Parlamentin payız sessiyasının ilk plenar iclası keçirilib Siyasət

Parlamentin payız sessiyasının ilk plenar iclası keçirilib

Milli Məclisinin 2016-cı ildə payız sessiyasının ilk plenar iclası keçirilib. İclasın gündəliyinə 31 məsələ daxil edilib.
İlk olaraq ümumi müzakirələr aparılıb, daha sonra isə qanun layihələrinin müzakirəsi başlayıb.
Deputat Məlahət İbrahimqızı I qrup sağlamlıq imkanları məhdud olan tələbə gənclərlə bağlı məsələni qaldırıb. Deputat qeyd edib ki, bu qrupa daxil olan tələbələr təhsil haqqından azad edilsələr yaxşı olardı: "Nəsimi rayonunda iki belə tələbə var. Onlar yüksək bal yığıb universitetə daxil olublar, ancaq pullu ixtisasa düşüblər, ödəməyə imkanları yoxdur. Onların da ödənişdən azad olunmaları ilə bağlı məsələyə baxılmasını təklif edirəm".
Milli Məclis sədri Oqtay Əsədov isə bildirib ki, qanunvericilikdə bu məsələ nəzərdə tutulub, amma problem bir daha araşdırılacaq.
Millət vəkili Qənirə Paşayeva da həmkarının fikirlərini təsdiqləyib:
"Əgər bu ödəniş haqqı ləğv olunubsa, o zaman universitetlər buna əməl etmir: "Çünki bu yaxınlarda bir neçə universitetdən tələbəsi mənim yanıma gələrək onlardan təhsil haqqı tələb edildiyini bildirdi. Bunlar Bakı Dövlət Universitetinin, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri idilər".
Deputat Qənirə Paşayeva Hollandiyadakı Azərbaycan diasporunun rəhbəri İlhan Aşkının ermənilərin şikayəti əsasında polisə çağırılması ilə bağlı məsələ qaldırılıb. O bildirib ki, 2 il əvvəl mitinqdə Qarabağ məsələsinə dair çıxışı ilə əlaqədar İlhan Aşkının ermənilərin sifarişi əsasında polisə çağırılması ədalətsizlikdir. Qənirə Paşayeva hesab edir ki, dünyadakı bütün azərbaycanlılar, o cümlədən Azərbaycandakı hüquqşünaslar, vəkillər bu məsələdə diaspor liderinə dəstək verməlidir.
Spiker isə qeyd edib ki, bu məsələ araşdırılmalıdır.

"Nuru Paşanın adını əbədiləşdirilməliyik"

Deputat Fazil Mustafa çıxışında deyib ki, İlhan Aşkın Niderlandda Xocalı faciəsinə abidə qoyulmasına dəstək verdiyi üçün ermənilərin qəzəbinə tuş gəlib: "Avropalılar gəlib, bizə həbslərlə bağlı iradlar tutular. Amma görün özlərində nə baş verir? Haqq sözünü dediyi üçün bir insana cinayət işi qaldırırlar. Biz ona dəstək olmalıyıq. Həm də bu arqumentdən istifadə etməliyik".
Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki, ona dəstək verilməsinə qarşı deyil, sadəcə ilk öncə məsələ araşdırılmalı, sonra münasibət bildirilməlidir.
Fazil Mustafa həmçinin bir sıra təkliflərlə çıxış edib. O bildirib ki, Bakının işğaldan azad edilməsi ilə bağlı tarixi günü artıq bayram kimi qeyd etməyə başlamalıyıq: "Artıq Nuru Paşanın adının əbədiləşdirilməsinə çalışmalııyıq. Azərbaycanın xilas edən adamın adına heç bir küçə də yoxdur. Mustafa Sübhi adlı kommunistin, Azərbaycana dəxli olmayan bir adamın adına isə küçə var. Biz Nuru Paşanın adını da artıq əbədiləşdirilməliyik".
Deputat Aydın Mirzəzadə müstəqilliyin 25 illiyi münasibətilə parlamentin xüsusi iclaslarının Azərbaycan Demokratik Respublikasının (ADR) ilk paytaxtı olan Gəncədən başlamaqla Naxçıvanda, Mingəçevirdə, Şamaxıda keçirilməsi ilə bağlı təklif irəli sürüb.
Aydın Mirzəzadə daha sonra deyib ki, bir müddət əvvəl Azərbaycanda Maarifçi Tələbə Kredit Fondu yaradıldı: "Amma təəssüflər olsun ki, bu quruma 11 universitet üzv oldu. Bu da müəyyən problemlər yaradır".
Onun sözlərinə görə, bu sahədə problemlər tam həllini tapmayıb: "Valideynlər narazılıq edirlər, universitetlərin bir hissəsi Maarifçi Tələbə Kredit Fonduna üzv olmayıb. Düşünürəm ki, tələbələrin bu problemi həll edilməlidir".
Deputat Fəzail Ağamalı diqqətə çatdırıb ki, sahibkarlara qarşı hər hansı müdaxilənin qarşısı alınmalıdır: "Bu məqsədlə də Cinayət Məcəlləsinə xüsusi maddə salınsın". Deputat xatırladıb ki, bu günlərdə Konstitusiyaya edilən dəyişikliklərdə də sahibkarların fəaliyyəti ilə bağlı məsələlər nəzərə alınıb: "Bu aspektdən yanaşdıqda da sahibkarların fəaliyyətinə daha geniş şərait yaratmaq lazımdır".
Deputatı Gövhər Baxşəliyeva ailədaxili münaqişlərin artması ilə bağlı öz fikirlərini bildirib. Millət vəkili qeyd edib ki, son zamanlar ailədaxili münaqişələr dəhşətli cinayətlərlə nəticələnir: "Bu yaxınlarda biz Milli Məclisin keçmiş işçisi olan bir xanım haqqında belə məlumat oxuduq. Daha sonra bir qadının uşaqlarının atasını sifarişlə qətlə yetirməsi ilə bağlı məhkəmə prosesini izlədik. Bunlar dəhşətli faktlardır. Belə hallar bütün ölkələrdə baş verir. Necə olur ki, dünən nikah bağlayan bu gün barışmaz bir düşmənə çevrilir? Hətta o dərəcədə düşmən olublar ki, belə cinayətlərə əl atırlar. Ona görə də hesab edirəm ki, orta məktəblərdə ailə ilə bağlı etik məsələlərin tədrisi olmalıdır. Gənc yaşlarından məktəblilərə ailədaxili sivil münasibətləri aşılamaq lazımdır. Bəlkə, bununla bağlı proqramlara dərs salmaq da yaxşı olardı".

"Ölkədə qanunların icrasına nəzarət olunmalıdır"

Deputat Tahir Kərimli rayon qeydiyyatında olan minik avtomobillərinin paytaxt Bakıya buraxılmamasına etiraz edib. O bunu vətəndaşların Konstitusiya hüquqlarının pozulması kimi qiymətləndirib:
"İnsanlar rayonlardan Bakıya gəlirlər... xəstə oldu-olmadı adamlar yolda dayandırılır, maşınlardan düşürülürlər, sonra da başqa maşınla Bakıya gəlirlər. Bununla da icra orqanının qərarı ilə Konstitusiya məhdudlaşdırılır". Deputat bildirib ki, ölkədə qanunların icrasına nəzarət olunmalıdır: "Ona görə də təklif edirəm ki ölkə miqyaslı qanunların icrasına nəzarət orqanı yaradılsın".
Deputatı Məlahət İbrahimqızı həmçinin internet üzərindən yayımlanan bəzi televiziyaların fəaliyyətini tənqid edib. Məlahət İbrahimqızı konkret olaraq Meydan TV-nin adını çəkib, eyni zamanda facebook social şəbəkəsindəki "Sancaq" səhifəsini qeyd edib.
Bildirib ki, onlar dövlət rəhbərinə qarşı qərəzli məlumatlar paylaşırlar:
"Mən o yazıların hamısını "screen shot" etmişəm. İndi internet televiziyaları ilə bağlı qərar qəbul edə bilmirlər. Çünki qanunda bu məsələylə bağlı boşluq var. Payız sessiyasının gündəliyinə internet üzərindən yayımlanan televiziyaların tənzimlənməsi ilə bağlı qanun layihəsinin salınmasını təklif edirəm. Dünyanın heç bir yerində internet üzərindən dövlət başçısını belə təhqir etmirlər".

Əli