“Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanda ənənəvi tədbirdir” Siyasət

“Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanda ənənəvi tədbirdir”

Rasim Musabəyov: "Mədəniyyətlərarası gərginlik artarsa bu, bizim üçün də təhlükələr vəd edər"

Zaur Məmmədov: "Bakının dostluq, qardaşlıq və dialoq arenasına çevrilməsi olduqca mühümdür"

Qabil Hüseynli: "Müzakirə edilən mədəniyyətlər arasındakı məsələlər çox böyük əhəmiyyətə malikdir"

Mayın 4-6-da YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və İSESKO-nun tərəfdaşlığı ilə Bakıda "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.
Deputat Rasim Musabəyov bildirib ki,"Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanda ənənəvi tədbirdir, ölkəmiz mədəniyyətlərarası dialoqa aktiv şəkildə ev sahibliyi edir. O qeyd edib ki, bu tədbirə nüfuzlu siyasətçilər, tədqiqatçılar, ziyalılar toplaşır və dünya üçün çox aktual problem müzakirə edilir. Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, dünyada təlatümlü dövrdür, sivilizasiyalar arasında gərginlik artır, çarpışma baş verir. Azərbaycan da dünya sivilizasiyalarının kəsişməsində yerləşir: "Şimalda xristian dövləti, cənubda isə müsəlman dövləti yerləşir. Mədəniyyətlərarası gərginlik artarsa bu, bizim üçün də təhlükələr vəd edər. Azərbaycan belə dialoqun keçirilməsində və problemin dinc yolla həllində maraqlıdır. Yəni ölkəmiz həm daxili sabitliyi saxlamaq, həm də ətrafımızda əlverişli mühit yaratmaq üçün bu tədbirə ev sahibliyi etməkdə maraqlıdır".
Millət vəkili Tahir Kərimlinin sözlərinə görə, təkcə ölkəmizdəki ictimai-siyasi qüvvələr deyil, xaricdə də etiraf edirlər ki, Azərbaycan son dövrlər mədəniyyət mərkəzinə çevrilməkdədir. O bildirib ki, burada mədəni, idman, hətta siyasi tədbirlər də keçirilir: "Həmçinin ölkəmizdə böyük ictimai forumlar keçirilir. Rusiya kimi böyük bir dövlət Azərbaycanla birlikdə "Bakı Forumu" adlı tədbir keçirir. Yaxud dünyanın iki böyük nüvə dövlətinin qərargah rəisləri Bakıda görüşür. Bu o deməkdir ki, Bakı mədəni və digər tədbirlərin keçirilməsində mərkəzə çevrilib. Bu hər şeydən əvvəl Azərbaycandakı sabitliyin etirafıdır, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə olan güvəndir, etibarlılıqdır". Millət vəkili qeyd edib ki, Azərbaycan islam ölkəsi olmasına baxmayaraq, dünyada islamofobiyanın hökm sürdüyü bir vaxtda ölkəmizə bu ləkəni yaxa bilmirlər: "Bu dəqiqə ermənilər bunun üçün nə qədər canfəşanlıq etsələr də dünya Azərbaycanı mədəni mərkəz kimi qəbul etməkdədir. Bura ən yüksək səviyyədə fəaliyyətdə olan və olmayan keçmiş dövlət və hökumət başçıları, böyük Nobel mükafatı laureatları məmnuniyyətlə gəlirlər. Bu təkcə Azərbaycanın coğrafiyası ilə bağlı deyil, yəni ki, Azərbaycan Şərqlə Qərbin arasında, xristian və müsəlman dünyası arasında sanki bir keçid məntəqədir". Onun sözlərinə görə, Bakının və rayonların mədəni, dini tolerantlığına nümunə olması Azərbaycan xalqının mahiyyəti kimi qəbul edilir: "Bu Avropada bir növ minnətlidir, yəni onlar islama dözmürlər, dözəndə də minnətli şəkildə həyata keçirilir ki, biz sizin islama dözürük, biz "mədəni xalqıq". Amma bu proses Azərbaycanda təbliğatla deyil. Bu artıq həm dövlət siyasətidir, həm də xalqın özünün əsrlər boyu yaşantısıdır ki, burada daim müxtəlif xalqlar, dinlər yaşayıblar. Ona görə də Azərbaycanı dünya mədəniyyətinin paytaxtlarından biri kim qəbul edirlər. Burdan dünyaya mesajlar verirlər. Roma papasından tutmuş ən kiçik qeyri-hökumət təşkilatlarının üzvlərinə kimi hamısı Bakını məmnuniyyətlə xatırlayır və Azərbaycanın dünyada bugünkü imici bu cəhətdən çox yüksəkdir".
T. Kərimli bildirib ki, bu fəxr ediləsi bir haldır: "On milyonluq əhalisi olan müsəlman dövləti sayılan Azərbaycan xarici təcavüzə məruz qaldığı, problemlər içərisində olduğu bir halda özünü mədəni mayaq kimi dünyada tanıdır və hamı qəbul edir".
Politoloq Zaur Məmmədov "biz istəyirik ki, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir-biri ilə sıx təmasda olsunlar, bütün problemləri açıq şəkildə müzakirə etsinlər, öz fikirlərini bildirsinlər. Bakı, Azərbaycan belə mötəbər tədbirlərin keçirilməsi üçün artıq ənənəvi bir məkana çevrilib. Bütün dövrlərdə Azərbaycanda xalqlar bir ailə kimi yaşamışlar, onları həmişə dostluq münasibətləri bağlayıb. Bu, cənab Prezident İlham Əliyevin sözləridir",- deyə bildirib.
Politoloq qeyd edib ki, ölkə başçısının multikulturalizmin, tolerantlığın milli sərvətimiz olması deməsi, ölkəmizin bu kimi məsələlərə yanaşmasının nə dərəcədə humanist olmasını nümayiş etdirir: "Son illərdə dünya xalqları arasında dialoqun müzakirəsi və inkişafında Azərbaycan mühüm rol oynayır. Sivilizasiyaların kəsişməsində yer alan Bakının bugünkü beynəlxalq təhdidlər zamanı dostluq, qardaşlıq və dialoq arenasına çevrilməsi olduqca mühümdür. XXI əsrə qədər əgər mədəniyyətlər və dinlər arası məsələlər o qədər də aktual deyildilərsə, indi qloballaşan dünyada kifayət qədər vacib məsələlərdirlər. Hesab edirəm ki, bu gün dünyada millətlərarası, dinlərarası, mədəniyyətlərarası dialoqu dəstəkləyən liderlər olduqca azdır. Belə liderlər arasında ilk sıralarda İlham Əliyevin olması məndə bir azərbaycanlı kimi fəxr hissi oyadır. Eyni zamanda vitse-prezident Mehriban xanım Əliyevanın Yunesko səviyyəsində həyata keçirdiyi tədbirlərdən tutmuş digər tədbirlərədək hər kürsüdə mədəniyyətlərarası dialoqa verdiyi töhfə humanizmə, sülhə verilən qiymətin mühüm göstəricisidir".
Politoloq Qabil Hüseynlinin fikrincə, Azərbaycan uzun zamandır ki, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da belə tədbirlərdən biridir". O əlavə edib ki, Azərbaycanda bununla yanaşı, Sivilizasiyalararası Dialoq Forumu da keçirilir: "Bunlar hamısı ümumi halda Bakı prosesi adlanır. Artıq dünyada Bakı prosesi deyilən bir anlayış formalaşıbdır. Bu da o deməkdir ki, Azərbaycan mədəniyyət və sivilizasiyalararası münasibətlərə dair mühüm tədbirlərin keçirildiyi bir mərkəzə çevrilibdir". Politoloq hesab edir ki, müzakirə edilən mədəniyyətlər arasındakı məsələlər çox böyük əhəmiyyətə malikdir: "Çünki mədəniyyətlərarası dialoq xalqların bir-birini başa düşməsində, onlar arasında normal və mehriban münasibətlərin yaranmasında böyük rol oynayır. Bakıda bu forumda iştirak etmək üçün dünyanın əksər ölkələrindən mədəniyyət xadimləri yığışacaqdır. Və onlar dünyanın mədəniyyətə dair aktual problemlərini müzakirə edəcəklər. Həmçinin Azərbaycanda mədəniyyət məsələlərinin necə qoyulması prosesini də öyrənirlər. Bu Azərbaycan üçün çox tarixi bir andır və ölkənin təbliği baxımından böyük əhəmiyyətə malikdir".
Millət vəkili Hikmət Babaoğlu deyib ki, hər şeydən öncə Bakıda keçirilən ümumdünya mədəniyyətlərarası dialoq forumu Azərbaycan Prezidentinin qlobal təşəbbüsü və qlobal çağırışlara münasibəti kimi qiymətləndirilməlidir: "Nəzərə alsaq ki, bu forumun tərəfdaşları UNESCO, İSESCO, Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlardır, o zaman biz bu forumun nə qədər əhəmiyyətli və nufuzlu bir tədbir olduğu haqqında daha düzgün qənaətə gəlmiş olarıq". Onun sözlərinə görə, Forum 4 cü dəfədir ki təşkil olunur və burada mədəniyyətlər və sivilizasiyalararası gərginliklərinaradan qaldırılması, davaml inkişaf və inklüziv cəmiyyət məsələlərinin müsbət dinamika üzrə inkişafını təmin etmək və başqa bu kimi ali məqsədlərin həll olunması üçün coxsaylı fikirlər səsləndirilir, ideyalar irəli sürülür: "Bütün bunlar əslində beynəlxalq münasibətlər sisteminin yeni və daha hümanist gələcəyinin inşa edilməsinə xidmət göstərən mədəni seqmentlər rolunu oynayır. Forumda eyni zamanda Qərb və Yaxın Şərq regionlarındakı mövcud vəziyyətin təhlili ilə yanaşı, Asiya-Sakit okean regionunda da müxtəlif sahələr üzrə yaranmış problemlərin həlli üçün innovativ əməkdaşlıq mexanizmlərinin yaradılması, əldə edilmiş mütərəqqi təcrübənin tətbiqi və paylaşılması kimi məsələlər də müzakirəyə çıxarılacaq. Bütün bunlar bir daha ölkəmizin dialoq məkanı kimi qlobal çağırışlara verdiyi töhfə olmaqla bərabər həm də ən aktual qlobal problemlərin müzakirə olunduğu siyasi dialoq mərkəzinə çevrildiyindən xəbər verir. Şübhəsiz ki, bu Azərbaycan Prezidenti, cənab İlham Əliyevin siyasi strategiyasının mühüm mədəni kimponentlərindən biri kimi səciyyələndirilməlidir".