“Bu səfər bir çox sahələrdə əlaqələrin dərinləşməsinə kömək edə bilər” Siyasət

“Bu səfər bir çox sahələrdə əlaqələrin dərinləşməsinə kömək edə bilər”

“İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri tarixi bir əhəmiyyət daşıyır. O baxımdan ki, son 3 ildə Azərbaycanla İran arasında münasibətlərdə bir gərginlik var”.

Bunu Xalqcebhesi.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

Politoloq əlavə edib ki, bu da İranın həm Ermənistanla münasibətlərində, Cənubi Qafqazda baş verən proseslərdə qeyri-adekvat addım atması, həm də İranın Azərbaycana qarşı bir sıra təxribat dolu hərəkətlərindən də qaynaqlanır: “Belə ki, Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu, eyni zamanda, İran maşınlarının Azərbaycanın icazəsi olmadan Qarabağ bölgəsində separatçılara müəyyən bir vəsaitin daşınmasını həyata keçirmək və s. Yəni bu cür hallar, təxribatlar mütəmadi olub. Ona görə də münasibətlərdə bir soyuma, gərginləşmə var. Düşünürəm ki, Pezeşkianın bu səfəri münasibətlərin normallaşmasına, iqtisadi əlaqələrin qurulmasına, tərəflər arasında siyasi-iqtisadi, mədəni sahədə əlaqələrin dərinləşməsinə kömək edə bilər. Amma hər halda Pezeşkiandan başqa orada digər qrupların da fəaliyyəti var. İran hökuməti daxilində sırf Prezidentin verəcəyi qərarlar da çox deyil”.

S.Hümbətovun sözlərinə görə, İranda dini, teokratik rejim olduğu üçün dini rəhbərin qərarları da çox önəm daşıyır: “Ona görə düşünürəm ki, Pezeşkianın səfəri önəmlidir, lakin bəzi məqamlarda dini rəhbərdən asılıdırlar. Yəni müəyyən qədər münasibətləri düzəltməyə xidmət edəcək, amma bütün buzlar əriyəcək və tərəflər arasında mehriban, normal münasibət olacaq bunu demək bir az çətin məsələdir. Ancaq hər halda müəyyən bir əlaqənin qurulmasına və dərinləşdirilməsinə kömək edə bilər”.

Röya İsrafilova