“Əli Kərimli artıq 5 dollara özünü reklam edən siyasətçi olub” Siyasət

“Əli Kərimli artıq 5 dollara özünü reklam edən siyasətçi olub”

Niyaməddin Orduxanlı: "Sonra da durub yekə - yekə bəyanat verir ki, mən facebookdan geniş istifadə edirəm"

Bir müddətdir ki, ölkənin siyasi düşərgəsində passivlik müşahidə edilir. Xüsusilə, müxalifətin radikal qanadı fəaliyyətsiz durumdadır. Yalnız sosial şəbəkələr və öz çevrələrinə yaxın mətbuat səhifələrində görünən həmin partiya və siyasilərin bu fəaliyyəti də yalnız digərinə şər-böhtan atmaq, qara yaxmaqla özünü göstərir. Bəs görəsən bu kimi neqativ fəaliyyətlər həmin siyasi qüvvələrin tədricən siyasi səhnəni tərk etməsinə gətirib çıxara bilərmi? Bu və ya digər məsələlərlə bağlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı ilə söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə BAXCP rəsmisi son günlər regionda baş verən proseslərə də toxunub.
-Niyaməddin bəy, hazırda siyasi düşərgədəki vəziyyəti necə xarakterizə edərdiniz?
Görünən odur ki, bəzi müxalifət partuyaları öz varlıqlarını yaınız sosial şəbəkələr vasitəsilə təsdiq etməyə, bu vasitə ilə fəaliyyətdə olduqlarını göstərməyə çalışırlar. Bu nə dərəcədə uğurlu bir fəaliyyət növüdür? Yay tətilini nəzərə alsaq, siyasi düşərgədə passivliyin olması təbii qarşılanmalıdır. Ancaq ümümilikdə götürdükdə, son parlament seçkilərindən, 2015-ci ildən bu günə kimi bəzi istisnalar olmaqla, ölkənin siyasi həyatında sakitlik hökm sürür. Və bu sakitlik əsasən də müxalifət düşərgəsində baş verir. Sanki, uzun illərdir bu cür davam etməkdədir. Seçki bitdisə, bütün siyasi fəaliyyət yenidən kölgəyə çəkilir və bir müddət seçkidə məğlubiyyətin müzakirəsi aparılır. Qarşılıqlı ittihamlar, mətbuat savaşı. Bir müddət keçdikdən sonra isə, siyasilər yalnız mətbuatda və siz dediyiniz kimi, yeni bir meydanda-sosial şəbəkədə- facebook.da, twitter.com və s. fəaliyyət göstərirlər. Və sanki bununla da özlərinin "siyasi fəaliyyətini" davam etdirdiklərini zənn edirlər. Əslində bir siyasi təşkilatın həm də sosial şəbəkədən istifadə etməsi çox doğru bir qərardır. Çünki bu da bir təbliğat növüdür. Təsəvvür edin ki, Azərbaycanda yalnız facebook istifadəçilərinin sayı yüz minlərlədir. Bütün inkişaf etmiş ölkələrdə həm siyasətlə məşğul olan şəxslər, həm də dövlət idarəçiliyini aparan insanlar sosial şəbəkədən geniş istifadə edir. Ancaq bütün fəaliyyətini sosial şəbəkəyə yönəltməyib həm də real siyasətlə məşğul olurlar. Biz də isə bu hal daha çox müşahidə olunur. Siyasi təşkilatların rəhbərləri özlərini blogger və yaxud bütün günü kompüterin qarşısında oturub internet aludəçisi olan yeniyetmə gənc kimi aparır. Bu hal daha çox Əli Kərimliyə aiddir. Bilirsiniz ki, facebook həm də böyük bir bisnes qurumudur. Ən məşhur şirkətlərin facebookda reklamları yayılır. Və mən sizə dəqiq deyirəm ki, buna görə, facebook yaxşı pul da qazanır. Bu misalı niyə gətirdim. Hər gün Əli Kərimli facebookda statuslar yazır və bunu Əli Kərimli pullu reklama yönəldir. İstənilən şəxs facebooka daxil olub bunun şahidi ola bilər. Yəni profilin sol tərəfində şirkətin pullu reklamları var. Facebook hər kəsə bu pullu reklamı təqdim edir. Yəni, bir statusu və ya səhifənin bəyənməsini 24 nəfər üçün 5 dollar müəyyən edib. İstifadəçilərin sayına görə qiymətlər də artır. Əli Kərimli 5 dollar ödəyib öz yazılarını reklam etdirir. Şəxsən mən facebookda Əli Kərimlinin səhifəsinin üzvü deyiləm, yəni onun səhifəsini bəyənməmişəm, ancaq onun 5 dollara yaydıqları statuslar mənim də lövhəmdə görünür. Məndən aslı olmayan səbəbdən. Konkret dediyim odur ki, Əli Kərimli artıq 5 dollara özünü rekam edən siyasətçi olub. Yəni, sonra da durub yekə - yekə bəyanat verir ki, mən facebookdan geniş istifadə edirəm. Mənim filan qədər izləyicilərim var. Ancaq çox adam bunu bilmir ki, bu adam facebook şirkətinə 5 dollar ödəməklə bunu edir.
-Bu il əvvəlki illərə nisbətən 4 iyun qiyamı ətrafında daha geniş fikir mübadiləsi aparıldı və o zaman proseslərin iştirakçısı olan bəzi müxalifət liderləri bir-birini kəskin şəkildə ittiham etdi, keçmiş səhvlərini üzə çıxardı. Bu cür mübahisə predmetlərini necə qarşılayırsınız?
-Bütün bunlar onu göstərdi ki, bir-birilərini ittihamlar və təhqirlərə məruz qoyan şəxslərin 4 iyun hadisəsindən 20 ildən artıq vaxt keçməsindən aslı olmayaraq nə dünya görüşləri, nə də düşüncələri dəyişməyib. Bunların yazdıqlarını oxuduqca dəhşətə gəlirsən. Yəni bu adamları ölkənin siyasi rəhbərliyində olan ikinci, üçüncü şəxslər olublar. Nazirlər olublar. Xalqı idarə ediblər. Şəxsən mən düşünürəm ki, mərhum Əbülfəz Elçibəyin bu cür komanda ilə və bu cür səriştəsiz adamlarla bir il hakmiyyətdə qalmasının özü böyük bir hadisədir. Tam məsuliyyətimlə deyirəm ki, bu adamların böyük əksəriyyəti heç kiçik bir qəsəbənin bələdiyyə sədri vəzifəsinə layiq deyillər və heç bir idarə etmək bacarıqlar yoxdur. Məncə, iyun hadisəsinin yaranmasının əsas səbəbi bu cür şəxslərin ölkənin siyasi rəhbərliyində təmsil olunması olub. Bir məqamı da sizə deyim. Əbülfəz Elçibəy 1998- ci ildən sonra Naxçıvandan Bakıya qayıdıb yenidən siyasi fəaliyyətlə məşğul olduğu dövrdə iclasların birində özünün komandasına xitabən deyir ki, Heydər Əliyev 1993-cü ildə hakmiyyətə qayıtmasa idi, bu gün bu zalda oturanların 50% bu dünyada yox idi. Yəni Sürət Hüseynov bunların yarısını güllələyəcəkmiş. Bunu deyən Əbülfəz Elçibəydir. Əbülfəz bəyin bu çıxışı youtebe-da var.
- Ümumiyyətlə, əksər müxalifət partiyalarının ciddi siyasi fəaliyyət deyil, bir-birinə şər-böhtan atmaqla məşğul olması həmin siyasi qüvvələrin tezliklə siyasi səhnəni tərk edəcəklərindən xəbər vermirmi?
-Müxalifət düşərgəsi, xüsusən də radikal müxalifətin təmsilçilərinə baxın. Görün kimlərdir? Bu adamların böyük əksəriyyəti 1993-cü ildə ölkənin siyasi rəhbərliyində olan şəxslərdir. Bu adamlar heç vəzifədə olanda bir-birilərini qəbul etmirdilər. Bir-birilərinə nifrət bəsləyirdilər. Həmin dövrdən bu günə kimi 23 il keçib, ancaq yenə də münasibətlər düzəlməyib. Və heç vaxtı da inanmayın ki, bunların mübarizəsi dayanacaq. Radikal müxalifət bu gün ölkənin siyasi həyatında çox zəif bir nöqtədə cəmləşib. Xalq arasında geniş sosial bazaları yoxdur. Əksinə partiya rəhbərliyinə olan xeyli sayda insanlar onların yanından uzaqlaşıb başqa işlə məşğul olurlar. Bu qüvvələrin ciddi bir dəstək qazanacağı perspektivi yoxdur.
-Türkiyə prezindeti Ərdoğanın Putinə yazdığı məktubdan sonra İstanbulda terror hadisəsi baş verdi. Bununla bağlı da fikirlərinizi bilmək istərdik.
-Əvvala onu deyim ki, biz bir partiya olaraq ilk gündən Türkiyə silahlı qüvvələrinin Rusiyaya məxsus qırıcı təyarəsinin vurulmasının yanlış olduğunu və bu addımın türk xalqının və eləcə də Azərbaycan dövlətinin maraqlarına uyğun olmadığını bəyan etmişdik. Hətta buna görə, BAXCP-ni və partiyamızın lideri Qüdrət Həsənquliyevi "Rusiyapərəst" olmaqda belə isttiham edirdilər. Ancaq zaman göstərdi ki, BAXCP tam haqlıdır. Ərdoğan doğru bir qərar verdi. Bu türk xalqının milli maraqlarına uyğun idi. Məncə, Türkiyə ilə Rusiyanın münasibətlərinin korlanması birbaşa Qərbin maraqlarına xidmət edirdi və bunu da bacarmışdılar. Qərb və Avropa Rusiyaya sanksiya tətbiq etdiyi bir məqamda heç cür razı ola bilməzdi ki, 80 milyonluq güclü bir Türkiyə ilə Rusiyanın əlaqələri genişləndirilsin. Bir məqamı diqqətinizə çatdırım, Türkiyə ilə Rusiya arasında böhran baş verməmişdən əvvəl iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 31 milyard dolları keçmişdi. Eyni zamanda hər il Rusiyadan Türkiyəyə 4,4 milyona yaxın turist gəlirdi. Söhbət burada milyardlarla dollardan gedir. Türkiyə ilə Rusiyanın münasibətləri korlandıqdan sonra nə baş verdi? Qərb və Avropa İttifaqı Türkiyəyə xəyanət etdi. Təsadüfi deyildi ki, Türkiyəni 3000-ci ildə Avropa Birliyinə üzv edə biləcəyini ironiya etdilər. Sonra isə Almanıya "soyqırımı" tanıdı. Bütün bunları edən kim idi? Təbii ki, Qərb. Bir daha Türkiyə hökümətini basqı altında saxlamaq və öz iradələrini yeritmək məqsədi güdürdülər. Belə bir vəziyyətdə Türkiyə prezidentinin atdığı addımı yüksək qiymətləndirirəm. Və baş vermiş terrora görə üzülürüm. Günahsız bacı-qardaşlarımız həyatlarını itirdilər. Hadisəni törədənlərin İŞİD olduğu üzə çıxdı. Terrorçuların kim olduqları artıq çox mətləblərin üstünü açır. Və bu gün Putinin Ərdoğanla telefon danışması və ardınca Putinin Türkiyə qarşı qoyduğu sanksiyaların ləğvi onu deməyə əsas verir ki, artıq Türkiyə Rusiya münasibətləri yeni bir mərhələyə qədəm qoyur.