“Əsədi Putinə həvalə etməliyik” Siyasət

“Əsədi Putinə həvalə etməliyik”

Türkiyəli rektor: "Azərbaycanın FETÖ-yə qarşı qərarlı mübarizəsi məmnunluq doğurur"

İstanbuldakı Yeni Yüzyıl Universitetinin rektoru, professor Yaşar Hacısalehoğlunun APA-ya müsahibəsini oxucularımıza təqdim edirik

- Prezident Ərdoğanın 9 avqustda Sankt-Peterburqda Rusiya prezidenti Putinlə görüşündən sonra 24 avqustda ABŞ vitse-prezident Bayden Türkiyəyə gəldi və eyni gündə türk ordusu Suriyada əməliyyata başladı. Bu dinamizmin səbəbi nə idi?

- Türkiyə-Rusiya münasibətlərinin yenidən normallaşma mərhələsinə girməsinin ən önəmli səbəbi Suriya məsələsidir. Türkiyə və Rusiyanın yeni bir Suriya gündəliyi yaratmaları lazımdır. G-20 zirvəsində Putin və Ərdoğanın görüşündə Suriya gündəliyinin yeni məzmunu da formalaşacaq ki, bunun da ən önəmli tərkib hissəsi terrorla mübarizə məsələsi olacaq. Bu məsələdə Türkiyənin mövqeyi açıq-aşkardır: PYD nədirsə, DAEŞ də odur, DAEŞ nədirsə, PYD də odur. "Fərat qalxanı" əməliyyatının bu terror təşkilatlarının hər ikisinə qarşı yönəldiyini qəti şəkildə deyə bilərik. Rusiyanın DAEŞ-ə qarşı mövqeyi bəllidir, burada dilemmanı PYD-yə qarşı mövqeyi yaradır. PYD-nin ABŞ-la üzvi münasibəti var, Rusiya ilə də münasibəti var. Rusiya bizə desə ki, sizin PYD-yə olan baxışınızı biz də qəbul edirik, onda iki ölkə arasında ortaq gündəliyin yaradılması və həyata keçməsi daha asan olacaq. Gündəliyin söykənəcəyi əsas tezis isə Suriyanın ərazi bütövlüyü tezisidir. Rusiya da bu tezisdə təkid edərsə - təkid etməsi normaldır, çünki Şərqi Aralıq dənizi xəttində daha çox möhkəmlənmək üçün Əsədlə əməkdaşlığı davam etdirmək istəyəcək - terrora qarşı mübarizə məsələsində daha asan anlaşa biləcəklər və bu razılaşmaya İran da daxil ola biləcək. Qərb ölkələrinin yaranmış vəziyyətdən istifadə edərək Suriyanın şimalında kürd koridoru yaratmağa cəhd göstərməsi Türkiyə kimi, Suriya və İranın da mənafeyinə ziddir. Türkiyənin hüquqi sərhədləri təhlükəsizlik sərhədləri ilə məhdud deyil. DAEŞ gəlib, Türkiyədə terror aksiyaları keçirir, PYD ilə PKK Türkiyədə terror aksiyaları törətmək üçün birgə hərəkət edir. Türkiyə həmişə leqal müdafiə haqqından istifadə edir və indiki əməliyyat da onlardan biridir. Bölgədə Türkiyə ilə Rusiyanın əməkdaşlığı terrorizmə qarşı mübarizədə hər iki ölkənin atacağı təsirli addımlara bağlıdır. Türkiyə ilə Rusiya PYD-yə qarşı müştərək mübarizə aparsa, ABŞ buna qarşı çıxa bilməyəcək və terrorizmə qarşı beynəlxalq koalisiya çərçivəsində bu əməkdaşlığa dəstək vermək məcburiyyətində qalacaq. DAEŞ bölgəmizdəki xəritələri dəyişdirmək istəyənlərin əlində bir alətdir. DAEŞ ilə PYD bir təxti-rəvalın iki ucuna yerləşmiş ünsürlər və bir-birlərini bəsləyən mexanizmlərdir. Çünki PYD-nin leqallaşması üçün DAEŞ-in varlığına ehtiyac var. PYD-nin leqallaşmasına isə bölgədəki enerji oyunları üçün ehtiyac var. Qlobal baronların planlarına uyğun şəkildə DAEŞ-in arabir hücum edərək PYD-ni sıxışdırması lazımdır ki, o təşkilat leqallaşa bilsin. Bu, "dovşana qaç, tazıya tut" strategiyasıdır. Təxminən 1000 kilometrlik Suriya sərhədi boyunca cərəyan edən proseslərdən ən çox mənfi təsir görən ölkə Türkiyədir, Rusiya da Suriyanın ərazi bütövlüyünü müdafiə etdiyinə görə, "biz duruma əl qoyuruq" - deyə bilərlər. Burada Rusiyanın mənafeyi nədir? Yeni dönəmin yüksələn enerji geosiyasətinin aktyorları gün keçdikcə daha da dəqiqləşir. Misir və İsrailin Aralıq dənizindəki təbii sərvətlərinin çıxarılmasında söz sahibi olmağa başlaması tarazlıqları önəmli dərəcədə dəyişdirməkdədir. Suriya və Türkiyə də Şərqi Aralıq dənizindəki enerji geosiyasətinin yeni oyunçularıdır. Oyunçular dəqiqləşsə də, hələ oyun başlamayıb. AB-nin 25 illik təbii qaz ehtiyacını Misir təkbaşına təmin edə bilər, bu durum Rusiyanı da ciddi şəkildə düşündürür, ona görə Rusiya da bu bölgədə oyun qurucu olmaq istəyir. Son aylarda Türkiyənin İsrail ilə münasibətlərini düzəltməyə başlaması da Ankaranın bölgədəki iddialarından xəbər verməkdədir. Şərqi Aralıq dənizində Türkiyənin olmadığı bir enerji geosiyasəti yanlış və uğursuz olacaq. Ona görə, Rusiya ilə Türkiyənin bu bölgədəki mənafeləri üst-üstə düşə bilər. Geriyə Əsəd qalır, onu razı salmağı da Putinin boynuna qoymaq lazmdır. Putin demişdi ki, Əsəd mənim qohumum deyil, əsas məsələ mənafelərimizdir. Ona görə, Əsədi Putinə həvalə etməliyik.

- Mosulu DAEŞ-dən təmizləmək üçün geniş əməliyyat hazırlıqları olduğu məlumdur. Türkiyənin Başikadakı əsgərlərini çıxarması üçünİraq dəfələrlə xəbərdarlıq edib. Türkiyədə orada nə etməlidir?

- Cerablusda başlayan əməliyyatın iki ayağı var: bunun hər ikisi terror təşkilatları arasında Türkiyənin heç bir fərq qoymamasından irəli gəlir. Terror təşkilatını adıyla çağırmaq lazımdır, başqa adı ola bilməz. Mosul 2 ildən artıqdır ki, DAEŞ-in əlindədir. Mosul uğrunda tarixdə bu qədər mübarizə aparmış Qərb dövlətləri üçün o bölgə niyə birdən-birə bu qədər önəmsizləşdi? Oranı bir terror təşkilatına göz yumaraq təslim etdilər. DAEŞ Mosul Mərkəzi Bankının əmanətlərini öz büdcəsinə qatdı, tərk edilən silahları öz inventarına daxil etdi, ancaq heç kimin tükü də tərpənmir, sanki Mosul unuduldu. Başikadakı təlim düşərgəsinin məqsədi terrora qarşı daha təsirli mübarizə aparmaqdır. Mosul o terror təşkilatının əlindən alınmalıdır, terror təşkilatları Türkiyəyə qonşu olan ölkələrin torpaqlarında sahə hakimiyyəti qura bilməzlər. Çünki oralardakı durum Türkiyənin təhlükəsizliyini təhdid edir. Bugünə qədər DAEŞ terror təşkilatına heç kim realist şəkildə müdaxilə etmədi. Terror təşkilatlarıyla necə mübarizə aparılacağını ilk dəfə Türkiyə ciddi şəkildə göstərdi. Cerablusda nə oldu? Terror təşkilatları oradan çıxıb getdilər. Bunu Rusiya edə bilərdi, ancaq etmədi. Rakkanı düz-əməlli şəkildə bombaladıqlarını gördünüzmü? Terror təşkilatlarının yaratdıqları illeqal iqtisadiyyatdan onlara dəstək verən ölkələr də faydalanır, bölgədən müxtəlif yerlərə qaçaq neft və pul göndərilir. Mosul hərəkatında Türkiyə də öz üzərinə düşən vəzifəni aktiv şəkildə yerinə yetirəcək. Türkiyə özünün təhlükəsizlik qurumlarını yenidən təşkilatlandırır. 15 iyulda biz böyük bir faciə yaşadıq. Silahlı Qüvvələrimizin içində sanki başqa bir ölkənin ünsürləri mənafeyimizi o ölkənin mənafeyinə bağlayıblar. Terora qarşı mübarizə aparılan bölgənin bütün sabiq komandanları hal-hazırda FETÖ-yə üzv olmaqdan həbsdədirlər. Bunlar sanki düşmən ölkənin adamları kimi gəlib özəl hərəkat mərkəzimizi, Məclisimizi bombaladılar, insanların üstünə tank sürdülər. Onların arasında yüksək vəzifəli dövlət idarəçiləri və komandanlar vardı. Əllərində o qədər səlahiyyət varkən onlar nələr etməzdilər? Türkiyə bu təmizliyi qərarlı şəkildə davam etdirərək bu mərhələdən çox güclü çıxacaq. Türkiyənin qurumları sanki bizim deyilmiş, indi bizim olmağa başladı. İndi Türkiyə üçün əsas məsələ bölgədə sülhün yaranmasıdır. Bölgənin sərvəti bundan sonra xalqların özünə məxsus olmalıdır. İndi Suriya daim iki şey "istehsal" edir: qaçqın və cansız bədən. Bölgə ölkələri bu faciələrdən həmişəlik xilas olmalıdırlar.

- Türk dövlətləri öz müstəqilliklərinin 25-ci ilini qeyd etməyə hazırlaşarkən o ölkələrlə münasibətləri daha da dərinləşdirmək üçün Türkiyənin önünə yeni fürsətlər çıxırmı? Siz daim bərabər hüquqlu münasibətləri vurğulayırsınız.

- 15 iyuldan sonrakı mənzərəyə baxanda gördük ki, Türkiyənin önünü tıxayan FETÖ yapısının ayaqları təkcə Türkiyədə deyil, türk cümhuriyyətlərində də var. Bu strukturun "türk məktəbləri" adı altında əvvəlcə türk cümhuriyyətlərinə getdiyini görürük. Bu, bir layihə idi və qlobal ağalara xidmət etmək məqsədi daşıyırdı. Rusiya o məktəbləri bağladı, Azərbaycanın o struktura qarşı indi çox aktiv şəkildə mübarizə aparması və Türkiyə ilə eyni mövqedə durması məmnunluq doğurur. Digər ölkələr də bundan dərslər çıxarırlar. 25-ci ilini qeyd edəcək olan türk cümhuriyyətlərinin o təxribatçıların, agentlərin, başqa ölkələrə xidmət edərək bizim birlik və həmrəyliyimizi əngəlləməyə çalışan o qrupların aradan qaldırması bizi daha güclü qılacaq. Bundan sonrakı türk cümhuriyyətləri ilə olan münasibətlərimizdə o cür vasitəçilərə gərək qalmayacaq, biz özümüz olacağıq və ona görə gələcəyə daha inamla baxacağıq.