“Siz əsgərlərinizin qəhrəmanlığı ilə fəxr etməlisiniz” Siyasət

“Siz əsgərlərinizin qəhrəmanlığı ilə fəxr etməlisiniz”

Polşa səfiri: "Siyasi şantaj və müasir imperializm təfəkkürünün mövcud olduğu zamanda bu kimi münaqişələrdən çıxış yolu tapmaq çox çətindir"


Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marek Tsalkanın APA-ya müsahibəsi ixtisarla təqdim edirik.

- Azərbaycan və Polşa bu il diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd edir. Bu müddət ərzində əldə olunanlardan razısınızmı? İkitərəfli əməkdaşlıqda prioritet istiqamətlər neçə dəyişib?
- Azərbaycan prezidenti İlham Əliyevin Polşaya səfəri münasibətlərimizin 25 illiyini vurğulamaq üçün yaxşı imkan verdi. Lakin ilk növbədə bu səfər tez dəyişən dünyada yeni məqsədləri müəyyənləşdirmək üçün fürsət yaratdı. Gələcəkdən danışarkən biz bilərəkdən mərhum prezident Lex Kaçinskinin nailiyyətlərini xüsusilə vurğulayırıq. Əməkdaşlığımızın o zaman müəyyənləşən əsas elementləri indiyədək aktual olaraq qalır. Qeyd etmək lazımdır ki, münasibətlərin gələcəyi iqtisadiyyatdır, hər iki ölkənin coğrafi mövqeyindən və digər imkanlarından istifadə etməkdir. Bu yanaşma İlham Əliyevin Varşavaya səfərində öz təsdiqini tapdı, çünki iqtisadi əməkdaşlıq danışıqların əsas mövzusu oldu. 2016-cı ildə bizdə Ümumi Daxili Məhsulun həcmi 467 milyard dollar olub. Bizim iqtisadiyyatımız çox rəngarəngdir. İxracata görə Polşa Avropada 5-ci, dünyada isə 21-ci yerdədir. Biz NATO, Avropa İttifaqı və digər Avropa təşkilatlarının üzvüyük. 2018-ci ildən etibarən bizim ölkəmiz BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü olacaq.
- İki prezident arasında Strateji Tərəfdaşlıq və İqtisadi Əməkdaşlığa dair Yol Xəritəsi haqqında Birgə Bəyannamə imzalanıb. Bundan əlavə, nümayəndə heyətləri arasında müdafiə, energetika, nəqliyyat və nəqliyyat infrastrukturu, dəmir yolları sahələrində strateji əməkdaşlıq haqqında anlaşma memorandumlarına imza atılıb. İmzalanan sənədlərin, xüsusilə birincinin mahiyyəti nədən ibarətdir və hər iki tərəfə nə vəd edir ?
- İki prezident arasında Strateji Tərəfdaşlıq və İqtisadi Əməkdaşlığa dair Yol Xəritəsi haqqında Birgə Bəyannamənin imzalanması ilk növbədə iqtisadi əlaqələrin dinamikasının artımına aiddir, çünki prezident Anjey Dudanın qeyd etdiyi kimi, 100 milyon dollarlıq ticarət dövriyyəsi hər iki ölkənin iqtisadi potensialını əks etdirmir. Əlaqələrimizi strateji əməkdaşlıq səviyyəsinə çatdırmaq üçün qarşılıqlı ticarət dövriyyəmiz dəfələrlə çox olmalıdır. İmzalanan digər sənədlər yol xəritəsinin əlavə hissələrini təşkil edir, çünki iqtisadi əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir. Azərbaycan Cənubi Qafqaz regionunda Polşa üçün vacib tərəfdaşdır.
Bu region çox maraqlıdır və Polşa burada təkcə iqtisadiyyat nöqteyi-nəzərindən yox, həmçinin insanlararası münasibətlər kontekstində daha fəal olmaq istəyir. Bu sözlərin təsdiqi kimi, prezident Anjey Dudanın may ayında Gürcüstana səfərini, prezident İlham Əliyevin isə iyun ayında Polşaya səfərini göstərmək olar. Azərbaycana bu cür münasibət həm də onun nəticəsidir ki, biz ölkənizin iqtisadi siyasətində baş verən dəyişiklikləri və onun müasirləşmə cəhdini, islahatlar aparmasını, Şərq və Qərbi birləşdirmək səylərini görürük. Dinamik inkişaf edən iqtisadiyyata malik bir ölkə kimi Polşa üçün bu, vacib siqnaldır və biz onu qarşılıqlı mənfəət naminə istifadə etmək istəyirik. Prezident İlham Əliyev dəfələrlə ölkəsinin qeyri-neft sektorunun inkişafına çalışdığını bildirib. Burada mən əməkdaşlığımız üçün imkan görürəm. Nəqliyyat, logistika, gəmiqayırma sənayesi, nəqliyyat vasitələri və informasiya kommunikasiyaları sahələrində Polşa Azərbaycanın aparıcı tərəfdaşlarından biri ola bilər.
- Cənab səfir, müasir Polşa necə görünür? Ölkəniz Azərbaycanın strateji tərəfdaşı ola bilərmi?
- Qeyd etmək lazımdır ki, Azərbaycana Polşa haqqında çatan məlumatlar heç də həmişə obyektiv olmur. Bu, həm Polşanın daxili, həm də xarici siyasətinə aiddir. Azərbaycanlıların Polşaya simpatiyası var. Biz hər gün bunun şahidi oluruq. Ölkəmizə və tariximizə maraq göstərən azərbaycanlılara minnətdarıq. XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda Polşa əsilli bir çox memar, mühəndis, həkim, müəllim çalışıb. Polşalıların əksəriyyəti neft sektorunda çalışıb, lakin bu, məsələnin tarixi tərəfidir. Qeyd etdiyim kimi, Polşa Avropada qüdrətinə görə 5-ci iqtisadiyyatdır. İqtisadi göstəricilərə əsasən 20 il əvvəlki Polşa ilə müasir Polşa arasında böyük fərq var. Hazırda bizim əksər qonşularımız Polşanı təkcə regional lider kimi yox, həmçinin ümumi rifah və təhlükəsizliyin inkişafında maraqlı olan, Avropanın mənəvi bünövrəsini təşkil edən ənənəvi dəyərləri aşılayan tərəfdaşlardan biri kimi görür. Polşa Ukrayna, Belarus və digər MDB ölkələri üçün cəlbedici ölkəyə çevrilərək Avropanın bu hissəsində həm iqtisadi, həm də mədəni alternativə çevrilir. Polşa təhlükəsiz məkan olduğundan qərbi Avropadan olan turistlər ölkəmizin istirahət məkanlarına üz tutur. Bu, statistikada da öz əksini tapıb. 2016-cı ildə ticarət dövriyyəsinin müsbət saldosu şəraitində Polşanın ixracatı 360 milyard avro təşkil edib. 2015-ci ilin sonuna Polşa iqtisadiyyatına birbaşa sərmayələrin həcmi 159 milyard avro, Polşanın xarici ölkələrə yatırdığı sərmayələr isə təxminən 1 milyard avro olub. Ölkədə işsizlik 7,8 faiz, inflyasiya 1,8 faiz təşkil edir. Son illər ərzində biz daimi iqtisadi artımın şahidiyik. 2017-ci ildə bu artım 3,5 faiz səviyyəsində gözlənilir. Polşa müasir texnologiyalara sərmayə qoyan ölkədir. Biz elektron bank xidmətləri sahəsində çox sabit və innovativ sistemə sahibik, Polşanın İT şirkətləri Avropada tanınmış brendlərdir, son zamanlar isə tibb, elektron ticarət, robot texnikası, proqram təminatı üzrə polyak startaplarına tələbat çox artıb.
- Polşa bəyan edib ki, "Şərq tərəfdaşlığı", istər Avropa İttifaqı, istərsə də "Vışeqrad dördlüyü" üçün prioritetdir. "Prioritet" sözü Aİ və "Vışeqrad dördlüyü" tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair əlavə addımların atılması anlamına da gəlirmi? Rəsmi Varşavanın münaqişə ilə bağlı mövqeyi necədir?
- "Şərq tərəfdaşlığı" şərqdəki qonşulara dair aparılan Aİ-nin ən kompleks siyasəti olaraq qalır. Bu, münasibətlərin inkişafına dair bütün üzv ölkələr tərəfindən qəbul edilən bir əsasdır. Bu, o deməkdir ki, Aİ Avropa yönümlü islahatlar həyata keçirmək və Aİ ilə sıx əməkdaşlıq qurmaq istəyən qonşuluq ölkələri ilə açıq siyasət aparmalıdır. Həmin ölkələrin Avropaya meyli tanınmalı və onların Aİ-yə inteqrasiyası qəbul edilməlidir. Söhbət dərhal quruma üzv seçilməkdən getmir. Polşa "Şərq tərəfdaşlığı"nın inkişafında maraqlıdır. Riqadakı sammitin bəyannaməsində "Şərq tərəfdaşlığı" çərçivəsində 4 əsas əməkdaşlıq istiqaməti müəyyən edilib: dövlət müəssisələrinin möhkəmləndirilməsi və müvafiq idarəetmə; mobillik və insanlararası əlaqələr; bazar iqtisadiyyatı imkanlarından istifadə; "connectivity" adlandırılan infrastruktur əlaqələrinin genişləndirilməsi. Bunlar aktualdır və sistematik reallaşdırma tələb edir. "Şərq tərəfdaşlığı" siyasəti həm tərəfdaşlıq ölkələri, həm də üzv dövlətlərin vətəndaşlarına xidmət etməlidir. Ölkəmizin məqsədi 3 bir-birini tamamlayan elementlər üzərində diqqəti cəmləşdirməkdir. İlk növbədə bu, müstəqil dövlət qurumlarının yaradılmasında göstərilən yardım olacaq. Bu qurumlar insanlara xidmət edəcək, Aİ ilə əlaqələrin dərinləşməsinə yönələcək, eləcə də "Şərq tərəfdaşlığı" ölkələri tərəfindən proqramın inkişafı üçün üzərilərinə böyük məsuliyyətin götürülməsi mənasına gələcək.


Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına gəldikdə, bildiyiniz kimi, 2 Minsk qrupu var. Hər ikisi çox kəskin münaqişələrin nizamlanması ilə məşğul olur. Hər iki halda heç bir konstruktiv nəticə əldə olunmayıb. Bununla belə, daha yaxşı sxemi heç kəs icad etməyib. Bu münaqişələrdə iki qurban ölkə var: Azərbaycan və Ukrayna. Maraqlıdır ki, məhz bu zərərçəkmiş ölkələr ölçülü-biçili davranır. Ötən ilin aprelində ölkənizdə münaqişə yenidən alovlandı. Prezident İlham Əliyevin Nyu-Yorkdan qayıtdıqdan sonra bunun qarşısını almağa müvəffəq olması heç də təsadüfi deyil. Bu, öz xalqının taleyi naminə atılan məsuliyyətli addım idi. Siz əsgərlərinizin qəhrəmanlığı ilə fəxr etməlisiniz, onlar qarşılarına qoyulan tapşırığın öhdəsindən gələ bilib. Bu münaqişədə hər iki tərəfin qurbanlarının xatirəsi yad edilməlidir. Siyasi şantaj və müasir imperializm təfəkkürünün mövcud olduğu zamanda bu kimi münaqişələrdən çıxış yolu tapmaq çox çətindir. Bu təfəkkür keçmişdə qalsa, münaqişələri həll etmək çox asan olar. Polşa istər tək, istərsə də "Vışeqrad dördlüyü" ölkələri ilə birlikdə bu iki münaqişəyə aid beynəlxalq sülh prosesinə təsir göstərməyə çalışacaq. Biz dinc əməkdaşlıq prinsipinə, BMTnizamnaməsi və mövcud legitim sərhədlər çərçivəsində bütün problemlərin sülh yolu ilə həllinə sadiqik. Bu, birbaşa Dağlıq Qarabağ problemi və işğal olunmuş ətraf ərazilərə aiddir. Bizim ölkəmiz çoxlu dramatik hadisələr yaşayıb və biz bunu digərlərinə arzulamaq istəmirik. Biz Azərbaycanı çox gözəl başa düşürük və istəyirik ki, ölkəniz ərazi bütövlüyünü sülh yolu ilə bərpa etsin. Minsk qrupunun üzvü olmadığımız üçün bu prosesə birbaşa təsir göstərə bilmirik. Lakin 2018-ci ildən bizim ölkə BMT TŞ-nin qeyri-daimi üzvü kimi fəaliyyətə başlayacaq və ərazi bütövlüyü məsələsi bizim üçün ən böyük çağırış və eyni zamanda, ən böyük öhdəlik olacaq. "Soyuq müharibə" və Yeni Dünyanın müəyyənləşmədiyi dövrdə Azərbaycan BMT tərəfindən sərhədləri tanınan, lakin hərbi yolla ərazi bütövlüyü pozulan ilk ölkə idi. Biz dərhal BMT qətnamələrinə qoşulduq və indi də ölkənizin mövqeyini dəstəkləyirik.

- Siz artıq 2 ildir Azərbaycandasınız. Azərbaycanlıları, ölkəni fərqləndirən cəhətlərini sadalaya bilərsinizmi?
- Mən ilk dəfə Azərbaycana 1994-cü ildə gəldim. Burada TRASECA-nın konfransı təşkil olunmuşdu. Biz, necə deyərlər, Azərbaycanı yerindəcə öyrənməyə çalışırdıq. Burada nə səfirliyimiz, nə də konsulluq şöbəmiz var idi.
Hava limanında məni qarşılayan olmadı. Aydın məsələdir, zaman başqa idi. Mən içərisində 2 nəfərin olduğu taksiyə əyləşdim. Soruşdum ki, niyə taksiyə 2 nəfər əyləşir, cavab aldım ki, müharibə baş verib, tək avtomobil idarə etmək təhlükəlidir. Mən özümü narahat hiss etdim. O vaxt Xarici İşlər Nazirliyi hazırda Konstitusiya Məhkəməsinin yerləşdiyi yerdə idi. Ertəsi gün Polşadan nümayəndə gəldiyini anlayan kimi, məni qarşıladılar. Bu, mənim Azərbaycanla ilk görüşüm idi. Xatırlayıram şəhərin o vaxtkı görkəmini... Bu gün tam başqa mənzərənin şahidiyik. Şəhər tikilib, başa çatır. Yeganə dəyişməyən bir şey isə polyaklara olan müsbət münasibətdir. İstər o zaman, istərsə də indi səfir olduğumu demədən insanlarla danışanda, onlar polyaklar və Polşa haqqında xoş sözlər deyir. Bir sözlə, burada olarkən mən qeyri-dost münasibətlə heç rastlaşmadım. Tam əksinə. Fikrimcə, ölkə haqqında yaxşı obraz məhz budur. Lakin bu obraz həm də müasir olmalıdır - təkcə tarixi nöqteyi-nəzərdən deyil, həm də hazırkı Polşanın obrazı baxımından.