“Türkiyə dövlətinə qarşı düşmənçilik siyasətinə keçid Avropanın bütün kollektiv qurumlarını iflic vəziyyətə salacaq” Siyasət

“Türkiyə dövlətinə qarşı düşmənçilik siyasətinə keçid Avropanın bütün kollektiv qurumlarını iflic vəziyyətə salacaq”

Fazil Mustafa: "Qəbul olunan qərarları demokratik prinsipləri qorumaq adı altında sırımaq xeyli çətinləşəcək

Niyaməddin Orduxanlı:"Niyə Freedom House ve ya Human Rights Watch kimi xarici təşkilatlar Hollandiyada polis vəhşiliyi, insan huquqlarinin tapdalanmasi, irqciliyin və faşizmin baş qaldırması barədə tənqidi bəyanat yaymırlar?"

Mehmet Fatih Öztarsu: "Biz bu gərginliyə dəstək verən işlərin aparıldığını və açıqlamaların verildiyini müşahidə edirik"

Türkiyə ilə Niderland arasında siyasi gərginlik davam edir.
Qeyd edək ki, Türkiyə hökuməti Niderlandın Ankaradakı səfirinin ölkəyə daxil olmasını qadağan edib. Bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bəyan edib. "Bizim tələblər yerinə yetirilənə qədər məzuniyyətdə olan Niderland səfirinin Türkiyəyə girişinə qadağa qoyulması qərarı qəbul edilib", - deyə Kurtulmuş bildirib.
Baş nazirin müavini, həmçinin Niderlandla yüksək səviyyəli görüşlərin təxirə salındığını da deyib. Kurtulmuş qeyd edib ki, Türkiyə niderlandlı diplomatların da ölkəyə uçuşlarını qadağan edəcək.
Türkiyənin bəzi siyasiləri isə ilkin olaraq diplomatik cavab tədbirlərinin olacağını bəyan edib. AKP-yə qarşı kampaniya aparan müxalif partiya CHP-nin sədri Kamal Kılıcdaroğluda bu məsələdə hökumətin yanında olduğunu açıqlayıb. Kılıcdaroğlu bildirib ki, hökumət Niderlanda qarşı ciddi cavab addımları atmalıdır: "Bu məsələdə hökumətin yanındayıq".
Onu da əlavə edək ki, hər iki ölkənin ciddi iqtisadi əlaqələri və qarşılıqlı yatırımları var. Bütün bu çıxışlardan sonra iki ölkə arasında olan iqtisadi əlaqələr və bu münasibətlərin zərər görüb görməyəcəyi gündəmə gəlib.
İqtisadçı Vüqar Bayramov deyib ki, Hollandiya-Türkiyə iqtisadi əlaqələrinə nəzər saldıqda şahid oluruq ki, hər iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 6,1 milyard dollardır. Onun sözlərinə görə, bunun 3,2 milyard dolları Türkiyədən Hollandiyaya olan ixracat və 2,9 milyard dolları isə Hollandiyadan Türkiyəyə olan ixracatdır: "Praktik olaraq Türkiyə Hollandiya ilə ticarət münasibətlərində müsbət hal kimi vacib amildir. Hazırda Türkiyədə 2560 Hollandiya şirkəti fəaliyyət göstərir. Aparılan tədqiqatlar göstərir ki, Türkiyədə fəaliyyət göstərən Hollandiya şirkətləri türk ümumi daxili məhsuluna xüsusən də, xarici investisya qoyuluşlarına mühüm töhfə verir. 2002-2016 cı illərdə Hollandiyadan olan şirkətlər Türkiyə iqtisadiyyatına 22 milyard dollara yaxın investisya qotublar. Bunlardan əksəriyyəti Türkiyə iqtisadiyyatının payına düşür. Həmçinin, Türkiyənin Hollandiyada kiçik şirkətləri fəaliyyət göstərir. Hollandiyada fəaliyyət göstərən Türkiyə şirkətlərinin 2002-2016 cı illər arasındakı dövriyyəsi 0,2 milyard dollara çatıb.Eyni zamanda, Türkiyə şirkətləri də Hollandiya da xarici investisya qoyuluşlarında xüsusi yer tutub".
Vüqar Bayramov qeyd edib ki, 2015 ci ildə 1,2 milyon hollandiyalı vətəndaş, turist kimi Türkiyə gəlib: "Türkiyə iqtisadiyyatında turizimin inkişafı baxımından Hollandiya önəmli yerlərdən birini tutur. Hollandiya - Türkiyə arasında baş verən narazılığın iqtisadi müstəviyə keçməsi arzuolunan deyil. Əgər baş verən hadisələr iqtisadi müstəviyə təsir edərsə hər iki ölkənin ixrac və idxal maraqları cəhətdən itirən ölkə olacaq".
Millət vəkili Fazil Mustafa diqqətə çatdırıb ki, öncə Almaniyanın, indi də Hollandiyanın Türkiyəyə qarşı demokratiya fəlsəfəsinə tamamilə zidd olan addımlarına görə xüsusi narahatçılığa əsas vermir: "Əslində bunu Türkiyənin siyasi baxımdan faydasına olan bir siyasətə çevirmək imkanları Türkiyə hökumətinin öz əlindədir. Gizli şəkildə terroru dəstəkləmək siyasətindən açıq formada Türkiyə dövlətinə qarşı düşmənçilik siyasətinə keçid Avropanın bütün kollektiv qurumlarını iflic vəziyyətə salacaq. Artıq Avropa Parlamenti, AŞPA, ATƏT müstəvisində qəbul olunan qərarları demokratik prinsipləri qorumaq adı altında sırımaq xeyli çətinləşəcək. Məsələ referendumla bağlı deyil, heç Ərdoğanla da bağlı deyil, bu düşmənçilik və ədəbsizlik birbaşa Türkiyə dövlətinə qarşı yönəldiyindən, heç şübhəsiz Türkiyə bunun cavabını miqrantlarla bağlı siyasətdə kəskin dəyişikliklərlə verəcəkdir. Unutmaq lazım deyil ki, Avropanın üz tuta biləcəyi tək normal və demokratik müsəlman ölkəsi Türkiyə idi, artıq bu imkanın itirilməsi ən çox özlərinin ziyanına olacaqdır. Burada Türkiyə hakimiyyətinə və ya müxalifətinə simpatiya bəsləməni bir tərəfə buraxıb, qardaş Türkiyə dövlətini, dolayısıyla da Azərbaycanın maraqlarını dəstəkləməmiz daha doğru olardı. Çünki PKK-nı dəstəkləməklə Azərbaycan torpaqlarını işğal etmiş erməniləri dəstəkləmək arasında ciddi bir fərq yoxdur. Və illərdir Avropa ölkələrinin bir çoxu məhz bunu edir".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı diqqətə çatdırıb ki, biz bir partya olaraq Niderlandın Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazə verməməsini və ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın Türkiyənin Rotterdamdakı Konsulluğuna buraxılmayaraq ölkədən çıxarılmasını qınayırıq və bunun heç bir beynəlxalq hüquqa sığmadığını düşünüruk.
Onun sözlərinə görə, bu gün Avropada türkfobiya siyasətini aparmaq birmənalı olaraq pislənilməlidir: " Bu günə qədər özünü demokratiyanın beşiyi sayırdıla, insan hüquqlarının qoruyucusu adlandırdılar. Demokratik, ali dəyərlərin daşıyıcısı, təminatçısı olduğunu söyləyən ölkələrin demokratik prinsiplərə, dəyərlərə barmaqarası baxdıqlarının şahidi oluruq. Guya demokratiyanı müdafiə adı altında insanların sərbəst toplaşmaq azadlıqlarını məhdudlaşdırırlar. Bu, bizi hiddətləndirir. Türklərə qarşı itlərlə çıxırlar. Dinc insanlara qarşı amansız davranırlar. Nədən beynəlxalq insan hüquqları susur?! Niyə Freedom House ve ya Human Rights Watch kimi xarici təşkilatlar Hollandiyada polis vəhşiliyi, insan huquqlarinin tapdalanmasi, irqciliyin və faşizmin baş qaldırması barədə tənqidi bəyanat yaymırlar?! Bəs bu təşkilatlar insan hüquqlarının müdafiəçisi deyildi?! Göründüyü kimi, ortada ikilistandart mövcuddur".
Niyaməddin Orduxanlı hesab edir ki, Türkiyə hökumətinə qarşı olan münasibət, birbaşa Türkiyə - Rusiya münasibətlərinin normallşamasından sonra baş verməsi təsadüfü deyil : "Məncə, bu amil də çox böyük rol oyanayır. Bütün bunları qardaş Türkiyə rəsmiləri nəzərə almalıdır və bu cür təxribatlara emosional və kəskin reaksiyalar verməməlidir. Çünki Avropa ilə münasibətlərin tamamilə korlanması Türkiyənin dövlət maraqlarına cavab vermir. Türkiyənin rəsmiləri daha təmkinli davranmalı, bu cür konfliktlərdən qaçmalıdırlar. İmkan verməməlidirlər ki, Türkiyəyə qarşı böyük bir informasiya savaşı açılsın və Türkiyənin dünyadakı imici tamamilə korlansın. Çünki dünyanın aparıcı KİV-i Qərbin nəzarətindədir və bu baxımdan Qərblə bu qarşıdurma Türkiyənin və müttəfiqlərinin dövlət maraqlarına qətiyyən cavab vermir. Bu baxımdan Türkiyə hökumətinin daha təmkinli davranmasını arzulayardıq. Türkiyəni təxribatlara çəkirlər və Türkiyə bu təxribatlara getməməlidir".

Türkiyənin "Strategic Outlook" analitik mərkəzinin sədr müavini, ekspert Mehmet Fatih Öztarsu deyib ki, Niderland və digər Avropa ölkələri tərəfindən Türkiyəyə qarşı sərgilənən davranışı qəbul etmək mümkün deyil. Onun sözlərinə görə, bu siyasi gərginliyin əlaqələrin pisləşməsinə gətirib çıxaracağı bəllidir: "Biz bu gərginliyə dəstək verən işlərin aparıldığını və açıqlamaların verildiyini müşahidə edirik. Avropa İttifaqı əslində insan haqları və ifadə azadlığının təminatçısıdır. Aİ-nin quruluş fəlsəfəsinə zidd hərəkət edən bəzi ölkələrin liderləri Avropada sağçılığın yüksəlməsinə səbəb olur. Avropa sağçılığının yüksəlməsi ilə nələr olacağı isə yaxın tariximizdə görülə bilər. Bu proseslər keçib gedəcək, amma beyinlərdə qalacaq. Buna görə daha soyuqqanlı davranaraq hərəkət etmək lazımdır". Ekspert əlavə edib ki, Türkiyə Avropa İttifaqına üzvlüyə dair prosesə ciddi yanaşdığını hər zaman sübut edib: "Bunun üçün Aİ məsələləri üzrə nazirlik də yaradılıb. Ona görə də Ankara bu cür davranışlarla Aİ ilə əlaqələrini pozmayacaq".
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin sədri, diaspora üzrə ekspert Toğrul Allahverdili vurğulayıb ki, Türkiyə xarici işlər nazirinin Hollandiyaya buraxılmaması və digər nazirə qarşı Hollandiya polisi tərəfindən siyasi tərbiyəsizlik edərək nəzarətə alınması və ölkədən deportasiya edilməsi, Avropanın şüar etdiyi söz və hərəkət azadlığına zidd olaraq türk jurnalistlərə təzyiq edilməsi demokratik dəyərlərin ayaqlar altına atılması deməkdir. Onun sözlərinə görə, Türkiyə XİN rəhbəri Çavuşoğlu heç bir ölkənin daxili işinə qarışmırdı beynəlxalq hüquq norması çərçivəsində qanuni şəkildə Hollandiyada yaşayan Türkiyə vətəndaşları ilə görüşmək istəyirdi: "Avropa bilməlidir ki, Türkiyədə keçiriləcək ümumxalq səsverməsində xaricdə yaşayan, işləyən və təhsil alan bütün Türkiyə vətəndaşları iştirak edəcək o cümlədən Hollandiyada yaşayan Türkiyə vətəndaşları da Türkiyənin Hollandiyadakı səfirliyində təşkil ediləcək seçki məntəqəsində səs vermə hüququna malik olacaqlar. Bir daha qeyd edim ki , PKK terror təşkilatı Hollandiyada və Avropanın bir çox yerində aksiyalar və mintinqlər keçirir, terroru təbliğ etdiyi halda Hollandiya buna göz yumduğu halda Türkiyənin xarici işlər nazirinin Türkiyə vətəndaşları ilə görüşünə icazə verilməməsi demokratiyaya zidd bir hərəkətdir. Zənnimcə Avropa Türkiyəyə və Ərdoğana qarşı açıq-aşkar düşmənçilik edir".

Əli