“SSRİ-ni dağıtmaq istəyən qüvvələr qələbə çaldı” Siyasət

“SSRİ-ni dağıtmaq istəyən qüvvələr qələbə çaldı”

Boran Əziz: "Amma bu gün ermənilərin törətdiyi vəhşiliyi onlar görmək istəmirlər"

"Xocalı soyqırımı əvvəlcədən ciddi şəkildə düşünülmüş, işlənib hazırlanmış böyük bir planın tərkib hissəsidir. Bu plan təkcə o soyqırım ərəfəsində də işlənib hazırlanmamışdı. Çox maraqlıdır ki, Xocalı soyqırımında iştirak edən 366-cı motoatıcı alay hələ 1985-ci ildə Gəncədən Xankəndinə köçürülüb yerləşdirilmişdi. Axı niyə? 1985-ci ildə hələ heç bir hadisə yox idi. Hələ üfüqdə heç nə görünmürdü. Demək gələcəkdə onlar SSRİ-nin cənub sərhədlərində hansısa proseslərin gedəcəyindən artıq məlumatlı idilər". Bunu tanınmış Azərbaycan tarixçisi, "Xocalı soyqırımı: səbəblər, həyata keçirilmə üsulları və nəticələri" kitabının müəllifi Boran Əziz 1905.az-a müsahibəsində deyib. O bildirib ki, digər bir məsələ 80-ci illərin sonlarından SSRİ-nin dağılması və ayrı-ayrı respublikaların öz müstəqillikləri uğrunda apardıqları mübarizə ilə bağlıdır: "SSRİ də bir tərəfdən buna olduqca qısqanc yanaşırdı, amma çox qəribədir ki, nə qədər paradoksal görünsə də özü də bir tərəfdən bu məsələlərə rəvac verirdi. Bütövlükdə, Xocalı soyqırımı bizim Qarabağ faciəsinin bir parçasıdır. Daha geniş götürsək, bu SSRİ-nin müsəlman və Türk dünyasına, Şərq xalqlarına qarşı yeritdiyi siyasətin bir parçasıdır. O dövrki Rusiyanın isteblişmenti, siyasi və hərbi rəhbərliyi bir tərəfdən artıq SSRİ-nin parçalanmağa doğru getdiyini, bu respublikaların müstəqilliyinin qarşısının alınmaz olduğunu görüb, millətləri bir-birinin üzərinə saldırmaq siyasəti ilə buradakı prosesləri nəzarət altına almağa çalışırdı. Çox maraqlıdır ki, digər tərəfdən həm də Sovetlər Birliyini dağıtmaq istəyən qüvvələr bu məsələdə maraqlı idi. Əslində biz bəzilərinin söylədiyi kimi ermənilərlə qarşılaşmamışıq. Biz iki böyük qüvvənin, onların xüsusi institutlarının işləyib hazırladığı planın qurbanı olmuşuq".
O əlavə edib ki, apardığımız araşdırmalarda gəldiyimiz qənaət birmənalı şəkildə bundan ibarətdir: "SSRİ-ni dağıtmaq istəyən qüvvələr qələbə çaldı. Amma bu gün ermənilərin törətdiyi vəhşiliyi çox qəribədir ki, onlar görmək istəmirlər. Biz nə qədər çalışsaq da, orada əsərlər yazmağa cəhd göstərsək də. Əslində çox gözəl bilirlər, sadəcə olaraq görməzlikdən gəlirlər. Çünki, ermənilərin onlara qarşı xidmətləri var. Ermənilər o xidmətin haqqını istəyir. Yəni biz SSRİ-ni dağıtdıq, onun haqqını verin. Amma ermənilər, eyni zamanda, Rusiyanın forpostu funksiyasında da çıxış edirlər. Yəni bu ikili funksiyanı onlar məharətlə daşıyırlar. Həm də onların tarixən Qafqazda guya Avropa üçün təhlükə törədə biləcək İslamın qarşısında duran yazıq, fağır, məzlum bir millət obrazı da var. Ona görə də biz necə bir ciddi qüvvələrlə qarşılaşdığımızı ilk növbədə dərk etməliyik. Yəni bunu sadəcə dəyənəklə, əlimizdə qəzet yelləməklə düşməni buradan çıxarmaq və ya ona lazımı cavab vermək mümkün deyil. Bütün bunların hamısının mərkəzində birmənalı şəkildə Azərbaycanın müstəqilliyinə mane olmaq dayanır. Azərbaycan nə qədər müstəqilliyə can atırsa, onu müxtəlif yollarla bu yoldan çəkindirmək və yenidən əvvəlki o tabe statusuna qaytarmaq, canişinlik ərazisinə və yaxud vilayətinə çevirmək cəhdi var".
Onun fikrincə, biz onun tətbiq etdiyi siyasəti ardıcıl olaraq düzüb onlara nəzər salsaq, onların arasında ciddi bir bağlılıq olduğunu görərik: "Əvvəla, Qorbaçovun Qazaxıstanda həyata keçirdiyi siyasət, Dinməhəmməd Əhmədoviç Kunayevi üz-gözündən əyyaşlıq yağan Kolbin adlı şəxslə əvəz edəndən sonra orada məlum hadisələr baş verdi. Sonra isə Gürcüstanda, Moldovada, Ukraynada, 1989-cu ildə Baltikyanında və digər yerlərdə ardıcıl olaraq bu işlər həyata keçirildi. Ardınca Dağıstanda, eyni zamanda Azərbaycanda. Demək, burada hansısa məqsədyönlü siyasətdən söhbət gedə bilərdi. Bu təsadüfi məsələ deyildi. Ona görə də SSRİ-nin rəhbərliyi o məqsədlərini həyata keçirəndə Qafqazdakı məsələni daha da alovlandırdı. Balkanlardakı hadisələri götürək. Əslində SSRİ-ni dağıtmaq üçün ilkin olaraq həmin məsələlər orada tətbiq olunmağa başladı. Həmin siyasət SSRİ-yə tətbiq olunanda Balkanlarda buraxılan səhvlər burada aradan qaldırılırdı və nəhayət öz istəklərinə nail oldular. Belə bir dalğada Azərbaycanda da milli-azadlıq hərəkatı başlamışdı və müstəqillik uğrunda mübarizə gedirdi. Bu xalqı elə cəzalandırmaq lazım idi ki, onlar müstəqillikdən ümumiyyətlə söhbət aparmasınlar. Ona görə əvvəlcə kiçik Xocalını doğru qeyd etdiyiniz ki, 1990-cı ilin Yanvarında Bakıda, ondan sonra Dağlıq Qarabağdakı Meşəlidə, Qaradağlı kəndində törətdilər".
O həmçinin diqqətə çatdırıb ki, Xocalıya 10 gün qalmış bu faciə Qaradağlıda oldu: "Bu qırğınlardan sonra əhalinin yenə müstəqillik fikrindən daşınmadığını gördükdə daha geniş miqyasda həyata keçirdilər ki, xalqı ümumiyyətlə dərin bir şoka salsınlar. Bizi əlbəttə bü gün bir şey düşündürür ki, Xocalı soyqırımı baş verməyə bilərdimi? Birmənalı şəkildə deyə bilərik ki, bəli. Amma, bunun üçün bu xalq öz müstəqillik ideyasından əl çəkməli idi. Yenidən, əvvəlki kimi bizim şimal qonşumuzun bir əyaləti olmağa razılığını bildirməli idi. Ona isə həmin dövrdə nə bu xalq, nə də bu xalqın öndə gedən siyasi xadimləri cəsarət edə bilməzdi. Xalq da bunu istəmirdi".
Tarixçi bildiirb ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımının növbəti mərhələdə bizim rayonların itirilməsinə təsiri vardı: "Əvvəla, onu deyim ki, mən də həmin hadisələr vaxtı Bakı Dövlət Universitetinin hüquqşünası Tofiq müəllimlə birlikdə Xocalı ilə sərhəd bölgəsində idim. Azərbaycanın MDB-yə girmədiyini gördükdə SSRİ rəhbərliyi xalqa qarşı daha böyük cəzalandırma taktikasını seçdi. Xocalı ilə Ağdamın Şelli, Qaradağlı kəndləri var. Qaraqaya deyilən ərazidə rus ordusuna məxsus olan tanklar dayanmışdı və hər saat Xocalıya getmək əmrini gözləyirdilər, start vəziyyətdə idilər. Demək olar ki, biz də onların yanından əl çəkmirdik. Gecə-gündüz keşik çəkirdik ki, hücum etsələr, biz də orada olaq. Ona görə, əlbəttə, o əhalinin içərisində xof yaranmasında təbii ki, Xocalı soyqırımının birbaşa təsiri vardı. Amma mən dinc əhalinin günahlandırılmasının tərədafdarı deyiləm. Çünki, döyüş dinc əhali ilə təpədən dırnağa kimi silahlanmış rus ordusu və onların tərkibində vuruşan ermənilərlə gedirdi. Bunun nə qədər çətin olduğunu mən Ukrayna ilə müqayisə edərdim. Burada söhbət dinc əhalinin qorxub-qorxmamasından getmir. Söhbət əlisilahlı, tankla gələn ordunun qabağına necə çıxmaqdan getməlidir. Ona görə də, əlbəttə həmin dövrdə əhali həqiqətən Xocalı faciəsinin dəhşətindən tam ayılmamışdı. Xüsusilə mən Xocalıda həlak olanların Ağdama gətirilməsinin, məsciddə yuyulmasının şahidi oldum. O insanda çox ağır iz buraxır. Uzun müddət adam insan olduğuna da nifrət edirdi. Belə aciz olduğuna görə özünü qınayırdı ki, yaşamağa dəyərmi? Amma sonra anladıq ki, bəli, dəyər yaşamağa. Çünki, düşmənin də məqsədi elə bizi sındırmaq idi. Ona görə tədricən əlbəttə o şokdan ayılmaq və özünə gəlmək üçün zamana ehtiyac var".
"Mənim düşüncəmə görə, Xocalıdakı insanlar Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə qurban gedən şəxslərdir", - deyən B.Əziz "ona görə də bizim onlara minnətdarlıq borcumuz var",- deyə vurğulayıb: "Xocalı soyqırımını da qanla yazılmış bir qəhrəmanlıq tarixi kimi görürəm. Mən hər il Xocalı soyqırımı günündə üz cırmağın, ağlamağın da qətiyyən tərəfdarı deyiləm. Hesab edirəm ki, bu əlbəttə kədərli hadisədir. Ona görə də mən hesab edirəm ki, biz istər Xocalı soyqırımı, istərsə də bundan əvvəl qeyd etdiyim Meşəli, Qaradağlı kimi hələ tam işıqlandırılmayan soyqırımlar daha geniş tədqiq olunmalıdır. Birinci növbədə öz əhalimizə, ikinci növbədə xaricə çatdırılmalıdır. Amma, bunun üçün biz yalnız və yalnız faktlara əsaslanmalıyıq. Həm də bir məsələni mənim zənnimcə, xüsusilə qabarıq göstərməliyik. O da ondan ibarətdir ki, hər il fikir verirsinizsə, haqlı olaraq bəşəriyyət alman faşizminin üzərindəki qələbəni qeyd edir. Amma, təəssüf ki, onlar bir şeyi unudurlar. Erməni faşizmi alman faşizmindən bəşəriyyət üçün əslində daha təhlükəlidir. Çünki, alman faşizmi işğal etdiyi ərazilərdə demək olar ki, maddi mədəniyyət nümunələrini məqsədyönlü şəkildə dağıtmırdılar və yaxud da dinc əhali almanların işğal etdiyi ərazilərdə qalıb yaşayırdılar.
Amma ermənilər haqqında bunu demək mümkün deyil. Onlar əvvəla "yandırılmış torpaq" taktikasını həyata keçirirdilər. Onu da vaxtilə Əfqanıstanda sovet qoşunları sınaqdan çıxarıb.
Ermənilər bütövlükdə bəşəriyyət tarixini öyrənmək üçün, insanların yaranması, əmək alətləri kəşf etməsi və Yaxın Orta Şərq ölkələri ilə ictimai-iqtisadi əlaqələrini öyrənən maddi mədəniyyət nümunələrini məhv ediblər. İkinci bir aspekt. Ermənilər həmişə güclünün yanında vaxtında olmaq məsələsini çox gözəl duyurlar və dərhal həyata keçirirlər. Tarixən, biz bunu Sasanilərin dövründə də, ərəblərin dövründə də görürük. Məsələn, ərəblərin dövründə 704-cü ildə erməni katalikosu İliyanın xəlifə Əbd ül Malikə məktubu var. Çox məşhur məktubdur. Bunlar bizim tədqiqatçıların da əsərlərində verilib. O məktubda İliya Xəlifəni köməyə çağırır ki, Alban katalikosu kilsələrdə dualarında sənin adını çəkmir, Bizans imperatorunun adını çəkir. Sən qoşun göndər ki, onları cəzalandıraq və o da 705-ci ildə qoşun göndərərək bunları məhv edir və buraların bütün idarəçiliyinə ermənilərə tapşırır. Amma sonralar Xilafət zəifləyəndə ona arxadan birinci zərbə vuran da ermənilər oldu. Səlcuqlar gələndə onun yanında dərhal növbə tutan ermənilər idi, monqollar gələndə səlcuqlara arxa çevirən, monqollara səlcuqların zəif yerlərini göstərən də məhz ermənilər oldu. Səfəvilər və digərlərinin vaxtında onlar öz xislətlərindən əl çəkməmişdilər. Bu gün ermənilərə kömək edən beynəlxalq güclər unutmasınlar ki, imperiyaların yaranması, inkişafı və süqutu tarixi qanunauyğunluqdur. Hansı imperiya indiyə kimi əbədi yaşayıb? Onlar da zəifləyəndə əmin olsunlar ki, bu gün arxasında durduqları həmin ermənilər onlara da xəyanət edəcək və o dövlətlərin dağılmasında, onların əhalisinin cəzalandırılmasında əsas rol oynayacaqlar. Biz onların diqqətinə bax buna çatdırmalıyıq. Dağlıq Qarabağa gələn ermənilər guya sayca çox olduqlarını əsas gətirərək özlərinə ərazi tələb edirlərsə, Kaliforniyada, Marseldə, Kubanda və ya Rostovda yaşayan ermənilərin də belə iddiaya düşəcəyi gün uzaqda deyil. Mənə elə gəlir ki, biz tədqiqatlarımızda da bu istiqaməti qabartmalıyıq. Onları başa salmalıyıq ki, biz əslində həm də bəşəriyyət üçün çalışırıq. Artıq bizim başımıza gələnlər gəlibdi, biz həm də onları ayıltmalıyıq ki, mədəni dünya, dünya düzəninə istiqamət vermək iddiasında olan qüvvələr özlərinin də gələcəkdə hansı böyük təhlükə ilə üzləşəcəyini indidən dərk etsinlər...".