Ermənilərin Azərbaycanda yaşaması üçün heç bir maneə yoxdur Siyasət

Ermənilərin Azərbaycanda yaşaması üçün heç bir maneə yoxdur

Bakıda "Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri: Ermənistan və Azərbaycandan baxış" mövzusunda beynəlxalq konfrans çərçivəsində "Dağlıq Qarabağda azərbaycanlılar və ermənilərin birgə yaşayışı: kommunikasiyaların bərpası, sosial və iqtisadi proqramların investisiyalaşdırılmasının həyata keçirilməsi" mövzusunda panel keçirilib.
Panelin moderatoru Siyasət və Təhlükəsizlik üzrə Beynəlxalq Mərkəzin direktoru Elxan Əsgərov olub.
Elxan Əsgərov Türkiyədə və Rusiyada azərbaycanlılarla ermənilərin birgə yaşadıqlarını nəzərə çatdırıb: "İranda da azərbaycanlılarla ermənilər sülh şəraitində yaşayırlar. Bəs, Dağlıq Qarabağda niyə birgə yaşaya bilməzlər? Çünki Ermənistandakı rejim bunu istəmir. Qarabağda sülh şəraitində yaşamaq istədiyini bildirən bir muzey direktoru qətlə yetirildi. Bu gün "Meridian" qeyri-hökumət təşkilatının sədr müavini, jurnalist Suzanna Çaqinyanın Bakıya gəlməsinə əngəl törədilməsi bununla bağlıdır, o, hədələnir. Ermənilərlə azərbaycanlılar yenə də birgə yaşaya bilərlər. Dağlıq Qarabağda yüz illərlə Azərbaycan və erməni icmaları birgə yaşayıblar. Zori Balayanın ideyalarının, "Ocaq" kitabının ortaya çıxması ilə bu iki icma ayrıldı, münaqişə ortaya çıxdı".
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvü, millət vəkili Rövşən Rzayev bu gün müharibədən çox sülh barədə düşünənlər olduğuna diqqət çəkib: "Biz dialoqun əsasını qoyacağıq, Dağlıq Qarabağın azərbaycanlı və erməni icması arasında münasibətlər qaydasına düşəcək. Sadə ermənilər düşünmürlər ki, azərbaycanlılarla bir arada yaşaya bilməzlər. Bizim çox gözəl dostluğumuz olub. Danışıqlar masasına əyləşmək üçün müharibəyə ehtiyac yoxdur. Azərbaycan prezidenti İlham Əliyev bəyan edir ki, Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verə bilərik. Azərbaycan heç bir ərazisini güzəştə gedə bilməz. Bu ilin aprelində müharibə göstərdi ki, biz razılığa gəlməsək, yüzlərlə qurban olacaq. Ermənistanda analar deyirlər ki, nə üçün övladları Qarabağda ölməlidir. Biz 2009-cu ildə Şuşada olduq, mən bilirdim ki, mən Şuşaya bir saatlıq gəlmişəm. Qayıdandan sonra ürəyim ağrıdı. Mən 2012-ci ildə İrəvanda olarkən Serj Sarkisyandan soruşdum ki, niyə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqa imkan vermirsiniz? Bu sualıma cavab tapmadım. Biz erməni katolikosuna Şuşa məscidinin bərpası ilə bağlı məktub yazdıq, ancaq cavab gəlmədi. Sonradan Şuşa məscidi Moskvada yaşayan qazax əsilli bir iş adamı tərəfindən təmir etdirildi".
Rövşən Rzayev bildirib ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayon işğaldan azad edilərsə, bu, sülh yolunda mühüm addım olacaq: "Azərbaycan Gürcüstanın inkişafına dəstək verir. Biz qonşularımızın inkişafına niyə dəstək verməkdə maraqlı olmayaq? Birgə yaşasaq, Dağlıq Qarabağ erməniləri bilməlidirlər ki, Azərbaycanın imkanlarından onlar da istifadə edəcəklər. Çalışmalıyıq ki, bu tədbir birinci və axırıncı olmasın. Demirik ki, birinci görüşdən dost olacağıq. Dostluğa nail olmaq üçün, sülh üçün addımlar atılmalıdır. Azərbaycanda hazırda çoxlu sayda erməni yaşayır. Üç erməninin şəxsiyyət vəsiqəsi ilə bağlı problem oldu, məhkəməyə müraciət etdilər və onlara şəxsiyyət vəsiqəsi verildi. Bu, Azərbaycan hakimiyyətinin vətəndaşlarına münasibəti, birgə yaşayışın nümunəsidir".
Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov Azərbaycan və erməni xalqları arasında "buzlar"ın əriməyə başlamasının sevindirici olduğunu söyləyib.
Qeyd edək ki, tədbirin sonunda müraciət qəbul edilib.
Azərbaycan və Ermənistan prezidentlərinə, xalqlarına ünvanlanan müraciətdə qeyd edilib ki, Dağlıq Qarabağ münaqişəsi dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalıdır.
Bəyanatda vurğulanıb ki, 2016-cı ilin aprelində baş verən hadisələr müharibə riskinin böyük olduğunu göstərib: "Hərbi məqsədlə xərclənən vəsaitlər insanların rifahının yüksəldilməsinə yönəldilə bilər. Ermənistan və Azərbaycan xalqları bu gərginliklərdən yorulub. Artıq kiminsə kənardan gəlib bizə kömək edəcəyi fikrindən əl çəkməliyik. Bu konfrans nəticəsində ortaq addımlar atmaq qərarına gəldik. Münaqişənin sülh yolu ilə həlli üçün müvafiq şərait var, konstruktiv addımlar atılmalıdır. Münaqişənin sülh yolu ilə həlli Azərbaycan və Ermənistanın iqtisadi inkişafına təkan verəcək. Bu da xalqlar arasında sülhün möhkəmləndirilməsinə təkan verəcək. Ermənistan işğal etdiyi əraziləri boşaltmalı, qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıtmalıdır".
Bəyanatda nəzərə çatdırılıb ki, Azərbaycanda 30 min erməni rahat yaşayır: "Ermənilərin Azərbaycanda sülh şəraitində yaşaması üçün heç bir maneə yoxdur. Ermənilərlə azərbaycanlıların birgə yaşamasının mümkünsüzlüyü ilə bağlı fikirlər rədd edilməlidir. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa yüksək muxtariyyət verilməsi ideyası nəzərə alınmalı, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının dialoquna üstünlük verilməlidir. Bu istiqamətdə BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir. Helsinki Yekun Aktı nəzərə alınaraq, addımlar atılmalı və Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir".