“Paşinyanın təcili iclas qərarı Moskvanın təsirini göstərir?” Dünya

“Paşinyanın təcili iclas qərarı Moskvanın təsirini göstərir?”

“Nikol Paşinyanın Rusiyaya səfərindən dərhal sonra Təhlükəsizlik Şurasını təcili iclasa çağırması siyasi baxımdan müxtəlif istiqamətlərdə şərh oluna bilər”.

Bu fikirləri politoloq Elman Telmanoğlu “xalqcebhesi.az”- açıqlaması zamanı deyib.

Onun sözlərinə görə, bu addımı avtomatik olaraq Rusiyanın İrəvan üzərində təsirinin artması kimi qiymətləndirmək müəyyən qədər sadələşdirilmiş yanaşma sayılsa da, bu ehtimalı tam istisna etmək də mümkün deyil: “Paşinyanın bu addımı müəyyən mənada Rusiyadan gələn siqnalların və təhlükəsizliklə bağlı müzakirələrin operativ şəkildə daxili siyasi gündəmə daşınması kimi interpretasiya oluna bilər. Xüsusilə nəzərə almaq lazımdır ki, Ermənistanın təhlükəsizlik arxitekturası hələ də böyük ölçüdə Rusiyadan asılıdır. Bu baxımdan belə bir iclas Moskvanın regionda rolunu qorumağa çalışdığını, eyni zamanda İrəvan daxilində qərarların koordinasiyası üçün müəyyən təsir mexanizmlərinin mövcud ola biləcəyini göstərir”.

Ekspert alternativ ehtimalın da mümkün olduğunu vurğulayıb. Onun fikrincə, Paşinyan hökuməti sadəcə səfər nəticəsində əldə olunan məlumatları və ya razılaşmaları operativ şəkildə müzakirəyə çıxarmaq məqsədi güdə bilər ki, bu da daha çox daxili idarəetmə refleksi kimi izah oluna bilər”.

Bu proses Azərbaycanla davam edən sülh danışıqlarına da təsirsiz ötüşməyə bilər. Onun sözlərinə görə, bir neçə risk faktoru mövcuddur:
• Danışıqların tempinin dəyişməsi
• Rusiyanın prosesi yenidən öz nəzarətinə almağa çalışması fonunda alternativ platformaların yaranması
• Ermənistanın mövqeyində daha ehtiyatlı və ya sərt xəttin formalaşması
• Çoxvektorlu siyasət səbəbilə qərarların qeyri-müəyyənləşməsi

E.Telamanoğlu əlavə edib ki, regionda geosiyasi sabitlik də bu kontekstdə həssas olaraq qalır:

“Cənubi Qafqazda onsuz da kövrək olan balans daha da həssaslaşa bilər. Avropa İttifaqı ilə Rusiya arasında rəqabətin dərinləşməsi, təhlükəsizlik arxitekturasında parçalanma və sülh prosesində mümkün gecikmələr lokal gərginlik riskini artırır”.

Ekspertin qənaətinə görə, Paşinyanın bu addımı yalnız Moskvanın təsirinin artması kimi deyil, eyni zamanda Ermənistanın mürəkkəb təhlükəsizlik və xarici siyasət balansını qorumaq cəhdi kimi də qiymətləndirilməlidir:

“Lakin Rusiya faktorunun çəkisi artarsa, bu həm Azərbaycan-Ermənistan sülh danışıqlarına, həm də ümumilikdə regiondakı geosiyasi sabitliyə əlavə risklər yarada bilər”.

Günel Elxan