İran-Azərbaycan münasibətləri yeni mərhələdə Siyasət

İran-Azərbaycan münasibətləri yeni mərhələdə

İki dövlət arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq dinamik inkişaf etməkdədir

Mayın 19-da Araz çayı üzərindəki “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində iştirakdan sonra İrana dönən İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətinin Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında fsciəli şəkildə həlak olması dost və qardaş Azərbaycanı da üzdü. Rəisinin rəhbərlik etdiyi heyəti daşıyan helikopterin qəza enişi etməsi ilə əlaqədar axtarış-xilasetmə əməliyyatına dərhal dəstək göstərməyə hazır olan ilk ölkələr arasında Azərbaycan da vardı. Prezident İlham Əliyev başqa olmaqla Azərbaycanın digər rəsmi şəxsləri dost və qardaş İrana və xalqına üz verən məlum ağır itki ilə bağlı başsağlığı veriblər. Hətta Milli Məclisdə həlak olan İran rəsmilərinin xatirəsi yad edilib.
Politoloq Zeynal Əmrəliyev “Xalq Cəbhəsi”nə deyib ki, Azərbaycan və İran arasındakı münasibətlər son illərdə yüksələn xətlə inkişaf edir. Xüsusilə mərhum Seyid İbrahim Rəisi və mərhum Xarici İşlər naziri Əmir Hüseyn Abdullahian Azərbaycanla əlaqələrin inkişafında maraqlı idi. “Xudafərin” körpüsündə baş tutan sonuncu görüşdə də bu yöndə müsbət mesajlar verilib. Azərbaycan hər zaman çalışıb ki, İranla münasibətləri müsbət dinamika üzər inkişaf etsin. Bunun üçün münbit şərait hazırda var. İki ölkə arasında bir o qədər də fikir ayrılığı yoxdur. İqdisasi əlaqələr sürətli şəkildə inkişaf edir. Yaxında istifadəyə veriləcək Ağbənd yolu nəqliyyat - tranzit yollarından biri olacaq. Burdan Türkiyə və Fars körfəzinə yüklərin daşınması həyata keçiriləcək. Qarşıdan gələn dövrdə dəmir yolunun da çəkilməsi nəzərdə tutulur. İki dövlət arasında yüksək səviyyəli iqdisasi əlaqələr mövcuddur. Səfirliyimizə hücum edən şəxs cəzalandırıldı. Yaxında da səfirliyimizin bərpası gözlənilir. Hazırda bu istiqamətdə işlər aparılır. Yeni təhlükəsiz binanın tapılması üçün fəaliyyətə başlanılıb. İki dövlətin münasibətlərində yüksək dinamika müşahidə edilir və təbii ki, əlaqələr daha da inkişaf edəcəkdir: “Çox təəsüflər olsun ki, İbrahim Rəisi və Əmir Hüseyn Abdullahian faciəvi şəkildə helikopter qəzasında dünyasını dəyişdilər. Pis hava şəraiti və təyyarədəki texniki nasazlıq təəssüflər olsun ki, Rəisi kimi güclü dövlət xadiminin və Hüseyn Əmir kimi savadlı bir diplomatın həyatına son qoydu. Bu təkcə İran üçün yox, bütün region dövlətləri üçün böyük itkidir. Azərbaycan prezidenti İlham Əliyev qəza haqqında məlumat yayıldıqdan dərhal sonra buna reaksiya verən ilk dövlət başçısı oldu. Cənab Əliyev Rəisi və digər rəsmilərinin həlak olması barədə xəbər gəldikdən sonra bu barədə ali dini lider Ayətullah Əli Xameneiyiyə başsağlığı məktubu yazdı. Eyni zamanda İranın Azərbaycandakı səfirliyinə gedərək vəfat edən şəxslər barəsində xatirə kitabına ürək sözlərini yazdı. Milli Məclisin 21 may tarixində keçirilən plenar iclasda İbrahim Rəisi, Əmir Hüseyn Abdullahian və digər rəsmilərin faciəvi vəfatını 1 dəqiqəlik sükutla yad ediildi. Bunlar Azərbaycanın İrana necə böyük önəm verildiyini göstərir. İki ölkənin münasibətləri bundan sonra müsbət mənada daha da irəli gedəcəkdir. Azərbaycan - İran münasibətlərinin inkişafı regional əməkdaşlığada böyük tövhə verəcəkdir”.
Politoloq Azər Qasımov isə deyib ki, İran-Azərbaycan münasibətləri olmalı olan axara döndü. İkitərəfli münasibətlərdə böhran aradan qalxdı. Azərbaycan və İran prezidentlərinin görüşləri sayəsində narahatlıq doğuran məqamlar aradan qalxıb. İki qardaş və qohum xalqa yaraşmayan anlaşılmazlıqlar soyuq başla həll edildi.
Onun sözlərinə görə, ikitərəfli mənfəət gətirəcək Ağbənd yolu regionları birləşdirən əsas nəqliyyat-tranzit yollardan biri olacaq. Oradan Türkiyəyə və İran vasitəsilə Fars körfəzinə yüklərin daşınması həyata keçiriləcək. Qarşıdan gələn dövrdə dəmir yolunun da çəkilməsi nəzərdə tutulur: "Səfirliyimizin yaxın aylarda yenidən açılması bu istiqamətdə əldə olunan əsas nailiyyətdir. Səfirliyimizə hücum edən şəxsin cəzalandırılmasından sonra İran verdiyi sözü tutdu. Odur ki, iyuldan səfirliyimiz yeni binada fəaliyyətini bərpa edəcək. Yerin tapılması və uyğunlaşdırma işlərinin aparılması sadəcə vaxt tələb edib.
Azərbaycanın İrandan gözləntiləri özünü doğrultduqdan sonra ikitərəfli əlaqələrin inkişaf etdirmək istiqamətində siyasət yürütmək Azərbaycan üçün də prioritet məsələdir və Azərbaycan daim buna sadiq qalaraq əlaqələrin daha da möhkəmlənməsi üçün əlindən gələni edəcək".
O, qeyd edib ki, İran Prezidentinin helikopterinin qəzaya uğraması gözlənilməz olduğu kimi, Azərbaycan xalqı üçün də acılı oldu. Azərbaycan xalqı qardaş hesab etdiyi İran prezidenti və onu müşayiət edən heyətin faciəli şəkildə həlak olmasını ürəkağrısı ilə müşahidə etdi.
Helikopterin sərt eniş etməsi xəbəri yayıldıqdan sonra Prezident İlham Əliyev buna reaksiya verən ilk dövlət başçısı oldu. Bütün mümkün kömək vasitələrini təklif etdi. Görünən odur ki, alın yazısından qaçmaq mümkün deyildi. İran dövlət rəhbərlərinin həlak olması İran xalqı kimi Azərbaycanın da böyük kəsiminin hüzün keçirməsinə səbəb oldu. Azərbaycan xalqı bu çətin gündə iranlı qardaşlarının yanında olduğunu bəyan edir. İki xalqın birliyi əbədi olacaq. Buna heç bir qüvvə mane ola bilməz.
Politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Azərbaycanla İran arasında son günlər normallaşma prosesi başlayıb. İran tərəfindən mərhum xarici işlər naziri Əmir Hüseyn Abdullahian Azərbaycanın səfirliyə qarşı terror hücumundan sonra rəsmi Bakı ilə əlaqələrin bərpası üçün çox işlər gördü. Əlbəttə ki, Azərbaycan İranla problemdə maraqlı deyildi. Daima İranla əməkdaşlığa üstünlük verib: “Qeyd edim ki, bu əlaqələrin normal prosesdə davam etməsi Azərbaycandan asılı deyil, İran rəhbərliyindən asıldır. Göründüyü kimi, İran Azərbaycanla problemlə deyil, əməkdaşlıqla davam etmək qərarı verib. Məhz prezident İlham Əliyev İran səfirliyində baş sağlığı mesajında İranla razılaşmaların davam edəcəyinə ümid etdiyini vurğuladı.
Azərbaycan ikitərəfli əldə edilən razılaşmalara sadiqdir. İran tərəfi də problem yox, əməkdaşlığı davam etdirəcək”.
Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Aybəniz Rüstəmovanın fikirncə, hazırda Azərbaycan-İran münasibətləri yetərincə yüksək səviyyədədir. İki dövlət arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq dinamik inkişaf etməkdədir. Azərbaycanla İran arasında nəqliyyat sahəsində də əməkdaşlıq geniş potensiala əsaslanır. Bu istiqamətdə hazırda işlər sürətlə davam edir. Mayın 19-da Araz çayı üzərində açılışı olan “Xudafərin” və “Qızqalası” su bəndləri iki ölkə arasındakı dostluğun növbəti rəmzidir. Bu layihənin reallaşdırılması hər iki ölkənin bir-birinə olan etimadının göstəricisidir. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İranın mərhum Prezidenti Seyid İbrahim Rəisinin görüşü və tutduqları mövqe münasibətlərin dərinləşməsində müsbət addımdır. Prezident İlham Əliyevin mərasimdə dediyi kimi bu gün İran-Azərbaycan dostluğunun nə qədər möhkəm olmasını bütün dünya görür: “Bu dostluğun dərin kökləri, dərin tarixi var. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər, hesab edirəm ki, ən yüksək səviyyəyə qalxıb.Bugünkü mərasimin tarixi əhəmiyyəti, o cümlədən ondadır ki, ilk dəfə olaraq İran və Azərbaycan prezidentləri sərhəddə görüşürlər. Bu, bir daha onu göstərir ki, bu sərhəd dostluq sərhədidir, qardaşlıq sərhədidir. Qədim tarixdən gələn qarşılıqlı hörmət, anlaşma, dəstək hissləri bu gün həm bu nəhəng layihədə, aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü göstərir, eyni zamanda, gələcək planlarımızda özünü göstərəcək”.
O, qeyd edib ki, tarixən Azərbaycanla İran arasında əlaqələr bütün sahələrdə, o cümlədən enerji sektorunda yaxşı səviyyədə olub. İkitərəfli münasibətlərin, xüsusilə enerji sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı dövlət başçıları səviyyəsində bir sıra sənədlər imzalanıb. İran-Azərbaycan əlaqələrinin gələcək inkişafının çox müsbət oldğunu xatırladan Prezident İlham Əliyev energetika sahəsində çox böyük planların mövcud olduğunu deyib: “280 meqavat gücündə iki su elektrik stansiyasının inşası nəzərdə tutulur. Enerji güclərinin də bərabər bölünməsi hər iki ölkəyə əlavə fayda verəcək”. İki ölkə arasında neft-qaz və energetika sahəsində əməkdaşlıq üçün geniş imkan var. Xüsusilə də neft-qaz yataqlarının birgə işlənilməsi, hasilat, nəql məsələləri, neft və qazın emalı, satışı və yaxud mübadiləsi, neft-kimya kompleksində əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi və bu kimi məsələlər mümkündür.
Ümumiyyətlə, enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi hər iki ölkənin marağındadır. Bu gün həm Azərbaycanda, həm də İranda neft və qaz sahəsinə yatırmaq üçün investisiya imkanları var. Neft və qaz ixracı, yeraltı qaz anbarları, elektrik enerjisi, kadr mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıb gücləri birləşdirmək mümkündür. Hazırkı mərhələdə enerji sahəsində də əməkdaşlığın yeni imkanlarını araşdırmaq zəruridir. Hər iki ölkə bu baxımdan güclü potensiala malikdir. Ümid edirik ki, İran dövləti ilə müxtəlif sahələr üzrə razılaşdırılmış məsələlər tez bir zamanda həyata keçiriləcək”.

Cavid