

“Donald Trampın ikinci prezidentlik dövründə ABŞ ilə Azərbaycan arasında münasibətlər yeni strateji inkişaf mərhələsinə qədəm qoyub. Münasibətlərin inkişafı Tramp tərəfindən cənab Prezident İlham Əliyevə göndərilən məktublarda da öz əksini tapmaqdadır. Belə ki, Tramp hakimiyyətə gəldikdən sonra bir neçə dəfə İlham Əliyevə məktub göndərib. Bunlardan 2025-ci ilin əvvəlində tədbir zamanı ardıcıl göndərilən 2 məktub, Novruz bayramı münasibətilə göndərilən təbrik məktubu, həmçinin 28 May Müstəqillik Günümüz münasibətilə göndərilən təbrik məktubunu qeyd etmək olar. Ardıcıl göndərilən bu məktubların hər birində ikitərəfli münasibətlərin, xüsusilə təhlükəsizlik, enerji və iqtisadi əməkdaşlıq sahələrində inkişaf etdirilməsinə xüsusi vurğu edilməsi qeyd oluna bilər”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə söyləyib.
Ş.Cəlilzadə qeyd edib ki, bu məktublarda, Ermənistan ilə Azərbaycan arasındakı sülh prosesində, ümumiyyətlə Cənubi Qafqazda regional təhlükəsizliyin təmin olunmasında Azərbaycanın öncül roluna vurğu edilməkdədir: “ABŞ Azərbaycanı regionda aparıcı qüvvə olaraq görür. Bütün bunların fonunda regional sülh və təhlükəsizliyin təmin olunması inisiativini üstlənməsi vəzifəsi məhz Azərbaycanın üzərinə qoyulur. Həmçinin, ABŞ-nin müxtəlif beyin mərkəzlərində fikirlər səsləndirilir ki, Azərbaycan ABŞ-nin Mərkəzi Asiya ilə əlaqələrinin inkişafında bağlayıcı güc olaraq mühüm rol oynaya bilər və bu çərçivədə yeni dövrdə Azərbaycanla əməkdaşlıq xüsusilə dərinləşdirilməkdədir. Bütün bunlar yeni ABŞ administrasiyasının Cənubi Qafqaz regionuna və Mərkəzi Asiya ilə əməkdaşlıq prioritetlərinə yeni baxış sərgiləməsi fonunda dəyərləndirilə bilər”.
Onun sözlərinə görə, Azərbaycan, İsrail və ABŞ arasında üçtərəfli əməkdaşlıq formatının yaradılması da ABŞ-da ölkəmizlə bağlı Bayden dövründə olduğundan fərqli, yeni yanaşmanın ortaya çıxmasına təsiredici amil olaraq vurğulana bilər: “Nəticə olaraq, Trampın yeni hakimiyyəti dövründə Azərbaycan ABŞ münasibətləri yeni vüsət alacaq və bu, xüsusilə Cənubi Qafqaz regionunda Azərbaycanın mövqeyinin daha da güclənməsi və qlobal müstəvidə ABŞ-nin Mərkəzi Asiyaya, eyni zamanda, Cənubi Qafqaz regionuna münasibətində ölkəmizə yeni rollar verməsilə müşayiət olunacaq”.
Röya İsrafilova