16:09
581
“Nikol Paşinyanın Rusiyaya səfərindən dərhal sonra Ermənistanın Təhlükəsizlik Şurasını təcili iclasa çağırması region və daxili siyasət kontekstində bir sıra vacib məqamları ortaya qoyur”.
Bunu “Xalqcəbhəsi.az”-a açıqlamasında politoloq Yusif Bağırzadə bildirib.
Onun qeyd edib ki, bu addım bir tərəfdən Moskvanın İrəvanın daxili siyasi proseslərinə təsirinin artdığını göstərən əlamət kimi qiymətləndirilə bilər: “Rusiyanın Ermənistan üzərində strateji nüfuzu, enerji asılılığı və hərbi əməkdaşlıq baxımından əvvəllər də mövcud idi, lakin Paşinyanın səfəri və dərhal sonrakı Təhlükəsizlik Şurası iclası Moskvanın İrəvandakı siyasi proseslərə təsir ehtimallarını daha da aktuallaşdırır. Bu vəziyyət eyni zamanda Paşinyanın daxili siyasi müxalifət və sabitlik mexanizmləri qarşısında müəyyən diplomatik mesaj kimi də qiymətləndirilə bilər.
Moskva ilə koordinasiya Ermənistanın regional mövqeyini müəyyən dərəcədə formalaşdırmaq üçün hələ də vacib faktordur”.
Yusif Bağırzadə əlavə edib ki, Təhlükəsizlik Şurasının iclası İran amili fonunda da diqqət çəkir. İran uzun illər Ermənistanın regiondakı mühüm tərəfdaşlarından biri olub və mövcud geosiyasi dəyişikliklər fonunda İrəvanın bu balansı qorumağa çalışması təbii görünür.
Bu proses Azərbaycanla sülh danışıqlarına da təsirsiz ötüşməyə bilər.Əgər Moskvanın Ermənistanın daxili proseslərində rolu artarsa, bu, sülh danışıqlarının dinamikasına, tərəflərin mövqelərinə və ümumilikdə regionda sabitliyə təsir göstərə bilər.
Nu risklər həm öhdəliklərin icrası, həm də regionda gərginliyin artması ehtimalı ilə bağlıdır”.
Politoloq yekunda vurğulayıb ki, ümumilikdə Paşinyanın səfəri və Təhlükəsizlik Şurasının təcili iclası İrəvanın daxili siyasi proseslərinə xarici təsirin artdığını göstərir və Ermənistan rəhbərliyi bu təsirləri balanslaşdırmağa çalışır.
Günel Elxan