin deputatı Araqas Ahoyan isə arxiyepiskop Ateşyanın məktubunun və davranışının onun üçün gözlənilməz olmadığını vurğulayıb.
"Hələ bir neçə il əvvəl onunla Vanda və İstanbulda görüşəndə anladım ki, Ateşyan Türkiyədəki ermənilərin yox, rəsmi Ankaranın mövqelərini müdafiə edir. 2013-cü ildə İstanbulda keçirilən beynəlxalq konfranda arxiyepiskop Aram Ateşyan çıxışında demişdi ki, Türkiyə qədər demokratik, tolerant ölkə tanımır.
Ateşyanın son məktubu onun antierməni çıxışlarının və bəyanatlarının apogeyidir. Ateşyan Türkiyədə yenidən xristianlığı qəbul etmək istəyən ermənilərin qarşısında süni sədlər yaradır, prosesi 3 ilədək uzadır", - Ahoyan söyləyib.
Ermənilər katolikoslarından Ateşyanın cəzalandırılmasını tələb edir, həqiqəti yazmış arxiyepiskopun "xəyanətkar və mənəviyyatsız" olduğunu deyirlər.
Lakin Ermənistanda isteriya yaradanlar həmişə olduğu kimi, bu dəfə "hissə qapılaraq" reallığı görmürlər.
İş ondadır ki, bütün ermənilərin katolikosu 2-ci Qaregin, Ermənistandakı Eçmiədzin yeparxiyası və ya bu ölkədəki hər hansı bir şəxs arxiyepiskop Aram Ateşyanı vəzifəsindən kənarlaşdırmaq, cəzalandırmaq və ya onun fəaliyyətinə müdaxilə etmək imkanlarına malik deyil. Eçmiədzinin Türkiyədəki Konstantinopol yeparxiyasındakı təyinatlara təsir rıçaqları da yoxdur.
Türkiyədəki ermənilərin patriarxı Mesrop Mutafyan xəstədir, yatağa məhkum olub və səlahiyyətlərini yerinə yetirə bilmir.
Aram Ateşyanı isə yalnız o vəzifəsindən kənarlaşdıra bilər.
Fəqət, bu ehtimal çox zəifdir, çünki Mesrop Mutafyan indiyədək erməni diasporunun təsirindəki insan kimi tanınmayıb. Əksinə, onunla Avropa və ABŞ-dakı erməni diaspor təşkilatlarının liderləri arasında daim münaqişələr, mübahisələr yaşanıb.
Aram Ateşyan ittihamlara cavab verib: "Bu ittihamlar absurddur və yalandır. Ermənistan prezidenti Serj Sarkisyana qulluq edənlər yenə at belindədir, yenə mənasız bəyanatlar verirlər. Etiraf edib-etməməyimizdən asılı olmayaraq cəmiyyətimiz dindən ayrılır.
Ermənilər üçün din indi ikinci plandadır. Erməni dilində danışmaq hələ erməni olmaq deyil. Çünki çox müsəlman tanıyıram ki, erməni dilində ermənilərdən yaxşı danışırlar. Erməni yalnız dinin sayəsində əsl erməni ola bilər. Erməni olmaq istəyirsənsə, xaç suyuna salınmalısan, vəftiz edilməlisən, erməni Qriqorian kilsəsinin mənsubu olmalısan. Yalnız belə olarsa, "mən erməniyəm" deyə bilərəm. Hə, ermənilər də bütün normal insanlar kimi yalan danışmamağa çalışmalıdırlar", - Ateşyan deyib.
Onun sözlərinə görə, Almaniya Bundestaqının qərarını qərəzli sayır və mövqeyini dəyişmək niyyətində də deyil: "Alman deputatlar tarixçilərin, ekspertlərin əvəzinə rəy verərək 1915-ci ildə Osmanlı Türkiyəsində baş vermiş faciələrlə bağlı necə qərar çıxara bilərlər, necə qətnamə qəbul edə bilərlər?! Həmin faciələrin qurbanları arasında ermənilər də var, türklər də, kürdlər də. Hamı o vaxt əziyyət çəkdi, qurban oldu. Belədirsə, digər insanları unudaraq ermənilərin faciəsini qabartmaq nə dərəcədə məntiqidir?! Məni ittiham edənlərəsə sözüm qısadır: bəsdir yalan danışdınız!"