"Rusiyadakı siyasi dairələr Bakıda “Rus evi”nin yenidən fəaliyyətə başlamasını istəyir" Siyasət

"Rusiyadakı siyasi dairələr Bakıda “Rus evi”nin yenidən fəaliyyətə başlamasını istəyir"

"Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyanın ekspertizası müəyyənləşdirib ki, fevralın 20-də Azərbaycanın media resurslarına kiberhücumu Rusiya ilə əlaqəli olan qruplar təşkil edib. Komissiyanın sədri Ramid Namazovun sözlərinə görə, Azərbaycana qarşı kiberəməliyyatları həyata keçirən mütəşəkkil dəstə olub. Başqa ölkələrə qarşı kiberəməliyyatları həyata keçirən mütəşəkkil dəstənin Kremlin nəzarətindən kənar fəaliyyət göstərməsi mümkün deyil".

Xalqcebhesi.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Milli Məclisin ekspert rəyi Rusiyanın Azərbaycana olan münasibətinin təzahürüdür:

"Görüşlər, səfərlər, fikir mübadilələri zaman səslənən xoş sözlər aysberqin görünən tərəfidir. Bir dövlət adətən düşmən saydığı və ya hədəf seçdiyi dövlətə qarşı kiberhücumlar həyata keçirir. Milli Məclis Rusiyadan idarə olunan kiberhücumun motivini də səsləndirib. Kiberhücum Bakıda “Rus evi”nin və “Sputnik Azərbaycan” agentliyinin bağlanmasına cavab olaraq həyata keçirilib. Hazırda Rusiyadakı siyasi dairələr Bakıda “Rus evi”nin yenidən fəaliyyətə başlamasını istəyir və bu yöndə açıqlamalar verirlər. Bu açıqlamalar ölkəmizə qarşı şantajın “mədəni” formasıdır, bununla demək istəyirlər ki, Bakıda “Rus evi”nin fəaliyyəti bərpa olunmasa Rusiya ərazisindən Azərbaycana qarşı növbəti kiberhücumlar həyata keçiriləcək".