Azərbaycan prezidenti Pakistan baş nazirini qəbul edib Siyasət

Azərbaycan prezidenti Pakistan baş nazirini qəbul edib

Prezident İlham Əliyev: "Azərbaycanla Pakistan Kəşmir və Qarabağ məsələlərində qarşılıqlı dəstək nümayiş etdirir"

Baş nazir Məhəmməd Nəvaz Şərif: "Pakistan Azərbaycan torpaqlarının işğaldan tam azad olunmasının tərəfdarıdır


Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının baş naziri Məhəmməd Nəvaz Şərifin oktyabrın 14-də rəsmi qarşılanma mərasimi olub. Baş naziri Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb.
Azərbaycanın dövlət və hökumət nümayəndələri M. N. Şərifə, Pakistan nümayəndə heyətinin üzvləri prezident İ. Əliyevə təqdim olunub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin Pakistan baş naziri Məhəmməd Nəvaz Şəriflə məhdud tərkibdə görüşü olub.
Azərbaycan prezidenti bu görüşün əlaqələrin gücləndirilməsi baxımından uğurlu olacağına ümidvar olduğunu bildirib.
"Bu gün bizim üçün vacib gündür. Bizim əlaqələrimiz yüksək səviyyədədir və əminəm ki, bu görüş əlaqələrimizi daha da gücləndirmək baxımından uğurlu olacaq. Biz bir çox sahələrdə əməkdaşlıq edirik. Bu gün həyata keçirilmiş işlərə bir daha nəzər salmaq və gələcəklə bağlı planlar qurmaq üçün yaxşı fürsətdir. Sizi qəbul etməkdən çox məmnunam. Ümidvaram ki, ölkəmizə səfəriniz səmərəli keçəcək", - deyə o vurğulayıb.
Pakistanın baş naziri isə bunları deyib: "Burada olmaq bizim üçün şərəfdir. Çox gözəl Bakı şəhərinə səmimi dəvətinizə və qonaqpərvərliyinizə görə Sizə minnətdaram. Şəhərinizə heyran qalmışam. Hər yerdə Sizin şəhərin gözəlliyindən çox danışılır. Mən bir dəfə 1998-ci ildə yolüstü Bakıda olmuşam. Bu, mənim ondan sonra bu şəhərə ilk səfərimdir. Gözəl Bakı şəhərində olmaqdan məmnunam. Bakı dünyanın ən gözəl şəhərlərindən və mənim gördüyüm ən təmiz şəhərlərdən biridir. Mən bir daha burada olmağıma şadam".
Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
"Pakistan Azərbaycan üçün ən yaxın dost və müttəfiq dövlətdir. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. İki ölkə arasında dostluq və qardaşlıq münasibətləri qurulub".
Bunu isə Pakistanın baş naziri Məhəmməd Nəvaz Şəriflə geniş tərkibli görüşdən sonra mətbuata bəyanatında Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan və Pakistan beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq qurub, bir-birinə dəstək verib: "Ölkələrimiz Kəşmir və Dağlıq Qarabağ məsələlərində qarşılıqlı dəstək nümayiş etdirir. Azərbaycan Kəşmir məsələsinin beynəlxalq qətnamələr əsasında həllinə tərəfdardır. Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanla eyni mövqedən çıxış edir. İşğal səbəbindən Pakistan Ermənistanla diplomatik əlaqələr qurmayıb, Xocalı soyqırımını tanıyıb. Azərbaycan xalqı və dövləti bütün bunları yüksək qiymətləndirir".
Azərbaycan və Pakistan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan prezident İlham Əliyev ticarət, sərmayə qoyuluşu, müştərək müəssisələrin yaradılması, qarşılıqlı ticarət dövriyyəsinin artırılması sahəsində müzakirələrin aparıldığını, ölkələrimiz arasında əczaçılıq, müdafiə sənayesi, kənd təsərrüfatı, turizm, nəqliyyat sahələrində əlaqələrin inkişaf etdirilməsinin vacib olduğunu qeyd edib".
"Xalqlarımızın tarixi əlaqələri var, ölkələrimiz qədim ticarət yollarının üzərində yerləşir"-deyən Pakistanın baş naziri Azərbaycanda diqqətəlayiq sabitlik, ictimai həmrəylik və inkişafın olduğunu vurğulayıb: "Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi altında gedən inkişaf Pakistanda diqqətlə izlənir. Regional və qlobal məsələlər beynəlxalq hüquq çərçivəsində, sülh və dialoq yolu ilə həll olunmalıdır. Kəşmir və Dağlıq Qarabağ məsələlərində qarşılıqlı dəstək ölkələrimiz arasında yaxın anlaşmanın olduğunu və mövqelərimizin üst-üstə düşdüyünü sübut edir. Pakistan işğal olunan Azərbaycan torpaqlarının tam azad olunması, oradan erməni silahlı qüvvələrinin çıxarılması və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılmasının tərəfdarıdır".
Kəşmir məsələsində Azərbaycanın mövqeyini yüksək qiymətləndirən Pakistanın baş naziri ölkələrimiz arasındakı ticarət dövriyyəsinin mövcud potensialı əks etdirmədiyini bildirib: "Bu sahədə canlanmaya ehtiyac var. Sıx siyasi münasibətlərimiz bütün sahələrdə real əməkdaşlığa təkan verməlidir".