Ermənistan dalana dirənib Siyasət

Ermənistan dalana dirənib

Asim Mollazadə: "Ermənistanın vaxtı artıq bitib"

Fikrət Sadıqov: "Rusiyanın Qarabağla bağlı konkret təklifləri var"

Cavid

Dağlıq Qarabağ münaqişəsinin həllində canlanma müşahidə olunmaqdadır. NATO-nun Varşava sammitində münaqişə ilə bağlı səslənən fikirlər, Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı bəyanatın səsləndirilməsi, Rusiya xarici işlər naziri Lavrovun Bakı səfəri, Rusiya prezidentinin Bakıya planlaşdırdığı səfər artıq Sarkisyan rejimini qorxuya salıb.
İyulun 14-də də ABŞ dövlət katibi Con Kerri Moskvaya səfər edəcək.
"Reuters" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bildirib.
Onun sözlərinə görə, Con Kerri Moskvaya Parisdən, Fransa prezidenti F.Olland ilə görüşündən sonra səfər edəcək.
"Dövlət katibi səfər çərçivəsində Suriya, Ukraynadakı vəziyyəti, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcək", - C.Kirbi deyib.
Bundan başqa ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupunun həmsədrləri yenidən münaqişə zonasına yollanmaq niyyətindədirlər. "RİA Novosti" bildirir ki, qrupun rusiyalı həmsədri İqor Popovun sözlərinə görə, hələlik səfərin dəqiq tarixi müəyyənləşdirilməyib.
Bakı, Yerevan və Xankəndinə ötən səfər aprelin 5-də — dörd günlük müharibədən dərhal sonra başlamışdı. "Təbii ki, biz gedəcəyik, lakin hələlik tarix məlum deyil — tərəflərlə danışıqlar gedir. Onlara rahat olan vaxtda, qrafiklərinə uyğun baş tutacaq", - Popov deyib.
Onun sözlərinə görə, bazar ertəsi günü Vyanada rusiyalı, fransız və amerikalı həmsədrlərin iştirakı ilə ATƏT-in Minsk Qrupunun bütün üzvlərinin plana uyğun toplantısı keçirilib. Görüşdə ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.
Millət vəkili Asim Mollazadənin fikrincə, hazırda sülh istiqamətində ən əsas addım Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsindən və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icrasından keçir.
Millət vəkili bildirib ki, Ermənistan addım atmazsa, bu, Rusiyanın imicini və dünyaya verdiyi vədləri puça endirəcək:
"Varşavada NATO sammitində yenə də Azərbaycanın ərazi bütövlüyünə dəstək verildi və münaqişənin məhz beynəlxalq hüquq normaları çərçivəsində həlli tələb olundu. Hesab edirəm ki, Qarabağ prosesi ətrafında baş verən son dəyişikliklər fonunda, əslində, Ermənistan üçün çox ciddi bir şans yaranıb. Ermənistan işğal edilmiş Azərbaycan ərazilərini azad etməklə bölgədə sülh və stabilliyin başlanğıcını qoya bilər. Qarabağın işğaldan azad edilməsində mərhələli həll planının əsas yolu da məhz bundan keçir. Azərbaycan bu prosesi bundan sonra da sürətlə davam etdirəcək. Çünki Ermənistanın vaxtı artıq bitib".
Politoloq Fikrət Sadıqov isə bildirib ki, Rusiyanın Qarabağla bağlı konkret təklifləri var, ancaq əsas məsələ Azərbaycanın qane olmasıdır. Hesab edirəm ki, Lavrov Bakıya əliboş gəlməyəcək. Ancaq Dağlıq Qarabağın azad olunması planının konturları Putinin Bakıya səfərindən sonra bilinəcək.
O, Rusiyanın hazırda Azərbaycan və Ermənistanla paralel işlədiyini deyib:
"Azərbaycan mərhələli həll planına üstünlük verir və bu o deməkdir ki, rayonlar mərhələli şəkildə Azərbaycana qaytarılmalıdır. Bu, bir nömrəli şərtimizdir. İkincisi, status-kvonun saxlanılması nəinki Azərbaycana, bütövlükdə regiona bir təhlükədir. Prezidentin Varşavada NATO sammitində bunu xüsusilə vurğulaması o anlama gəlir ki, digər dövlətlər də artıq status-kvunun saxnılmasının mümkünsüzlüyünü anlayırlar. Əks təqdirdə müharibə danılmazdır. NATO-dan verilən Qarabağ mesajı artıq məsələnin həllinin ciddiyyətindən xəbər verir. Vaxt daralır, Ermənistanın çıxış yolu yoxdur. Azərbaycanın öz torpaqlarını azad etməyə tam hüququ var. Moskva rəhbərliyi bunu çox yaxşı dərk edir və o da dəqiqdir ki, Kremldə çox ciddi götür-qoy edilir. Dağlıq Qarabağın azad olunması planının konturları Putinin Bakıya səfərindən sonra bilinəcək. Çox güman ki, Rusiya hazırkı geosiyasi şəraitdə Azərbaycanla münasibətlərin genişlənməsində olan marağını qoruyub saxlayacaq".
Sentyabrın 29-da Bakıda keçiriləcək V Beynəlxalq Humanitar Forum çərçivəsində isə Azərbaycan və Rusiya prezidentlərinin görüşü istisna edilmir.