11:54
672
Hörmüz boğazı konfransının iştirakçıları İsrail və ABŞ-nin İrana qarşı əməliyyatı davam etdiyi müddətdə bölgəyə hərbi qüvvə göndərmək istəmirlər.
AZƏRTAC xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, Böyük Britaniyanın sədrliyi ilə keçirilən videokonfransda ümumilikdə 41 ölkə iştirak edib. Onların liderləri tərəflər arasında atəşkəs əldə olunanadək hərbi vasitələrə əl atmaq niyyətində olmadıqlarını bildiriblər.
İştirakçı ölkələrdən birinin nümayəndəsi nəşrə bildirib ki, konfransda Hörmüz boğazı ilə bağlı Qara Dəniz Təşəbbüsü modeli müzakirə olunmayıb.
Böyük Britaniya Xarici İşlər Nazirliyi konfransdan sonra iştirakçıların Hörmüz boğazından keçid üçün İrana rüsum ödəmək niyyətində olmadıqları barədə bəyanat verib.
Qeyd edək ki, Tehran Hörmüz boğazını ABŞ, İsrail və İrana qarşı təcavüzü dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün bağlayıb. Həmçinin İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Tehranın icazəsi olmadan boğazdan keçən bir neçə tankerə zərbə endirib. Sonradan İranın xarici işlər naziri Abbas Əraqçi Rusiya, Hindistan, İraq, Çin və Pakistan da daxil olmaqla dost ölkələrin boğazdan keçidinə icazə verildiyini açıqlayıb. Bunun ardınca İran Məclisinin (Parlament) Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Alaəddin Borucerdi tezliklə qəbul ediləcək yeni qanuna uyğun olaraq, Hörmüz boğazından keçən gəmilərdən rüsum alınacağını açıqlayıb.